Qələmkarlıq
Lap qədimlərdən mövcud olan bu sənətkarlıq növünün mahiyyətini kətan və ipək parçaya naxış vurma təşkil edir. Parçanı bəzəyəcək nəbati və həndəsi naxışlar əvvəlcə bərk taxtadan qəlib kimi kəsilir, sonra isə rəngə batırılaraq səthə vurulur. Baş örtüklərində, yaylıqlarda və kəlağayılardakı naxışlar ipək, müxtəlif süfrələri, pərdələri bəzəyən naxışlar isə kətan parçalara vurulur. Bu cür qələmkarlıq nümunələri–basma parçalar Şamaxı, Gəncə, Naxçlvan, Bakı, Şəki, Təbriz və digər şəhərlərdə, eləcə də Basqal kəndində (İsmayıllı rayonu) hazırlanırdı. Məşhur türk səyyahı Övliya Çələbinin (XVII əsr) Azərbaycan səfərini əks etdirən yol qeydlərində ölkə ərazisində, xüsusilə də Naxçıvanda yüksək keyfiyyətli basma parçalarının istehsal olunduğu və satılmaq üçün bir çox xarici ölkələrə göndərildiyi vurğulanıb.
Kəlağayı ustası hazır nümunəni qurudarkən, XX əsr, Şəki.
Kəlağayıya naxış vurulması, XX əsr, Şəki.
Xatəmkarlıq
Latın dilində “təbəqə və qabıqla, mərmərlə örtürəm” mənasını verən xatəmkarlıq (inkrustasiya) dekorativ-tətbiqi sənətin özünəməxsus bir növü olmaqla əşyaların və binaların bəzədilməsində, onlara estetik görkəm verilməsində istifadə olunur. Bu prosesdə hər hansı səthə əlavə olunan – oyulub yerləşdirilən naxış və təsvirlər mərmər, keramika, metal, ağac, sədəf və digər materialdan olmaqla rənginə, digər xüsusiyyətlərinə görə fərqlənir. Azərbaycanda lap qədimdən məlum olan bu sənət növü bu gün də yaşadılmaqdadır. Xatəmkarlığın bədii-texniki imkanlarını özündə ifadə edən mücrü, qələmdan, güzgü, nərdtaxta, rəhil, musiqi alətləri, eləcə də müxtəlif formalı memarlıq elementləri bu qəbildəndir.
Sədəflə bəzədilmiş tar, XX əsr.