Qadin.NET / Yohan Kristian Dal

Yohan Kristian Dal

Yohan Kristian Dal (1788-1857)

Norveç rəssamlıq məktəbinin banisi hesab edilən Yohan Kristian Dal (1788-1857) kasıb ailədə böyüdüyünə görə uşaqlıqda yaxşı təhsil ala bilməmişdir, amma onun çox istedadlı olduğunu görən yerli dyaçok (dyaçok-provaslavlarda ruhani rütbəsi olmayan kilsə xadiminə deyilir) Yohana pulsuz dərs deməyə başlayır. Dyaçok elə fikirləşirdi ki, Yohan da böyüyəndə onun kimi kilsədə işləyəcək, keşiş olacaq, amma Yohan ancaq rəsm çəkmək istəyirdi, başqa heç nə. Bunu görən dyaçok gənc Yohanın rəsm dərsləri almasının qeydinə qalır. Bir müddət keçdikdən sonra 15 yaşlı Yohan öz dövrünün tanınmış rəssamı Yohan Georg Müllerin yanına gedib 1803-1809-cu illər ərzində ondan dərs alır. 

Yohan Kristian Dal

Bergendəki Avaldenes kilsəsinin xarabalıqları. Rəsm 1820-ci ildə çəkilmişdir. 

Yohan Kristian Dal 1809-cu ilə kimi Bergendə tanınmış rəssam Yohan Georg Müllerin yanında fərdi dərslər almışdır. Bundan sonra o, artıq müstəqqil formada işləməyə başlamış və çəkdiyi rəsmlər Bergenin varlı adamları tərəfindən müsbət qiymətləndirilmişdir. Amma bu onun üçün az idi, Yohan ali təhsil almaq istəyirdi. Odur ki, Bergen kafedral məktəbinin müəllimi Lüder Sagen Y.K.Dalın Kopenhagen İncəsənət Akademiyasında təhsilini davam etdirməsi üçün şəhərin varlı ailələrindən ianə toplamağa başlayır. Beləliklə, 1811-ci ildə Yohan Kristian Dal zəmanət məktubu ilə birlikdə Danimarkanın paytaxtı Kopenhagenə gedir.

Akademiyaya daxil olduqdan sonra Yohan Dal öz üzərində durmadan çalışır və günü-gündən inkişaf edirdi. O, bu illər ərzində çoxlu dostlar əldə etmişdi. Onlardan biri də realizm janrında mahir bilgilərə məxsus olan rəssam K.B. Ekesberg idi. Yohanın yaradıcılığında Ekesbergin təsiri çox böyükdür.

7 il Kopengahen İncəsənət Akademiyasında təhsil alan Y.K.Dal XVII əsr Holland mənzərə janrının bütün sirrlərinə yiyələnir. Akademiyanı bitirdikdən sonra Y.K. Dal xarici ölkələrə səfər etməyi planlaşdırır.

 

Yohan Kristian Dal

“Yelkənlı gəminin Kopenhagen limanına yan alması”

Yohan Kristian Dal 1812-ci ildən Kopenhagendə keçirilən müxtəlif sərgilərdə iştirak etməyə başlamışdı, amma onun Danimarka şahzədəsi Kristian Frederiklə olan tanışlığı 1815-ci ildən başlamışdır. Belə ki, həmin ildə Kopenhagendə keçirilmiş sərgidə 13 rəsm əsəri ilə iştirak edən Yohan Dal şahzadə Kristian Frederikin təəssüratlarında dərin iz buraxa bilir və rəssamın böyük sənətinə valeh olan Danimarka şahzadəsi o gündən sonra daimi olaraq Yohan Kristian Dala himayədarlıq etməyə başlayır.

Yohan Kristian Dal 1820-ci ildə Danimarka şahzadəsi Frederikin dəvəti ilə İtaliyanın Neapol şəhərinə yola düşür. 10 ay Neapolda qaldıqdan sonra 1821-ci ilin fevral ayında o, İtaliyanın paytaxtı Romaya səfər edir. Burda o, bir sıra muzeyləri, sərgi salonlarını, tarixi-mədəniyyət yerlərini gəzib dolaşır və dünya görüşünü daha da inkişaf etdirir. İtaliyada olarkən o, çoxlu sayda eskizlər və rəsmlər çəkir. Ən əsası, o, öz dövrünə görə İtaliyada yaşayan və çox tanınmış heykəltəraş, skandinavilyalı olan Bertel Turvaldsenlə tanış olur. 1821-ci ilin iyun ayında Yohan Dal İtaliyanı tərk edib Drezdenə gəlir.

1824-cü ildə Yohan Kristian Dal Drezden İncəsənət Akademiyasında professor kimi fəaliyyətə başlayır. 1826-cı ildə Yohan bir sıra xarici ölkələrə səfər edir və çoxlu sayda rəsmlər çəkir. İndi o demək olar ki yaradıcılıqda və karyerasında hər şeyə nail olmuşdu, bircə niskili tez-tez vətəni Norveçə gedib orda yaradıcılığını davam etdirmək idi. 

Yohan Kristian Dal

Vezuvi vulkanının püskürməsi, 1820.

1818-ci ildə Norveç rəssamlıq məktəbinin banisi, mənzərə janrının mahir ustası, tanınmış rəssam Yohan Kristian Dal Kopenhagen İncəsənət Akademiyasında təhsilini başa vurub Almaniyanın Drezden şəhərinə gəlir. Onun fikri belə idi ki, əvvəl İsveçrəyə getsin, oradan da İtaliyaya səfər etsin, ən sonda isə Danimarkaya qayıdıb orada yaşasın, amma tale belə gətirdi ki o, həmişəlik olaraq Drezdendə qalası oldu.

