Qadin.NET / Kafkanın 12 qadını (1)

Kafkanın 12 qadını (1)

Kafkanın 12 qadını (1)
“Sən bıçaqsan, Milena. Mən də bu bıçaqla dayanmadan içimi deşirəm…”
Yəqin ki, hamı bu sözləri Frans Kafkanın sevgilisi Milenaya yazdığını bilir və haqlı olaraq bunu oxuyan oxucu Kafkanın başqa birini sevə biləcəyini ağlına gətirmir. Hətta onun Milenadan əvvəl nişanlı olduğu və 500-ə yaxın məktub göndərdiyi Felisa Bauer haqqında eşidəndə təəccüblənməyə bilmir.
Yazdığı roman və hekayələr, Gündəlikləri və məktubları Kafka haqqında elə təsəvvür yaradır ki, onu aktiv həya tərzi keçirən, dostları, müxtəlif əyləncələri olan bir insan kimi təsəvvür etmək olmur. Kafka deyəndə çoxunun ağlına başını masaya əyib ağır-ağır əsər yazan depressiv insan gəlir.
Onun tez-tez müvəqqəti münasibətlər yaşaması da həyatındakı qadınlar barədə eşidən insana qeyri-adi təsir bağışlayır. Bu, bəlkə də bizim onu ancaq Felisa, Milena və Dora ilə tanımağımızdan da qaynaqlanır.
Halbuki Kafkanın da həyatında digər yazıçılar kimi kifayət qədər qadın olub. Yazıçı 40 illik ömrünə bir çox qadın sevgisini, eşq məktubunu sığdıra bilib.
Həssas, çəkingən və bir az da utancaq olan Kafkanın eşq həyatı 17 yaşından başlayıb. Belə ki, 1903-cü ildə ailəsi ilə birlikdə Çexiyanın Roztoki şəhərinə gedən Kafka orada Selma Kohnla ilk sevgi macərasını yaşayır. Kirayə qaldıqları evin sahibinin qızı olan Selma haqqında o, dostu Oskar Pollaka danışır. Selmanın sayəsində daha da gücləndiyini və artıq qadınlarla danışa bildiyini deyən Frans bu qızla yaşadığı sevgi hissinin onu necə dəyişdiyindən söhbət edir.
Amma Selma Kafkanın həyatındakı müvəqqəti qadınlardan sonuncusu olmayacaqdı.  Belə ki, 1907-ci ildə istirahət üçün dayısı Siqfroydun evinə gedən Kafka burada qaldığı vaxtda Aqata adlı qızla birlikdə olur. Həmin il eyni zamanda vyanalı tələbə Hedviq Veylerlə də tez-tez görüşür. Onlar iki il ərzində məktublaşırlar.
Hedviq Kafkadan bir yaş balaca idi və gözləri zəif idi.
Kafkanın 12 qadını (1)
Yazıçı növbəti sevgi macərasını Qreta Kirşner ilə yaşayır. Belə ki, dahi alman yazıçısı İohan Volfanq Götenin ev muzeyinin qarolçusunun qızı olan Qreta barədə Frans 1912-ci ildə gündəliyində yazır:
“Parkda iki dəfə şəkil çəkdirdik. Biri körpünün üstündə, amma o şəkil çıxmadı”.
Bu, həmin iki fotodan biridir.
Kafkanın 12 qadını (1)
Frans Kafkanın yanında itlə çəkdirdiyi fotonu yəqin ki, çoxları görüb. Amma çox az adam bilir ki, o itin yanında qadın da var və bu qadın Kafkanın sevgilisi olub. Fotonun orjinal variantında kadrda olan qadın Praqadakı kafelərdən birində ofisiant işləyən Hensi Culiya Jokoldur.  Qısa müddət Fransla görüşən bu xanım haqqında həmin fotosundan başqa heç bir məlumat yoxdur.
Ofisiant Hensi ilə münasibət qurduğu ərəfədə Kafka fahişələrə də baş çəkirdi və gündəliyində asanlıqla əldə etdiyini dediyi paltar mağazası işçisi ilə görüşü haqqında bunları yazır:
“Təhrikedici, həyəcanlı və iyrənc…”
Kafkanın 12 qadını (1)
Frans Kafka və Hensi Culiya Jokol
Bir Felisa, iki nişan. Bu necə baş verdi?
