Şəhər həyatı şəraitində daim avitaminozdan əziyyət çəkirik. Evinizdə kalanxoe (xüsusən deqremona növü) varsa, avitaminos problemi avtomatik olaraq həll edilir. Bitkinin yarpaqlarında flavonidlər, polisaxaridlər, bir çox mineral maddələr və orqanik turşular daxildir. Bu səbəbdən məlumatlı insanlar qida kimi kalanxoenin yarpaqlarından istifadə edirlər. Bunun üçün yarpağı yumaq, xırda doğramaq və istənilən salata əlavə etmək olar.
Damaq iltihabı, paradontoz və stomatitdən əziyyət çəkənlərə xüsusilə tövsiyə edilir. Bitki ağız boşluğunda yaranan yaralara da yaxşı təsir göstərir. Kalanxoenin faydalı xüsusiyyətləri bunlarla da bitmir. O, həmçinin əla "biostimulyatordur". Kalanxoe yarpağının bir neçə damcı şirəsi qışı qripsiz keçirməyə kifayət edir.
Kalanxoenin bəzi növləri
Kalanxoenin ev şəraitində saxlamaqüçün çoxlu növləri var. Kalanxoe blossfelda (kalanchoe blossfeldiana) bitkinin ən geniş yayılmış dekorativ-çiçəkli növlərindən biridir. Bu alçaqboylu, yarımkol formasında olan kalanxoe 45 sm-ə (cırtdan formaları da var) qədər uzanır, tünd yaşıl, bir qədər dalğalı yarpaqlara malikdir. Çiçəkləri ağ, sarı, narıncı, çəhrayı və tünd qırmızı rəngdə olur. Törəmələri bilavasitə yarpaqlarda yaranan ən məşhur növləri kalanxoe deqremona ( kalanchoe daigremontiana) və lələkli kalanxoedir(kalanchoe pinnata). Bu növlər düz gövdəyə və üçbucaq formasında uzanan yarpaqlara malikdir. Yarpaqların kənarında sıra ilə kiçik törəmələri yaranır ki, onların da hər birinin xüsusi kök sistemi formalaşır. 1-2 sm-ə çatanda isə bu törəmələr qoparaq gülün torpağına düşür və yeni, müstəqil bitki kimi inkişaf edir.
Dekorativ-çiçəkli növə aid olan kalanxoe mangina (Kalanchoe manginii) xırda yarpaqlar, yana əyilən gövdəyə və 2 sm- ə qədər böyüyə bilən zəngvari çiçəklərə malikdir. Mərmər kalanxoe (Kalanchoe marmorata) yarpaqlarındakı qeyri-adi, böyük qəhvəyi ləkələrlə diqqəti cəlb edir. 6 sm ölçüsündə ağ çiçəkləri olur.
Kalanxoe baherensis (Kalanchoe beharensis) dik gövdəsi olan və böyüdükcə yarpaqları tökülən yarımkol bitkidir. Üçbucaq formalı, kənarı dalğalı, boz-mavi ərplə örtülən yarpaqları var.
Kalanxoe kalandiva (Kalanchoe calandiva): seleksiyaçı-bağbanlar kalanxoe blossfeldadan gözəl çiçəkləri və qeyri-tələbkarlığı ilə diqqət çəkən kalandivq növünü əldə ediblər. Bu növ blossfeldadan daha kiçik ölçüləri və çiçəklərinin çox olması ilə fərqlənir. Kalanxoe kalandiva mart-aprel aylarından payızın sonlarına qədər çiçək açır. Quruduqdan sonra çiçək saplaqlarını kəsmək, sulamaq və dincəlməsi üçün yarımkölgəli yerə qoymaq lazımdır.
Süpürgəvari kalanxoenin (Kalanchoe thyrsiflora) kənarları girdə, gümüşü yaşıl və qırmızımtıl yarpaqları, xırda, sarı gülləri olur.
Xəzli kalanxoe (Kalanchoe tomentosa): uzunsov, məxməri, gümüşü yaşıl, kənarları qəhvəyi zolaqlı yarpaqlara malikdir.
"Park and Gardens" jurnalı