Qadin.NET / Salvador Dalinin məşhur rəsmi

Salvador Dalinin məşhur rəsmi

Salvador Dalinin məşhur rəsmi

“Geopolitik uşaq yeni insanın doğulmasına baxır”... Əfsanəvi rəssam Salvador Dali 1943-cü ildə yaratdığı rəsm əsərini belə adlandırıb. İncəsənət tarixinin ən sirli əsərlərindən biri kimi məşhur olan bu rəsmdə dünyanın geosiyasi düzəni ilə bağlı çoxlu faktlar və proqnozlar yer alıb. Bunlardan bir çoxu deşifrə olunub, amma qadının barmağı ilə Bakı şəhərini göstərməsinin səbəbi hələ də dəqiq bilinmir.

Əsər 1943-cü ildə - Dalinin 1940-1948-ci illər aralığında ABŞ-da yaşadığı dövrdə çəkilib. Rəsmdə böyük yumurtaya bənzəyən qlobus yer alıb. Şimali Amerika ərazisindən yeni insan dünyaya çıxmaq uğrunda mübarizə aparır. Yumurtanın çatlamış yerindən qan axır. Yeni insanın əli İngiltərənin üzərində caynaq kimi bərkiyib. Ön tərəfdə iki nəfər – yetkin bir şəxs və bir uşaq baş verənləri müşahidə edir. Tədqiqatlarda qadın kimi təqdim olunsa da, əslində şəkildəki şəxsin cinsiyyəti naməlumdur. Bu şəxs yeni insanın doğulmasını uşağa göstərir və bu zaman barmağını qlobusda düz Bakı şəhərinin üzərinə qoyur. 

Salvador Dalinin məşhur rəsmi

Rəsmlə bağlı bir çox tədqiqatçıların araşdırmaları var. Ümumən hesab edilir ki, bu əsər 2-ci Dünya Müharibəsinə parodiyadır. Yumurtadan axan qan yeni dünyanın qan üzərində qurulacağına işarə edir. Yeni insanın Şimali Amerikada doğulması ilə müharibənin yekunu olaraq ABŞ-ın yeni dünya lideri olacağına eyham vurulur. Afrika və Cənubi Amerika şişirdilib ki, bununla da Salvador Dali üçüncü dünya ölkələrinin getdikcə artan əhəmiyyətinə diqqəti cəlb edib. Avropa isə yeni insanın əli altında əzilib ki, bu da həmin qitənin dünya siyasətində rolunun azalacağı və ABŞ-ın təsiri altına düşəcəyindən xəbər verir.

Rəsmdə Bakı şəhərinin diqqət mərkəzinə gətirilməsinin səbəbi isə hələ də dəqiq bilinmir. Bəziləri bunun təsadüf olduğunu və Dalinin Bakı şəhərini nəzərdə tutmadığını deyir. Amma üstünlük təşkil edən yanaşma ondan ibarətdir ki, Salvador Dali qarşıdakı illərdə bütün dünyanın neftdən asılı vəziyyətə düşəcəyinə işarə edib. Yəni cinsiyyəti bəlli olmayan adam geopolitik uşağa izah etmək istəyir ki, dünyanın yeni geosiyasi düzəni neft üzərində qurulacaq...

Aynur Alimuradbeyli

23 may 2016
GO BACK