Dostu Maks Brod Frans Kafkanı naşir Rouvoltla tanış etmiş və bundan sonra 1912-ci ildə 8 hekayəsinin yer aldığı “Müşahidə” ilk kitabı nəşr olunmuşdu.  Kitabın hazırlıqları ilə bağlı Kafka tez-tez Maks Brodun evinə baş çəkir və dostlar yazıçının əlyazmaları üzərində işləyirdi. Bu səfərlərin birində Frans bir müddət sonra nişanlanacağı Felisa Bauerlə tanış olur.
Belə versiya irəli sürülür ki, Felisanın həmin gün Maksın evində olması təsadüfi deyildi. Çünki yazıçı bu ərəfədə tez-tez dostu ilə həmişəlik subay qalmaqdan söhbət açırdı və heç vaxt ailə qurmayan dayısı Alfred Lövini misal çəkirdi.
Kafkanın gündəliklərində Felisa barədə ilk qeydə görüşlərindən bir həftə sonrakı tarixdə rast gəlinir:
“Xanım Felisa Bauer. Avqustun 13-ü Brodun evində olanda masanın arxasında gördüm, amma mən qulluqçuya oxşatdım. […] Boş, arıq sima. […] Paltarı eynilə ev paltarına bənzəyirdi. […] Sınmış kimi görünən burun. Cəlbedici görünməyən dik saçları, iri çənəsi var idi”.
Felisanın protez dişləri var idi və sonralar Kafkanın “cəhənnəm işıltısı” adlandırdığı bu sarı dişlərə öyrəşməyi xeyli vaxt aparmışdı.
Felisa Bauer
Felisa kim idi?
Kafka ilə tanış olanda 25 yaşı olan Felisa Bauer 1909-cu ildə Berlində diktafon şirkətlərindən birində işə başlamışdı. Ondan əvvəl isə stenoqraf kimi çalışırdı. Kariyerasında uğur qazanan Felisa qısa müddət ərzində vəkil kimi fəaliyyət göstərməyə başlayır və anası ilə atasına da baxır.
Onunla münasibətlərinin hələ yeni başladığı bir vaxtda, yəni 1912-ci ildə Kafka ən məşhur hekayələrindən biri “Hökm”ü yazır və ilk romanı “İtkin”i (“Amerika”) yazmağa başlayır. “Hökm”ü yazmaqla Kafka elə özü Felisa ilə taleyinin necə olacağının dəqiq proqnozunu vermişdi. Atası Felisanı qəbul etməyəcək və təbii ki, bu da Kafka üzərində böyük təsir buraxacaqdı.
O, sevgilisinə yazdığı məktublarında romanını tamamlaya bilməməkdən, yarımçıq qalacağından qorxduğunu deyir.
Altı ay yazışandan sonra 1913-cü il martın 23-24-də Felisayla ikinci dəfə görüşür. Bu ərəfədə Kafkanın bacısı Valli və dostu Maks Brod ailə qurur. Bu evliliklər ona da təsir edir, ailə həyatı barədə düşündürməyə başlayır. Amma Felisaya məktubunda bunları yazırdı:
“Ən çox qorxduğum şey – insanın deyə biləcəyi, yaxud eşidə biləcəyi ən pis şey budur – ki, heç vaxt mənim olmayacaqsan. Ən yaxşı halda mənə uzatdığın əlini sadiq bir it kimi öpəcəm”.
1913-cü il, 1 aprel.
Həmin il iyunun 16-da Kafka sevgilisinə evlənmək təklif edir və iyulun 1-də Felisaya göndərdiyi məktubda yazır:
“Hələ ki, təkcə məktublar vasitəsilə işgəncə verirəm, amma bir yerdə yaşamağa başlayanda yandırılmalı olan dəliyə çevriləcəm”.
Bu sözlər Felisanı qərarından daşındırmaq üçün cəhdlər idi…
Yazıçılığa çox bağlı olan Kafkanı evlənməkdən çəkindirən əsas amil də bu idi. O, evlənəndən sonra yazıçılıqla əvvəlki kimi rahat məşğul ola bilməyəcəyindən qorxurdu. Çünki Frans günorta saatlarına qədər işdə olur, yalnız gecə saatlarından başlayaraq səhərə qədər əsərlərini, məktublarını yazırdı.
