Yuxu həşəratlardan məməlilərə qədər bütün canlıların təbii qidasıdır. Canlıların bəzisi buz üzərində üç dəqiqə, bəzisi bir budaqdan yapışıb fasiləsiz 20 dəqiqə yataraq bu ehtiyaclarını ödəyirlər. Aralarında tək ayaq üstündə, bir gözü açıq və hətta üzərkən yatanları da var. Ancaq canlıların bir çoxunun özlərini qoruyan yuxuları var ki, bu yuxu həftələrlə, hətta aylarla davam edə bilər: qış yuxusu…
Həyatı dayandıran qış fəsli
Qış fəsli bir çox canlı üçün həyatın bir növ dayandığı mərhələdir. Qış boyu bitkilərin çoxu böyüməni dayandırır. Bu, həyatlarını davam etdirmək üçün lazımi tədbirdir. İstiqanlı heyvanlar üçün vəziyyət daha fərqlidir, onlar da bir növ həyatlarını dayandırırlar. İstiqanlı canlılar bədən temperaturlarını müəyyən dərəcədə saxlamalıdırlar. Ancaq bədən temperaturunu qorumaq çox böyük problemdir, çünki məməlilərin bədən temperaturu ətraf mühitin temperaturundan çoxdur. Bu yüksək temperaturu əldə etmək üçün artıq enerjiyə ehtiyacları var, bunu ancaq qidalardan əldə edə bilərlər. Ancaq qışda heyvanlar çətinliklə yem tapırlar. Buna görə bir çox quş növü Yaradıcının ilhamı ilə payızda isti cənub ölkələrinə köç edərək bu problemdən xilas olmağa çalışır. Quşlar kimi bəzi böyük ot yeyən məməlilər də köç edirlər. Ancaq bəzi məməli heyvanlar üçün bu cür səfər qeyri-mümkündür. Buna görə də fərqli metodla özlərini qorumağa çalışırlar, bu metod qış yuxusudur.
Qurbağa
Bəzi qurbağaların qış yuxusu zamanı bədənlərində buz kristalları əmələ gəldiyi aşkar edilmişdir. Boz ağac qurbağası və bahar qurbağası kimi növlərin hamısı şaxtalı qışın hökm sürdüyü coğrafi ərazilərdə yaşayırlar. Qış yuxusuna getdikdə bu canlılarda heç bir həyat izinə rast gəlinmir. Ürək döyüntüləri, tənəffüs və qan dövranı tamamilə dayanır.
Ağac qurbağasının və digər canlıların ən əsas xüsusiyyəti isə bol miqdarda qlükoza hasil etmələridir. Qlükoza hüceyrələrdən suyun çəkilməsinin qarşısını alır, beləcə, hüceyrə büzülmür. Beləliklə, qurbağanın hüceyrələri donmadan zərər görmür.
Tısbağa
Oktyabr ayından etibarən havalar soyuduqca və yem azaldıqca tısbağaların bədən fəaliyyətləri azalır və özlərini qorumaq üçün yuxuya gedirlər. Ürək döyüntüləri və tənəffüsləri yavaşlayır. Oktyabr-mart ayları qış yuxusu ilə keçir.
Ağ ayı
Balalamağa hazırlaşan dişi ağ ayı qış yuxusuna getdikdə heç enerji sərf etməmək və balalarının daha yaxşı qidalanmasını təmin etmək üçün maddələr mübadiləsinin sürətini zəiflədir. 7 ay ərzində maddələr mübadiləsindəki yağı zülala çevirir və balalarını qidalandırır. Bu 7 ayda özü heç qidalanmır. Ürək döyüntüsünü dəqiqədə 70-dən 8-ə salır və maddələr mübadiləsini yavaşladır. Bu dövrdə yemək yemədiyinə görə, təbii ehtiyacları da olmur. Beləcə, balalarını doğacağı dövrdə artıq enerji sərf etmir.
Soyuqdan qoruyan qalxan: qış yuxusu
Qütblərdə yaşayan canlıların qalın kürkləri onları soyuqdan qoruyur. Ancaq bəzi kiçik məməli heyvanlar qalın kürklərinə baxmayaraq temperaturu tez itirir və təcili enerji əldə etməli olurlar.
Bundan əlavə bəzi canlıların kürkü o qədər də qalın deyil, buna görə də onlar bədənlərini isti saxlayan oyuqlara, torpağın altında qazdıqları tunellərə sığınırlar. İsti yuva ilə yanaşı yemə də ehtiyacları var. Bəzi siçan növləri buna görə qidanın bol olduğu dövrlərdə bədənlərində yağ ehtiyatı saxlayırlar. Ancaq xüsusilə həşəratlarla qidalanan canlıların bu cür imkanı yoxdur və həyatda qalmaq üçün mümkün olduğu qədər az enerjidən istifadə etməlidirlər. Bunu isə ancaq qış yuxusu ilə bacarırlar.
Qış yuxusunda bədən temperaturu normadan aşağı (38ºC-dən 10ºC-yə) düşür və ürək döyüntüləri yavaşlayır (4 saniyədə 1 dəfə döyünür). Bu dərin yuxu zamanı bəzi heyvanlar hətta ölü kimi görünürlər.
Heyvanlardakı möcüzəvi qış şüuru
Qış yuxusuna gedən heyvanlar möcüzəvi şəkildə bütün yaz boyu sanki qış üçün hazırlıq gördüklərini dərk edirmiş kimi hərəkət edirlər.
