Qadin.NET / Labirint (2)

Labirint (2)

Labirint (2)

80-lərdə doqulub ,90-larda böyüməyin bir ayrı ləzzəti vardı. Səhifədə bu şəkli görüncə qanadlanıb o illərə uçdum. Axşamüstüləri səbrsizliklə gözləyərdim. Qonşumuz Sima xala vardı, bir küçə aralı yaşayırdı, amma onun semeçkasının ətri bizim həyətimizə gəlirdi. O ətir gəldimi küçəyə çıxıb oynama vaxtı gəlmişdi demək. Qonşu arvadlar yığılıb, öz düzəltdikləri taxta taburetkalarda oturub qeybətləşə-qeybətləşə semiçka çırtdayarlardı. İnnab xalanın məzəli söhbətləri bitib-tükənmək bilməzdi. Bəzən elə qızışardı ki," ağzı göyçək" olduqundan balacaları "məclisdən" uzaqlaşdırardı. Qonşu arvadların gülüş səsindən oyunumuzun şirin yerində onlara baxıb səbəbini bilmədiyiz bir söhbətə biz də gülərdik .smile duyğusu Elə ki, saat 9 oldu, küçədə inni-cinni qalmazdı. Hamı o vaxt "ostankino" telekanalında yayımlanan "Qvadelupa" teleserialına baxmağa gedərdi. Mənimçün əzablı dəqiqələr başlardı. Çünkü İnnab xala rusca bilmədiyi üçün nənəmdən icazə alıb, məni tərcüməci kimi evlərinə aparardı. Bu işi heç sevmədiyimi bildiyi üçün yazıq qadın evdə nəki yeməli şirniyyatlar var, düzərdi stolun üstünə. Özü də göy gözlərini tv-yə zilləyib məndən kəlbətin gücünə alırdı tərcümələri. Bəzən romantik səhnələr olurdu, utandığımdan susurdum. Qadın əl çəkmirdi. Öz Ağsulu ləhcəsiylə: "Kubuş, saallaa nə deyireee" Mən də hirsli-hirli: "Ay, İnnab xala, görmürsən nə deyir? Deyir, səni sev...." Həə, sən mən canım elə deyir?" Demək olar hər gün eyni sözlər təkrarlansa da, arvad hər dəfə də soruşurdu.
Filmdən sonra yenə hamı küçəyə çıxar, söhbətlər filmin müzakirəsilə başlar, cəbhə bolgəsindəki xəbərlərlə davam edər, ərlərinin evə gəlməsilə yığışardı.
Amma siz elə bilməyin ki, qonşu xalalar yalnız qeybət edib, teleseriallar izləyirdilər. Atam ədəbiyyatcı olduqu üçün zəngin kitabxanamız vardı evdə. Orda o kitab yox idi ki, İnnab xala onları oxumasın. Hələ Zemfira xalanı demirəm... Bəzən küçəyə hamıdan tez o çıxdığı üçün kitabı özüylə götürərdi. Digərləri yığılınca bəzən elə olurdu ki, bir kitabı yarı edirdi.
Sonra illər, aylar kecdi... Müharibə şiddətləndi. Küçəmizə gölgə düşdü. Bir vaxt günlərini kücədə söhbətlə, semiçka çırtdamaqla kecən xalalar əsgər anası oldular. Yaralanan yaralandı, şəhid olan şəhid oldu. Əvvəlki şənlik, şaqraqlıq qalmadı. Sima xalanın stəkanla satdıqı tumlar da stəkanda qaldı.

Kubra İ-va

 

29 dekabr 2015
GO BACK