Kafkanın 12 qadını (1)
“İlk dəfə xristian bir qızı tanıya bildim…”
Frans xəstələnmədən əvvəl də sanatoriyalara gedirdi. 1913-cü ildə Riva şəhərində qaldığı sanatoriyada 18 yaşlı xristian qızı Gerta Vasnerlə tanış olur. Bu zaman 30 yaşında olan Kafka onun haqqında bunları deyirdi:
“İlk dəfədir ki, xristian bir qızı tanımaq fürsəti əldə eləmişəm. Demək olar ki, ancaq onun təsiri altındaydım”.
Kafkanın 12 qadını (1)
Gerta Vasner
Gerta haqqında Felisaya da yazır:
“Sanatoriyada bir gənc qıza vurulmuşam. Uşaqdır, təxminən 18 yaşı olar, İsveçrədəndir, amma İtaliyanın Genuya şəhəri yaxınlığında yaşayır. Yetkin saymaq olmaz.
… o ərəfədə yaşadığım boşluq və kədər hissi içində ən adi qıza da vurula bilərdim”.
1913, 29 dekabr
Felisa ilə Kafkanın get-gəlli münasibətlərini qaydaya salmağa çalışanlardan biri də Felisanın rəfiqəsi Qreta Blox idi. İyirmi yaşlı Qreta 1913-cü ildən 1914-cü ilin iyuluna qədər Kafkayla yazışır və onlar 3 dəfə görüşürlər. Kafka ona cəmi 70 məktub yazıb, Qretanın cavablarından isə cəmi 1-i tapılıb.
Kafkanın 12 qadını (1)
Qreta Blox
Bəziləri Qretanı xəyanətdə ittiham edib, onu cütlüyün münasibətlərini daha da pisləşdirməkdə günahlandırıblar.
Qretanın vasitəçiliyinin ilk nəticəsi olaraq Kafka sevgilisi ilə görüşür və 1914-cü il aprelin 12-13-də nişan baş tutur. Mərasim Praqada keçirilir və cütlük sentyabrda evlənməyə qərar verir.
Kafkanın 12 qadını (1)
                                                                           Felisa bu fotonu 1914-cü ildə Kafkaya göndərib.
Elə həmin ilin iyulunda Berlində bir neçə dostun və Felisanın bacısının iştirakı ilə nişan pozulur. Kafka xəbəri ailəsinə məktubla göndərir.
Ayrılandan sonra da Kafka Felisayla yazışmağa davam edir. 1915-ci ilin yanvarında və 1916-cı ilin yayında baş tutan görüşlərdən sonra 1917-ci ilin iyulunda ikinci dəfə yenə Praqda nişanlanırlar. Bu dəfə isə nişanı Kafkanın vərəmi pozacaqdı.
1917-ci il avqustun 9-dan 10-a keçən gecə Frans ilk dəfə qan qusur və həmin il sentyabrın 4-ü ona vərəm diaqnozu qoyulur. O ilin Milad bayramında Felisa ilə Frans son dəfə görüşür. Bu görüş barədə Kafka Gündəliyində yazır:
“25, 26, 27 dekabr. F.-nın gedişi. Ağladım. Hər şey çox çətindir, çox səhvdir, digər tərəfdən də doğrudur”.
Felisanın sonrakı taleyi
Felisa 1919-cu ildı berlinli tacirlə evlənir, bir qızı və bir oğlu dünyaya gəlir.
Nəhayət Frans özünün dili ilə desək beş illik işgəncədən xilas olur. Dostu Maks Broda “Azadlıq… Hər şeydən əvvəl azadlıq…” – deyə yazır.
Vərəmin get-gedə daha da pisləşdirdiyi səhhətinə görə Frans Çexiyanın Şimali Bohemia əyalətində yerləşən sanatoriyaya getməli olur. O illərdə geniş yayılmış ispan qripinə yoluxan Kafka 1919-cu ilin martına qədər Studl pansionatında qalır.
Bu zaman 1918-ci ildə Stüdl pansionatında Minz Eysnerlə tanış olur. Gənc xanım ferma sahibəsi olmaq istəyirdi, Kafka da ona məsləhət vermək üçün bitkilər və əkinçilik texnikası ilə maraqlanırdı. Bununla əlaqədar olaraq Kafka gənc xanımla bir neçə il yazışır.
 
Kafkanın 12 qadını (1)
Minz Eysner
Üçüncü nişanlılıq…
Mənbə: Klod Tibo “Frans Kafkanın çevrilmələri”
Ardı var...
19 fevral 2015
GO BACK