Qadin.NET / Arxeopteriks

Arxeopteriks

Arxeopteriks

Arxeopteriksin quşların əcdadı olmadığı bir daha sübut edildi. Çünki arxeopteriksdən 10 milyon il əvvələ aid quş fosili tapılıb. Dövrümüzün quşlarının “əcdadı” olduğu irəli sürülən arxeopteriks bundan təqribən 150 milyon il əvvəl yaşamışdır. Nəzəriyyəyə əsasən, velociraptor və ya dromoesaur adlandırılan kiçik dinozavrların bir qismi təkamül keçirərək qanadlanmış və uçmağa başlamışlar. Arxeopteriks dinozavr əcdadlarından ayrılan və yeni uçmağa başlayan ilk növdür. Lakin əslində arxeopteriksin fosilləri üzərində aparılan son təhlillər bu izahın elmi cəhətdən əsassız olduğunu göstərir. Bu quş ara keçid forması deyil, sadəcə dövrümüzün quşlarından bir az daha fərqli xüsusiyyətlərə malik olan nəsli kəsilmiş quş növüdür.

Arxeopteriksin yaxşı uça bilməyən “yarı quş” olması tezisi yaxın dövrə qədər təkamülçü mənbələrdə çox tez-tez dilə gətirilirdi. Bu canlının “sternum”-unun, yəni döş sümüyünün olmaması canlının uça bilməməsinin ən mühüm dəlili kimi göstərilirdi. (Döş sümüyü uçmaq üçün lazımlı olan əzələlərin birləşdiyi döş qəfəsinin altında yerləşən sümükdür. Dövrümüzdə uçan və ya uçmayan bütün quşlarda, hətta quşlardan tamamilə fərqli ailəyə məxsus olan uçan məməli yarasalarda belə bu döş sümüyü var).

Ancaq 1992-ci ildə tapılan yeddinci arxeopteriks fosili bu arqumentin səhv olduğunu göstərdi. Çünki tapılan bu son arxeopteriks fosilində təkamülçülərin uzun zaman boyu olmadığını hesab etdikləri döş sümüyü var idi. Bu tapıntı arxeopteriksin tam uça bilməyən yarı-quş olması iddialarını əsassız etdi.

Digər tərəfdən arxeopteriksin əsl mənada uça bilən quş olduğunun ən mühüm sübutlarından biri də heyvanın tüklərinin quruluşu oldu. Arxeopteriksin dövrümüzün quşlarınınkından fərqi olmayan asimmetrik tük quruluşu canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Məşhur paleontoloq Karl O.Dunbarın bildirdiyi kimi, “tüklərinə görə bu məxluq tam quş xüsusiyyəti daşıyırdı”. (Carl O. Dunbar, Historical Geology, New York: John Wiley and Sons, 1961, səh. 310)

Paleontoloq Robert Karol isə bu mövzunu belə izah edir: Arxeopteriksin uçuş tüklərinin geometriyası dövrümüzün uçan quşlarınınkı ilə tamamilə eynidir, uçmayan quşların isə tükləri simmetrikdir. Tüklərin qanaddakı nizamı da dövrümüzün quşlarınınkı ilə bənzərdir…

Van Tayn və Berqerin fikrincə, arxeopteriksin qanadlarının ölçüsü və forması toyuq cinsindən olan quşlar, qumrular, ağacdələnlər, cüllütlər və ağaca qonan oxuyan quşların çoxu kimi məhdud bitki örtüyünə məxsus çöllərdə hərəkət edən quşlarınkına bənzərdir…

Uçuş tükləri ən az 150 milyon ildən bəri sabitdir (dəyişməmişdir).( Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, səh. 280-81)

Arxeopteriksin tüklərinin ortaya çıxardığı başqa bir həqiqət isə bu canlının istiqanlı olması idi. Məlum olduğu kimi, sürünənlər və dinozavrlar soyuqqanlı, yəni bədən temperaturlarını özləri verə bilməyən, ətraf mühitin bədən temperaturlarını tənzimləyən canlılardır. Quşlardakı tüklərin ən mühüm funksiyalarından biri də bədən temperaturunu qorumalarıdır. Arxeopteriksin tüklü olması onun dinozavrların əksinə, istiqanlı olduğunu, yəni bədən temperaturunu qorumağa ehtiyacı olan əsl quş olduğunu göstərirdi. 

