Qadin.NET / Mars ekspedisiyası üçün 100 namizəd seçildi

Mars ekspedisiyası üçün 100 namizəd seçildi

 

Mars ekspedisiyası üçün 100 namizəd seçildi

 

Mars One layihəsi təşkilatçıları Qırmızı planetin ilk potensial sakinləri olacaq könüllülərin siyahısını bir az da qısaldıblar. Belə ki, 2024-cü ildə Marsa göndəriləcək namizədlərin sayı yüzə endirilib. Bu könüllülərin bir neçəsi həyatlarının sonuna qədər orada qalmaq şərtilə, Marsa yola düşəcəklər.

Qırmızı planetin kolonizasiyası üçün təşkil edilmiş Mars One layihəsində iştirak etmək istəyənlərin sayı əvvəldən 202.586 nəfər idi. Psixoloji, fiziki və intervyu test mərhələlərindən sonra onların sayı yüzə endirildi. İndi bu namizədlərdən hər birisinin insan ayağı dəyməmiş Marsın ilk sakinləri olaraq, adlarını tarixə yazdırma şansları var.

Layihənin rəsmi saytında xəbər verilir ki, növbəti ixtisar mərhələsi 16 fevral tarixində baş tutub. Geriyə qalan yüz nəfər namizədi daha bir neçə seçmə mərhələsi gözləyir ki, yekunda onların sayı cəmi dörd nəfərə endiriləcək. Məhz bu dörd nəfər kolonizasiya proqramı çərçivəsində Marsa yollanaraq, oradaki vəzifələrinə başlayacaqlar.

Könüllü astronavtların uçuşunun 2025-ci ilədək yerinə yetiriləcəyi gözlənilir. Yer sakinləri onların Marsdaki yaşayışını canlı yayımlanacaq realiti-şou formatında izləyə biləcəklər. Marsdaki ilk insanlar yaşayış üçün vacib hər şeylə təmin ediləcək kiçik bir düşərgədə yerləşdirilərək, ömürlərinin sonuna qədər orada yaşayıb-yaradacaqlar. Daha sonraki Mars ekspedisiyalarında isə növbəti seçilmiş namizədlər oraya göndərilərək, əvvəlkilərin işini davam etdirmiş olacaqlar və beləcə bəşəriyyət tarixində ilk dəfə bir planet insanın yaşayışı üçün tam əlverişli hala salınacaq.

Bu ana olan nəticəyə görə yüz könüllüdən 39-u amerikalı, 31-i avropalı, 16-ı asiyalı, 7-i afrikalı və 7-i okeaniyalıdır. Ən gənc iştirakçının yaşı 20, ən yaşlınınsa 60-dır. Onların arasında tələbələr, mühəndislər, hətta alimlər də var. Kişi və qadınların sayı tam bərabərdir.

Qeyd etmək lazımdır ki, ötən həftə The Guardian nəşriyyatı "If I Die on Mars" (Əgər Marsda Ölsəm" adlı sənədli film təqdim edib. Qısametrajlı filmdə Mars One layihəsi iştirakçılarından bəziləri hansı səbəblərdən Yeri Marsa dəyişməyə hazır olduqlarından bəhs edirlər.

Həyatın təkamülü
19 fevral 2015
GO BACK