Qadin.NET / Uçan fantastik kitablar

Uçan fantastik kitablar

Uçan fantastik kitablar

Kiçik olanda ilk dəfə əlimə kitab alıb oxumağa başladığım günü xatırlayıram. Həmin günün tarixi, saatı - rəqəmlərlə bağlı olan qismi yaddaşımda deyil. Amma o anın silinməz qələmlə yaddaşıma həkk etdiyi hislər daim xatirələrimdədi. Bəlkə də kitab oxumağa başlamaq həyatımın ilk uğuru idi. Bir şeyləri oxumaq. Bir hekayənin canlanmasının vəsiləçisi olmaq.. Rəflərdə duran kitablara tamaşa etmək inanılmaz zövq bəxş edib həmişə. Oralarda bir yerdə səhifələri arasında yeni dünyanı gizlədən o möhtəşəm kitablar..

Səhifələrin ardında gizlənmiş dünyanı öz zehninizdə canlandıra bilirsinizsə, bu bir uğurdu. Bu o kitabı yazmaq qədər böyük bir uğurdu. Heç bir rejissorun, heç bir milyonlarla vəsaitin edə bilməyəcəyi qədər mükəmməl bir dünyanı öz zehninizdə filmə almaq deməkdir. Bu mükəmməl bir zehin və qəlb işidir. 

Uçan fantastik kitablar

Bu dəfə görüşünüzə çox  gözəl qısa bir filmlə gəlmişəm. Rejissorları Brandon Ordenburg və William Joyce olan filmin ssenarisi William Joyce tərəfindən hazırlanıb. Və bu filmi mükəmməl dərəcədə qəlb oxşayan olmasının bir digər səbəbi isə musiqisidir. Bəstəsi John Hunter əl işi olan musiqi çox həzin və qəlbinizdəki ən incə duyğuları da üzə çıxara biləcək cinsdəndir. 

Uçan fantastik kitablar

Film qısaca kitaba can verənin onu oxuyan olduğunundan bəhs edir. Öz hekayəsini yazmaqla yola başlayan Morris Leesmore qayğıya və şəfqətə ehtiyac duyan kitabların öndərliyini etmək şansı qazanır. Və bundan sonra dünyası dəyişən Morris ömrünü kitabları oxumaq, həyatı kitablarsız ağ-qara olan insanlara kitab verməklə onları rəngləndirmək, zədələnmiş kitabların həyatını geri qazandırmaqla keçir. Filmdəki bir kitabın həyata qaytarılması ilə bağlı bir hissə var ki, uşaqlığımı yada saldı. Çünki eyni vəziyyəti, eyni təmtərağı balaca olanda mən də qurardım. 

Və baxdıqdan sonra yəqin mənə qatılarsınız ki, filmin ən can alıcı nöqtəsi son kadrıdır.

Qısaca mesaj budur ki, əslində mütaliə sizin ruhunuzu xilas edir. Zahiriniz yaşlansa, belə ruhunuz daim cavan qalır. Öz rəngli, qırışsız həyatına davam edir..

Bu filmə həqiqətən baxmağa dəyər. 

Dr. Həmid

14 yanvar 2016
GO BACK