Darvin 1859-cu ildə Növlərin Mənşəyi kitabını nəşr etmədən əvvəl bilirdi ki, əgər belə bir nəzəriyyəni elan edəcəksə, nəzəriyyə bu tip əhəmiyyətli suallara da cavab verməli idi: Hər şey ümumiyyətlə sadədən mürəkkəbə doğru təkamülləşirsə, arılar pətəklərini necə altıbucaqlı və indiyə qədər bilinən ən münasib şəkildə inşa edə bilirlər? Bundan əvvəlki mərhələlər nələrdir? Bütün arılar altıbucaqlı evlər qurur?
Darvin, Down House adlandırılan evində bu mövzuda çoxlu sayda araşdırma aparmışdır. Darvinə qədər elm adamları bütün arıların altıbucaqlı pətəklər qurduqlarını düşünürdülər. Dövrün hörmətli bioloqlarından olan Lord Brougham Darvinin Təkamül Təlimini kiçiltmək üçün heç bir arının altıbucaqlıdan başqa pətək quruluşu hazırlamadığını, bu səbəbdən də arıların belə bir təkamül keçirməmiş olduğunu irəli sürdü. Darvin təbiətdə daha silindrik quruluşda və sadə nizamda olan pətəklər quran arılar olduğunu özünəməxsus uzaqgörənliyi sayəsində bilirdi; ancaq harada tapacağı haqqında bir fikri yox idi. Lakin Darvin uzun məktublaşmalar və araşdırmalar nəticəsində axtardığı canlını tapdı: Melipona domestica. Meksika Arısı adı ilə tanınan bu arı digər arılardan fərqli olaraq silindrik, dairəvi və daha kobud pətəklər qururdu. Bildiyiniz kimi, yumru və küncsüz bir quruluş tikmək, bucaqlı bir quruluş tikməkdən qat-qat asandır. Məsələn, quşların yuvaları da bu səbəbdən dairəvidir.
Darvin buradan yola çıxaraq, öz dövrünü çox qabaqlayan bir mülahizə irəli sürdü: əslində bütün arıların pətək oyuqları dairəvidir. Ancaq arılar bu pətəkləri bir-birinə o qədər yaxın və sıx qururlar ki, pətəklər fiziki təzyiq altında əyilib bükülür və nizamlı şəkildə altıbucaqlı və bir-birinə bitişik bir hörgü halını alırlar. Təbii ki, dövrün texniki şərtləri daxilində bu mülahizəni sübut etmək imkansız idi. Darvindən sonra da alimlər illərlə bal pətəklərinin quruluşundakı mükəmməlliyə heyrətlə baxmışdırlar, ancaq heç biri tam olaraq bu mexanizmi açıqlaya bilməmişdir. Nəhayət ki, 150 ildən də artıq bir müddət sonra bu dahi insanın fikirləri öz təsdiqini tapdı.
Bir vaxtlar "riyaziyyatçı" arıların ağlasığmaz bir müvəffəqiyyəti hesab edilən bal pətəklərindəki nizamlı altıbucaqlı quruluş olduqca sadə bir mexanizmlə izah edildi.
İngiltərə və Çin mühəndisləri bu sirri həll etmə yolunda ilk və əhəmiyyətli tədqiqatı apardılar. Qrup bal pətəklərində gözə xoş görünən bu altıbucaqlı şəklin əslində əvvəl dairəvi bir quruluşda olduğunu və saniyələr içərisində altıbucaqlı forma aldığını müəyyən etdi. Tədqiqatın nəticələri Journal of the Royal Society Interface jurnalında dərc edildi.
Qrup Pekindəki bir ərazidə bal arılarının pətəklərinin inşasını asanca müşahidə edə biləcəkləri bir kamera quraşdıraraq pətəklərin inşasının müxtəlif mərhələlərini fotoşəkil çəkərək qeydə aldılar. Müşahidələr nəticəsində pətəklərin ilk mərhələdə dairəvi quruluşda olduqları aşkar olundu. Pətəyin bu ilk dairəvi quruluşu yaradıldıqdan sonra bal arıları pətəyin divarlarını istiləndirirlər. Onlar bu əməliyyatda istifadə etdikləri istiliyi öz bədənləri vasitəsilə təmin edirlər. Pətəyi istilətdiklərində mum axıcı hala gəlir və ardından pətək ən dayanıqlı forma olan altıbucaqlıya çevrilir. Qrupu arıların bir pətəyi tam yoxsa qismən istilətdikləri sualı düşündürür.
"Mənim təxminim təbiətin qənaəti və ən qısa yolu seçməsindən yola çıxaraq pətəyin qismən, yəni yalnız müəyyən hissələrdən isidilməsidir. Amma digər tərəfdən arılara görə pətəyi bir dəfəyə istilətmək daha asan bir iş kimi görünə bilər", - Cardiff Universitetindən olan mühəndis və tədqiqatın müəlliflərindən biri Bhushan Karihaloo deyir.
Qrup hər iki variantın da nə qədər müddət çəkə biləcəyini hesabladı. Belə ki, bir pətək oyuğunu altıbucaqlıya çevirmək üçün tam istilətdiyinizdə 6 saniyə, müəyyən hissələrdən istilətdiyinizdə isə 36 saniyə keçir. Tədqiqatçılar işin növbəti mərhələlərində bu məlumatı da dəqiqləşdirəcəklərini qeyd edirlər.