“Sənin saf melanxoliyan
Eşqimin aynasıdır.” Şarl Bodler
Filmin adı: “Gün keçdi”
Ssenari müəllifi: Anar (“Gürcü familiyası” hekayəsi)
Rejissor: Arif Babayev
Janr: Dram, Sevgi
İstehsalçı qurum: “Azərbaycanfilm” Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Ağ-Qara
Vaxt: 83 dəq.
İl: 1971
Film çəkilən yerlər: Bakı
Ən çox bəyəndiyim üç yerli filmdən biridir “Gün keçdi” kinosu: istər ssenarisinin gücləndirdiyi sujet xətti ilə, istərsə də fərqli rejissor işi və köhnə Bakı mənzərələri ilə böyük təsir gücünə malik bir Sovet məhsulu. İki gəncin sevgi bağlarının illər keçməsinə baxmayaraq hələ də öz möhkəmliyini qoruması və keçmişin gələcəyə nisbiliyinin qadın və kişi münasibətləri çərçivəsində harmonik təsviri; fərqli şəhərlərdə olsalar belə eyni xatirələrin iki baş obrazları – Oktay və Əsmər’in həyat yollarının bir daha kəsişməsindən doğan qarışıq hisslər və tamaşaçıya rahatlıq verməyən “fikir dəyişkənlikləri”; mükəmməl musiqi parçaları fonunda keçmişi indiyə, gələcəyi bu günə bağlamağa çalışan iki insanın çarəsiz və nəticəsi olmayan çırpınışları.
Bu qısa yazıdakı məqsəd filmi izləyərkən bəzi məqamlara diqqət çəkməkdir. Filmi izləməmiş oxuyanlar üçün o qədər də maraqlı olmaya bilər.
Memar olan Oktay’ın ilk dəqiqələrdə iş yoldaşları ilə olan söhbəti əsnasında İçərişəhərə olan bağlılığını dönə-dönə vurğulaması və keçmiş-tarixi binaların sökülməsini birmənalı şəkildə rədd etməsi, onun keçmişə (əsasən İçərişəhərdə) dair xatirələrini yaşatmasından irəli gəlir. Fikir dəyişkənliklərinin mövcud şəraitdən asılı olmasını yazının növbəti məqamlarında görəcəyik.
Keçmişin insan üçün hər mənada müəyyənedici xüsusiyyəti danılmaz faktdır; və ya “keçmiş – həyatın fundamenti kimi” ifadəsi təkzibolunmaz aksiomadır. Oktay’ın xatirələrindən şahid oluruq: İçərişəhərdə qaldığı müddətdə kor bir qoca kişinin öz evini əllərini divarlarda sürüşdürərək, daşları yoxlayaraq tapması, onun keçmişindən olan nəticə deyilmi? Keçmişə düzəliş etmək mümkün olmadığı kimi, silmək də olmur; indi “zaman” anlayışı yoxdur, gələcək isə dövri olaraq təkrarlanır.
Adsız teleqram başqa kimdən gələ bilərdi axı?! İlk məhəbbəti olmayan, ancaq xoşuna gələn Əsmər. Onun (qızın) həyatında olması “səndən xoşum gəlir” və ya “səni sevirəm” ifadələrindən dahası deməkdir. Etiraf etməmək isə “ayı”lıq deyil, şüurlu surətdə hesablanmış eqoistik həzzdir…
“Səni görməyə gəlmişəm. Məni? Bəli, səni.”
Bir gün sonra Oktay’ın ad günü imiş. Bir gün tez gəlib. Yaddan çıxarılanlar kimi, yaddaşdan silinməyən anlar da az deyil…
Camal. Əsmər’in diplomat əri. Hər ikisindən 7-8 yaş böyük, 11ci sinifdəki ingilis dili müəllimi. İşini sevən, Əsmərə də dəyər verən, amma “olmayan” biri. Dilemma: duyğu mu, məntiq mi? İfrat irrasionallıq yoxsa ifrat materyalizm?*
O gedəndən sonra Bakıya daha elə qar yağmamışdı. Bəlkə Bakı ölmüşdü artıq?
Filmin əvvəlində İçərişəhərin dağıdılmasına qarşı olan Oktay, indi keçmişi yıxmağın yollarını axtarır sanki, yuxarıdakı fikir dəyişkənliyi – zaman və məkan timsalında: “Bu ərazilərdə modern tipli binalar tikəcəyik.” Yeni bir gələcək hədəfinə doğru cılız təşəbbüs, xilas mümkün deyil, keçmişin əzici təzyiqi gələcəyi formalaşdıran memardır (Oktay). Deyilmiş sözlər Əsmər’ə xoş təsir bağışlamır. Nə dəyişdi ki?! Amma hərdən elə olur ki, elə olmur.*
Həmişə deyə bir şey yoxdur, həmişəlik deyə bir şey var.* Köhnə əşyalar dükanında qıza yadigar saxlaya biləcəyi bir hədiyyə almaq fikrinə düşən Oktayın, bu potensial “xatirə” təklifini rədd edən Əsmər tərəfindən hələ də mənəvi boşluğa düşmüş və xilası “münasibətlər zənciri”nə bağlı biri kimi qiymətləndirilməsi. Bir “əks”lik daha görəcəyik.
