Qadin.NET / Arxeopteriks (2)

Arxeopteriks (2)

 

Arxeopteriks (2)

 

Arxeopteriks və digər qədim quş fosilləri

Son dövrlərdə tapılan bəzi fosillər arxeopterikslə bağlı təkamülçü ssenarinin əsassızlığını başqa cəhətlərdən üzə çıxarmışdır. 

1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar aparan Lianhay Hou və Zhonqhe Zhou adlı iki paleontoloq confuciusornis adlandırdıqları yeni quş fosili tapdılar. Arxeopteriks ilə eyni yaşda (təqribən 140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və tükləri isə dövrümüzün quşları ilə eyni xüsusiyyətləri daşıyırdı. Skelet quruluşu da dövrümüzün quşları ilə eyni olan bu quşun qanadlarında arxeopteriksdə olduğu kimi pəncələr vardı. Quyruq tüklərinə dəstək olan pygostyle (büzdüm sümüyü) adlı forma bu quşda da vardı. (Pat Shipman, “Birds do it… Did Dinosaurs?”, New Scientist, 1 fevral 1997, səh. 31)

Qısaca desək, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarı-sürünən qəbul edilən arxeopterikslə eyni yaşda olan bu canlı dövrümüzün quşlarına çox bənzəyirdi. Bu həqiqət arxeopteriksin bütün quşların ibtidai əcdadı olması ilə bağlı təkamülçü tezislərlə ziddiyyət təşkil edirdi. Çində 1996-cı ilin noyabrında tapılan başqa bir fosil aranı bir az da qarışdırdı. 130 milyon yaşındakı liaoningornis adlı bu quş L.Hou, L.D.Martin və Alan Feduççia tərəfindən “Elm” (Science) jurnalında dərc edilən bir məqalədə xəbər verildi. Liaoningornis dövrümüzün quşlarında olan uçuş əzələlərinin birləşdiyi döş sümüyünə malik idi. Digər xüsusiyyətləri ilə də bu canlı dövrümüzün quşlarından fərqlənmirdi. Yeganə fərqi ağzında dişlərinin olması idi. Bu vəziyyət  dişli quşların heç də təkamülçülərin iddia etdiyi kimi, ibtidai quruluşa malik olmadıqlarını göstərirdi. (“Old Bird”, Discover, 21 mart 1997)Belə ki, Alan Feduççia “Discover” jurnalında dərc edilən şərhində liaoningornisin quşların mənşəyinin dinozavrlardan gəldiyi iddiasını əsassız olduğunu bildirmişdi. (“Old Bird”, Discover, 21 mart 1997)

 

Arxeopteriks (2)

 

Arxeopterikslə bağlı təkamülçü iddiaları təkzib edən başqa bir fosil isə eoalulavis oldu. Arxeopteriksdən 25-30 milyon il daha gənc, yəni 120 milyon yaşında olduğu söylənilən eoalulavisin qanad quruluşu eynilə dövrümüzdəki bəzi uçan quşlardakı kimidir. Bu da 120 milyon il əvvəl dövrümüzdəki quşlardan bir çox cəhətdən fərqi olmayan canlıların uçduqlarını sübut edirdi. (Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, səh. 28)

Beləliklə, arxeopteriks və digər arxaik quşların heç birinin ara keçid forması olmadığı qəti şəkildə sübut edilmiş oldu. Fosillər fərqli quş növlərinin bir-birlərindən təkamül yolu ilə törədiklərini göstərmirdi. Əksinə, dövrümüzün quşlarının və arxeopteriksə bənzər bəzi xüsusi quş növlərinin birlikdə yaşadıqlarını sübut edirdi. Bu quşların bəzilərinin, məsələn, confuciusornis və ya arxeopteriksin nəsli kəsilmiş, dövrümüzə ancaq az saydakı quş gəlib çatmışdır.

 

Arxeopteriks (2)

 

Dünyanın ən qədim quşu

Son dövlərdə Çindəki qazıntılarda tapılan yeni canlı qalığı dünyanın ən qədim quşu qəbul edilən Archaeopteryx-i ikinci sıraya keçirib. Paleontoloqlar Aurornis xui adlandırılan yeni quş növünün Archaeopteryx-dən 10 milyon il əvvəl yaşadığını bildirirlər.

Aurornis xui Çinin Liaoninq əyalətindəki Yaoluquo şəhərində aparılan arxeoloji qazıntılarda tapılıb. Aurornis xui eyni zamanda “quş, yoxsa tüklü dinozavr?” mübahisəsi gedən Archaeopteryx-in yenidən quş xəritəsinə əlavə edilməsinə səbəb olub. İlk dəfə 1861-ci ildə kəşf edilən Archaeopteryx elm adamları tərəfindən dünyanın ən qədim quşu qəbul edilmişdi. “The Guardian” internet səhifəsinin verdiyi məlumata əsasən qırqovul böyüklüyündə olan Aurornis xui-nin uzun pəncələri və quyruğu var. Quyruğundan dimdiyinə qədər uzunluğu 50 sm olan quşun ön və arxa ayaqları Archaeopteryx-ə bənzəyir.

 

Arxeopteriks (2)

 

Yaoluquonun lilli qayalıqlarında 153-165 milyon il əvvəl əmələ gəlmiş fosil Yuzhou Fosil və Geologiya Parkında elm adamları tərəfindən bir fosil tacirindən satın alınıb.

“Nature” jurnalında dərc olunmuş Aurornis xui fosili üzərindəki tədqiqat quşun 10 milyon il fərqlə Archaeopteryx-dən daha yaşlı olduğunu göstərib. Eyni zamanda Archaeopteryx-i yenidən quş aləminə aid edib.

“Şəfəq quşu” mənasını verən Aurornis-in fosilində quşun quyruğu, boynu və sinəsinə aid izlər var. Fosili tədqiq edən tədqiqatçılardan İngiltərənin Sautqempton Universitetindən paleontoloq Qaret Dayk “çox mühüm fosil əldə etmişik. Aurornis dünyanın ən qədim quşu hesab edilən Archaeopteryx-i ikinci sıraya keçirdi” deyib.

R.Əkbərov

17 noyabr 2014
GO BACK