Hazırlıq olaraq, əvvəlcə, öz çəkilərindən iki dəfə artıq kökəlirlər. Qışda bədənlərinin nə cür çətinliklərlə qarşılaşacağını, uzun yuxu dövründə heç nə yemədən həyatda qalmalı olduqlarını sanki hesablayaraq hərəkət edirlər.
Qış yuxusuna gedən heyvanların digər möcüzəvi davranışı isə doğulduqları andan etibarən qarşılaşdıqları ilk qış ayında temperaturun düşəcəyini, bütün bitki örtüyünün qar altında qalacağına görə heç bir qidanın qalmayacağını və buna görə, yay boyu kökələrək bədənlərində ehtiyat qida toplamalı olduqlarını bilmələridir. Bunu bir körpənin doğulduğu anda qarşılaşacağı bütün çətinlikləri bilərək bunun üçün tədbir görməsinə bənzədə bilərik. İnsanlar üçün belə vəziyyət qeyri-mümkündür. Ancaq heyvanlar Allahın ilhamı ilə hərəkət edərək bu möcüzəvi davranışı doğulduqları andan etibarən həyata keçirirlər.
Şüurlu insan belə bədən temperaturu və ürək döyüntüsü kimi orqanizmin funksiyalarını özü tənzimləyə bilməz. Bu, ancaq texnoloji və mürəkkəb cihazlarla qismən mümkündür. Halbuki, qış yuxusuna gedən heyvanların əksəriyyəti sanki bilirmiş kimi bədənlərini artıq enerji sərf etməsinin qarşısını almağa çalışırlar.
Bu uzun yuxu əsnasında heyvanın bədən temperaturu yarıya düşür. Ürək, qaraciyər və digər orqanların işləməsi üçün az enerji tələb olunduğuna görə tənəffüs və ürək döyüntüləri həddindən artıq yavaşlayır. Ancaq bəzi heyvan növləri çətin qış şəraitində bu tədbirlərə baxmayaraq soyuqdan donma təhlükəsi zamanı dərhal oyanaraq bədən temperaturlarını artırır və yenidən yuxuya gedirlər. Bu cür dəqiq funksiyaları yuxuda həyata keçirən heyvanlar bütün bunları özləri dərk edə bilməzlər. Bu canlılara bütün heyranedici davranışlarını aləmləri yoxdan yaradan, sonsuz mərhəmət sahibi uca Allah ilham edir.
Sibir ayısı
Boz Sibir ayısı payızda kökəldikdən sonra yuvasına çəkilir və aylarla (4-7 ay) davam edən qış yuxusuna gedir. Ayının 37º olan bədən temperaturu qış yuxusu zamanı 5-6 dərəcə azalır. Buna baxmayaraq ürək döyüntüləri və tənəffüsü daha da yavaşlayır. Buna görə ümumi maddələr mübadiləsinin sürəti də 50-60-a düşür. Ayı bu dövrdə qidalanma da daxil olmaqla heç bir həyati funksiyasını yerinə yetirmir. Bununla yanaşı su itkisi də baş vermir. Çünki yuxu zamanı öz piyindən (lipidlərindən) əsas enerji və su mənbəyi kimi istifadə edir.
Ayılar
Ayılar yay fəslində gündə 20.000 kalori qəbul edirlər. Normal şəraitdə gündəlik qəbul etdikləri kalorinin 4000-dən çox olmadığını nəzərə alsaq, bu rəqəmin nə qədər böyük olduğu daha yaxşı məlum olar. Xüsusilə qış yuxusuna getməzdən əvvəlki son günlərdə tərkibində qatran olan çətin həzm olunan bitkiləri yeyirlər. Bundan əlavə ayılar qış yuxusu boyu bədən temperaturlarını tənzimləyirlər. Bunun üçün temperaturlarını müəyyən səviyyədə saxlamaq və rahat yatmaq üçün quru otlar və yarpaqlardan özlərinə yataq düzəldirlər. Habelə yatış vəziyyətləri də bu temperaturu qorumağa xidmət edir.
Yarasa
Gecə quşları olan yarasalar qışı mağaralarda və ya kömür şaxtalarında keçirirlər. Çünki bu yerlər qış yuxusu üçün lazım olan donma dərəcəsindən yüksək temperatura və rütubətə malikdir.
Akulalar
İri akulalar da dənizlərdəki bir çox canlı kimi planktonlarla qidalanırlar. Şimal dənizində oktyabr ayında planktonlar azaldığına görə akulalar qida axtararkən daha çox enerji sərf etməli olurlar. Buna görə bir müddət sonra gücdən düşür, yemək axtarmaqdan əl çəkib dənizin dibinə çökür və qış yuxusuna gedirlər. Okeanın dərinliklərində aylarla hərəkət etmədən və qidalanmadan yaşayırlar. Bu zaman ürək döyüntüləri həddindən artıq yavaşlayır.
Qış yuxusuna gedən bütün heyvanların ortaq xüsusiyyəti bu möcüzəvi davranışlarına baxmayaraq şüurlarının olmamasıdır. Halbuki, bu heyvanların əksəriyyəti sanki nə etməli olduqlarını bilirmiş kimi öz bədənlərini artıq enerji sərf etməkdən xilas etməyə çalışırlar. Əlbəttə, bu canlıların qış yuxusuna getməzdən əvvəl xüsusi sistemlə hazırlıq görməsi Yaradıcının ilhamı ilə baş verir.
İzhar Kazımov