Oktay: “Xoşbəxt kişinin xoşbəxt arvadı.”
Əsmər: “Elə düşünürsən?!”
Dialoqdan bir hissə. Bəzən inkaretmə istəyi və ya cəhdi sənə zəiflik xüsusiyyəti qazandırmaqdan başqa bir işə yaramır. Davamında şahidi olacağıq.
Rəssamın itən əsərlərinin müəllifin yuxusuna girdiyi kimi, Oktay da Əsmərin xəyallarından heç cürə qeyb olmurmuş. Etmək istədiklərimizin yuxulardakı proyeksiyası:
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi? Mikayıl Müşfiq
Oktay: “Heç işləmək barədə fikirləşmisən?”
Əsmər: “İşləyirəmdəə. Camal’ın katibəsi.”
Bu cavab qızın həyat(ın)dakı yerini müəyyən qədər təsvir etdi.
Köhnə əşyalar və “əks”lik: Sonda qızın verdiyi kibrit qutusunu yadigar olaraq saxlayacağı sözünü verən Oktay; inkaretmə prinsipilə son kartlarını oynayan Əsmər: “Mən xoşbəxtəm. Mənə yazığın gəlməsin.”
Oktay: “Keçmişdə yaşamaq olmaz. Gələcəyə ümid bağlayıb, bugün üçün yaşamalı…Onunla görüşdən sonra daxilimdə azadlıq və asudəlik hiss edirəm.”
Məncə: Qayıtmışdı ki, keçmişdən qalan boşluğu doldursun, amma hər ikisində daha böyük bir boşluq yaratdı. Əzabın həzzə çevrildiyi anlar az olur, amma həmin anları yaşamağa dəyər. Əlavə olaraq, xoşbəxtlik nisbidir, xoşbəxt olmursan, xoşbəxt anlar olur.*
“20 il sonra etdiklərindən deyil, etmədiklərindən peşman olmamaq üçün, tərk et limanlarını, xəyal et, araşdır, kəşf et.” Mark Tven
Bunu nəzərə alın ki, sonra “…keçdi” deməyəsiniz.
*Diskussiya üçün N.’ə təşəkkürlər.
P.S. Keçən dəfə siqaret yandıranda yarımçıq yanmışdı.
Əlavə (Coenni):
1) – Oqtay! …. Heç nə demək istəmirsən?
– Yo-ox. Nə deməliyəm ki?
– Elə belə… heç nə… Ayı!
2) Bir dəfə bir çıxışda təqribi belə bir cümlələr hekayə edilmişdi: “Bir neçə gün əvvəl Kiyevdə idim. Şəhərdə küçələrdə gəzəndə bir küçədən başqa küçəyə keçəndə 60-cı illərdən 80-ci illərə keçirsən məsələn. Tarixi o günləri qoruyurlar. Amma Bakıda her yeri ağardırlar, müasirlik tariximizi, memarlığımızı təhqir edir.” Bu nitq elə-belə yadıma düşdü.
3) Bakı dəyişir, insanlar dəyişir, ətraflar hər iki mənada dəyişir, amma Bakı xatirələri olduğu kimi qalır… Yağışlı Koreya kinolarını xatırladır kinodakı hava- baş rolda hisslər, fonda Bakı (“məkan”) və zaman (gənclikdəki “bugünlər” və yaşanmaqda olan bugünün bu anları). Əsmər də, Oqtay da kinonun sonunda nəyəsə ümid edirlər. Amma zaman səhvləri bağışlamır. Artıq onlar gələcəyin axarına tabe olaraq sabahlar haqqında qayğıların qucağına atılırlar.
Oqtay “Əlvida Silah”, “Summerin 500 Günü” və bənzəri bir çox yerdə olduğu kimi gələcəyini “inşa etməkdə” (problemləri) olan “memar”dır, Bakıdan narahatdır. Amma hadisələrin baş verdiyi əsl məkan onun fikirləridir. Sonda “Oqtayın tanıdığı Əsmər” kamikadze olur/öl(dür)ür ( özü-özünü), (Əsmərin) fikirlərində. Yenidən dünyaya gəlir, yeni həyatı yaşamağa qərar verib. Xatirələrdən uzaq-Bakıdan uzaq, reallığa yaxın, o da Bakı kimi dəyişməyə qərar verib. Xatirələr kor qalıb… Əsmərin xoşbəxt olması üçün diplomatik görüş səyahətlərinin çəkiciliyi, çevrəsi, ailəsi var. “One day”, “Before Sunrise-Sunset-Midnight” trilogiyası və başqa “bunlar sizin diqqətinizi çəkə bilər”. Keçmişdə lentə alınmış xatirələr isə read-only mode-undadır…
4) Məktub isə pıçıldayır: “Yenə o qar yağardı…”
Fotosintez