Qadin.NET / Kafkanın 12 qadını (2)

Kafkanın 12 qadını (2)

Eyni pansionatda Kafkanın ikinci nişanlısı Culya Vorjek də yaşayırdı, amma onda hələ təbii ki, nişanlanmamışdılar. Kafka bu xanım haqqında 1919-cu il fevralın 6-da Maks Broda bunları yazır:
“Gənc qızdır, xəstədir, ümid edirəm ki, səhhəti çox pis deyil”.
Kafka nə vaxtsa onla evlənmək fikrindən daşınmamışdı və inanmaq istəyirdi ki, vərəm xəstəsinin də uşaqları ola bilər. Kafka özündən 8 yaş kiçik olan Culyanı evlənməyə razı sala bilir və 1919-cu ilin noyabrında evlənməyi planlaşdırır.
Culyanın atası pinəçi idi və həm də Sinaqoqda işləyirdi.
Kafkanın 12 qadını (2)
Culya Vorjek
Bundan əvvəlki evlənmə qərarında olduğu kimi bu dəfə də Kafka atası Herman Kafkaya Culya ilə ailə qurmaq fikrində olduğunu yazır. Atanın cavabı isə belə olur:
“Praqalı bütün yəhudi qızlarının elədiyi kimi yəqin ki, çox gözəl kofta geyinib və sən də onunla evlənməyə qərar vermisən. Özü də belə tələm-tələsik, bir həftənin içində. Səni başa düşə bilmirəm, yetkin adamsan, şəhərdə yaşayırsan və təsadüfi biri ilə evlənməkdən başqa ağlına heç nə gəlmir. Başqa heç bir ehtimal yoxdur?”
Kafkanın xatırladığına görə atası indiyə qədər onu heç vaxt belə alçaltmamışdı.
Nəticə etibarilə, Herman Kafka bilərəkdən, ya da bilməyərəkdən Fransla Culyanın ayrılmağına səbəb olur. Noyabrda Frans nişanı geri qaytarır, amma Culyadan birdəfəyə yox, yavaş-yavaş ayrılır. Münasibətlərin tamamilə qırılmağı isə 1920-ci ildə baş tutur.
“O qədər yaxşı idin ki, yanına sığındım… Üzümü əllərinə qoydum. Elə xoşbəxt, elə qürurlu, elə azad, elə güclü idim ki…”
Kafkanın 12 qadını (2)
Milena Yesenskaya 
Kafka ən böyük sevgisi Milenanı tanıyanda 37 yaşı var idi. Onu o qədər gizli sevirdi ki, nə evlənmək lazım idi, nə də bu barədə atasına söz açmaq. Milena bıçağı ilə içini deşmək üçün heç bir maneə yox idi.
O vaxt 23 yaşında olan çex əsilli Milena Yesenskaya Kafkayla Vyanada tanış olmuşdu. O, almanca yaxşı danışa bilmirdi, amma Kafkanın özünün də icazəsi iıə “Ocaqçı”nı çex dilinə tərcümə etmək istəyirdi.
Həmin ərəfədə isə Praqada bu gənc xanım haqqında şayiələr gəzirdi ki, o, homoseksualdır və narkotik aludəçisidir.
Kafkadan əvvəl Milena kimi idi?
Anasının ölümündən sonra atası ilə yola gedə bilməyən Milena 18 yaşı olanda Ernst Pollaka qoşulub qaçmışdı. Buna görə də atası onu ruhi-əsəb dispanserinə qoyur və Milena yalnız 9 ay sonra oradan qaçır və Ernst Pollakla evlənir.
Sonralar Kafkanı tanıyan xanıım jurnalist onun “Ocaqçı”, “Hökm”, “Akademiya üçün hesabat” hekayələrini və “Müşahidə” toplusundakı mətnləri çex dilinə tərcümə edir. 1931-ci ildə SSRİ-yə səfərindən sonra kommunist olan Milena sonralar sərt etirazlarına görə ölkədən qovulur. Nasist Almaniyasının ölkəsini işğal etməsi onun da həyatına  təsirsiz ötüşmür. Belə ki, o, 1940-cı ildə həbs edilir, 1944-cü ildə isə əsir düşərgəsində ölür. O, yəhudi olmasa da onlara  həmrəylik gödtərdiyinə görə bu taleni yaşamışdı.
Kafkanın 12 qadını (2)
Kafkanın qaranlığındakı işığı – Milena
İndi Milenanı tanımağımızın səbəbi onun Kafkanın qaranlığına işıq salan qadın ola bilməyidir. Yazıçının ona yazdığı məktublardan da anlamaq olur ki, bütün sevgiləri arasında ən fərqli, ən mühüm yeri məhz bu xanım tutur.
Bütün atalı yetimlər kimi Kafka da hər sevgisində ailə istliyini, rahatlığını, dincliyini axtarmışdı. Və bütün axtarışlar kimi mütləq bunun da dayanacaq yeri, son nöqtəsi var idi. Bu nöqtə Milena idi…
Bircə o, Kafkanın həm sevgisini, həm də dərdini bölüşə biləcəyi qadın ola bilmişdi.