Arxeopteriks

Dişlər, pəncələr və digər orqanlar

Təkamülçü bioloqların arxeopteriksi ara keçid forma kimi göstərərkən əsaslandıqları ən mühüm iki cəhət isə bu canlının qanadlarının üzərindəki pəncələri və ağzındakı dişləridir. Arxeopteriksin qanadlarında pəncələrinin və ağzında dişlərinin olduğu doğrudur, ancaq bu xüsusiyyətləri canlının sürünənlərlə hər hansı əlaqəsi olduğunu göstərmir. Çünki dövrümüzdə yaşayan iki cür quşda–touraco corythaix və opisthocomus hoazində də budaqlara yapışmağa kömək edən pəncələr var. Bu canlılar heç bir sürünən xüsusiyyəti daşımayan tam formalı quşdurlar. Ona görə də arxeopteriksin qanadlarında pəncələrinin olması və bu səbəbdən də ara forma olması iddiası əsassızdır. Arxeopteriksin ağzındakı dişləri də canlını ara forma hesab etməyə əsas vermir. Təkamülçülər bu dişlərin sürünən xüsusiyyəti olduğunu irəli sürərək yanılırlar. Çünki dişlər sürünənlərin tipik xüsusiyyəti deyil. Dövrümüzdə bəzi sürünənlərin dişləri var, bəzilərininki isə yoxdur. Daha da önəmli olan cəhət budur ki, dişli quşlar təkcə arxeopterikslə məhdudlaşmır. Dövrümüzdə dişli quşların artıq yaşamadıqları doğrudur, ancaq fosillərə baxdıqda istər arxeopteriks ilə eyni dövrdə, istərsə də daha sonra, hətta dövrümüzə olduqca yaxın tarixlərə qədər “dişli quşlar” adlandırılan fərqli quş qrupunun yaşadığını görərik.

Ən mühüm məsələ isə ondadır ki, arxeopteriks və digər dişli quşların diş formaları bu quşların “təkamül əcdadları” hesab edilən dinozavrların diş formalarından çox fərqlidir. L.D.Martin, J.D.Stuart və K.N.Uetstoun kimi məşhur ornitoloqların apardıqları ölçmələrə əsasən, arxeopteriksin və digər dişli quşların dişlərinin üstü düzdür və kökləri genişdir. Lakin bu quşların əcdadı olduğu iddia edilən teropoddinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır.( L.D.Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cild 98, 1980, səh. 86)

Eyni tədqiqatçılar eyni zamanda arxeopteriks ilə onun “əcdadları” hesab edilən teropod dinozavrlarının bilək sümüklərini müqayisə etmişlər və aralarında heç bir bənzərlik olmadığını üzə çıxarmışlar. (L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cild 98, 1980, səh. 86; L. D. Martin “Origins of Higher Groups of Tetrapods”, Ithaca, New York: Comstock Publising Association, 1991, səh. 485, 540)

Arxeopteriksin dinozavrlardan təkamül yolu ilə törədiyini iddia edən qabaqcıl təkamülçülərdən biri olan Con Ostromun bu canlı ilə dinozavrlar arasında irəli sürdüyü bəzi “bənzərliklər”-in isə əslində səhv şərh olduğu S.Tarsitano, M.K.Hext və A.D.Uolker kimi anatomistlərin tədqiqatları ilə aşkar olmuşdur. (S. Tarsitano, M. K. Hecht, Zoological Journal of the Linnaean Society, cild 69, 1985, səh. 178; A. D. Walker, Geological Magazine, cild 177, 1980, səh. 595) 

A.D.Uolker arxeopteriksin qulaq hissəsini də tədqiq etmiş və qulaq formasının da dövrümüzün quşlarınınkı ilə eyni olduğunu bildirmişdir. (A. D. Walker, as described in Peter Dodson, “International Archaeopteryx Conference”, Journal of Vertebrate Paleontology5(2):177, iyun 1985)

Ardı var...

R.Əkbərov

15 noyabr 2014
GO BACK