Milena ilə Vyanada yığıncaqların birində tanış olan Frans uzun müddət tərəddüd edəndən sonra onunla ikinci dəfə 1920-ci ildə  30 iyun-3 iyul tarixlərində yenə Vyanada görüşür. Hər ikisi bu görüşü heyranedici an kimi xatırlayır. O ərəfədə vərəm xəstəliyindən əziyyət çəkən Kafka Milena ilə görüşdüyü günlər ərzində bir dəfə də olsun öskürmür.
Növbəti görüş isə avqust ayında Avstriya-Çexoslavakiya sərhəddində başa tutur. Bir neçə saat davam edən görüşün qorxunc keçdiyi bildirilir.
Sevgi münasibətləri davam etsə də, heç də hər şey qaydasında deyildi. Artıq bu münasibət Kafkaya əzab verməyə başlamışdı. Amma özünün də ayrılmağa cəsarəti çatmırdı və məktublarında Milenaya yalvarırdı ki, onu atsın.
Kafkanın 12 qadını (2)
Milenanın Fridaya çevrilməsi
1921-ci ilin oktyabrındakı görüşdən sonra Kafka gündəliklərini vermək üçün Milena ilə bir neçə dəfə də Praqada görüşür.  Amma münasibətləri uzun müddət davam etmir. Kafka ilə Milena 1923-cü ilin yayında birdəfəlik ayrılır.
Sonradan isə Milena Kafkanın “Qəsr” romanının “Frida”sı kimi yenidən doğulacaqdı.
Sevgililərin son “görüş”ü isə 1924-cü ildə Kafkanın ölümündən sonra Milenanın qəzetdə onun haqqında yazdığı məqalə olacaqdı.
Son öskürəkləri müşayiət edən xoşbəxtlik – Dora
1923-cü  ilin iyulunda Kafka dostu Hüqo Berqmana yazır:
“Xoşbəxt deyiləm, amma xoşbəxtliyin astanasındayam”.
Kafkanın 12 qadını (2)
Dora Dimant
Dora Dimantı Kafkanın ömrünün sonuncu xoşbəxtliyi hesab etmək olar. Dora Kafkanın ailəsi ilə münasibətlərini qaydaya salmağa çalışmış, ömrünün son günlərində ona kömək etmiş və son nəfəsində yanında olmuşdu.
Kafka bu xanımı bacısı Ellinin evində qaldığı vaxt ərzində tanımışdı. O ərəfədə Dora yay düşərgəsində çalışır, Kafka isə bir neçə həftəliyinə Baltik dənizi sahilinin yaxınlığına, bacısının evinə getmişdi.
On doqquz yaşı olan  polşalı yəhudi – Dora Kaflanın son bir ilinə yoldaşlıq edəcəkdi.
Həmin ilin sentyabr ayında bir müddət də sevimli bacısı Ottlanın evində qalan Kafka daha sonra Dora ilə birlikdə Berlinə qayıdır və ağırlaşan vərəm xəstəliyini maddi sıxıntı müşayiət etməyə başlayır. Halubki Kafka Dora ilə birlikdə Fələstinə gedib orada restoran açmaq xəyalı qururdu.
Yazıçı 6 ay Berlində yaşayandan sonra martın 14-ü dayısı Siqfroyd onu Praqaya gətirir. Daha sonra Avstriyadakı sanatoriyalardan birinə aparılsa da artıq Kafka üçün ümid tükənmişdi. Son olaraq yazıçını aprelin 19-da Vyana yaxınlığındakı Kirlinq sanatoriyasına gətirirlər. Burada iyunun 3-də, doğum gününə düz 1 ay qalmış dostu Robert Klopstok və Doranın yanında vəfat edir.
O, doğulduğu, böyüdüyü, tənhalığını, kədərini və nadir gələn xoşbəxt anlarını yaşadığı şəhərdə dəfn olunur. Kasper Hauzer tənhalığından daha şiddətli olan Kafka tənhalığı da onunla birlikdə məzara gedir.
Kafkasız Dora necə olur?
Kafkanın yazmağa taqətinin olmadığı son günlərində onun əvəzinə məktublarını yazan Dora yazıçının ölümündən sonra bir kommunist Lutz Laskla və SSRİ-yə qaçır. Fransın əsir düşərgələrində ölən bacıları və  Milenasından fərqli olaraq Dora SSRİ-dən sonra İngiltərədən sığınacaq alır və ölənə qədər – 1952-ci il – orada yaşayır. Doranın Lutz Laskla evliliyindən Mariana adlı bir qızı dünyaya gəlir.
 Kafkanın 12 qadını (2)
Kafkanın demək olar ki, həyatındakı hər qadın haqqında nə düşündüyünü, nə hiss etdiyini, onlara necə baxdığını bilirik. İStər gündəlikləri, istərsə də dostlarına və elə sevgililərinin özlərinə yazdığı məktubları bunda əvəzsiz rol oynayır. Amma Dora naməlumdu. Cəmi 1 il bir yerdə olmaqları və elə ayrı yox, bir yerdə olmaqları ona məktub göndərmək ehtiyacını aradan qaldırır və buna görə də Kafkanın Doraya hansı hisslərinin olduğu gəlib bizə çatmır.
Yazıçının nə düşündüyünü dəqiq bilməsək də kənardan baxanda Dora ona bəxş olunan xoşbəxtlik kimi görünür.
Mənbə: Klod Tibo “Frans Kafkanın çevrilmələri”
20 fevral 2015
GO BACK