Drezden şəhəri o vaxtlar Avropanın ən zəngin tarixi-mədəniyyət mərkəzlərindən biri idi və odur ki, burda olarkən Yohan Dal bir-birinin ardınca sərfəli sifarişlər alır və get-gedə tanınmağa, məşhurlaşmağa başlayırdı. O, çox keçmir ki, rəssam Kaspar Devid Fridrix ilə dostlaşır və Fridrix onun konsultantına çevrilir. Qeyd edim ki, K.D.Fridrix də Kopenhagen İncəsənət Akademiyasını bitirmişdi.

2 ildən sonra Yohan Dal baronessa Emili fon Blokla ailə qurur və həmin ildə də, yəni 1820-ci ildə onlar İtaliyaya səyahət edirlər. Bu səhayəti yeni ailə qurmuş cütlüklər üçün Danimarka şahzadəsi Frederik təşkil etmişdi. Şahzadə şəxsən özü onları Neapol şəhərinə dəvət etmişdi. 

Yohan Kristian Dal

Bədrlənmiş ay işığında Drezden şəhərinin görünüşü. Rəsm 1839-cu ildə çəkilmişdir. 

Yohan Kristian Dal müəyyən fasilələrlə, 1834, 1839, 1844 və 1850-ci illərdə Norveçə səfər etmiş və onu qeyd edim ki, vətənində çəkdiyi rəsmlərinin sayı kifayət qədərdir. O, Norveçin müxtəlif yerlərindəki müxtəlif fəsillərdə təbiətin bəxş etdiyi rəngarəng görüntüləri məharətlə kətan üzərinə köçürə bilmişdir.

İlk dəfə olaraq Yohan Dal Norveçin müxtəlif şəhərlərində fəaliyyət göstərən rəssamları bir yerə yığıb onların cəmiyyətini yaratmışdır. Bundan başqa o, hal-hazırda Osloda (o vaxt bu şəhər Kristianiya adlanırdı) fəaliyyət göstərən Milli Qalereyanın da yaradılmasının başlıca təşəbbüskarlarından biridir. Hal-hazırda onun əsərlərinin əksəriyyəti məhz həmin Qalereyada (Milli İncəsənət, Arxitektura və Dizayn Muzeyi ) qorunub saxlanılır.

Yohan Kristian Dalın gördükləri işlər bununla bitmir. 1837-ci ildə o, Norveçdəki taxtadan tikilmiş kilsələr haqda öz hesabına kitab nəşr etdirmişdir. Bundan başqa o, Bergendəki Hokonshallen sarayının kral zalının yenidən bərpası üzərində çalışmışdır. Qeyd edim ki, bu saray vaxtılə Bergen krallarına məxsus imiş. Yohan Dal eyni zamanda Norveçin Tronhaym şəhərində yerləşən Nidarros kilsəsinin bərpa edilməsi sahəsində də xeyli işlər görmüşdür. 1844-cü ildə isə o, Norveç Tarixi-Memarlıq Abidələri Assosiasiyası”-nın yaradılmasında əlindən gələni etmişdir.

Yohan Kristian Dal

“Stalhaym. Göyqurşağı”. Rəsm 1842-ci ildə çəkilmişdir. 

Yohan Kristian Dal

Kristian Albrext Jensen (1792-1870) Yohan Kristian Dalın portreti. Portret 1815-ci ildə yağlı boya ilə çəkilmişdir, ölçüsü 43×57 sm-dir. 

Norveç rəssamlıq məktəbinin banisi Yohan Kristian Dalın 69 illik həyat yoluna baxdıqda görərik ki, o, bəxti gətirən və şanslı bir adam olmuşdur. Allaha çox inanan Yohan hər zaman düşünürdü ki, əgər yaradıcı qüvvə istəsə, o bütün uğurlara nail olacaq, amma onun ailə həyatının uğuru çox az sürdü, cəmi 7 il…

32 yaşında, yəni 1820-ci ildə evlənən Yohan Kristian Dal 39 yaşında dul qalır. Həyat yoldaşı baronessa Emili fon Blok dördüncü uşağını dünyaya gətirəndə vəfat edir və Yohan Kristian Dalı 4 balaca uşaqla tənha qoyub gedir. Qayğısız və diqqətsiz qalan uşaqlardan ikisi 2 ildən sonra xəstələnib vəfat edirlər. İlk həyat yoldaşının vəfatından 3 il sonra, 1830-cu ildə Yohan Kristian Dal yenidən evlənir. Bu dəfə o, öz tələbəsi Amali fon Bassevitslə ailə qurur. Tale elə gətirir ki, Amali ilk uşağını dünyaya gətirərkən həyatla vidalaşır. Hələ bu azmış kimi onun dünyaya gətirdiyi körpə də bir müddətdən sonra vəfat edir. Bir-birinin ardınca baş vermiş bədbəxt hadisələr rəssamı güclü depressiyaya salır. O, bir müddət heç nə çəkmir. Amma onun 2 uşağı hələ sağ idi, Karolin və Siqvald. Onları böyütmək lazım idi.

Aylarla fasilə verdiyi ən sevimli işinə qayıtmaq asan olmadı və Yohan Kristian Dal uzun müddətli fasilədən sonra yenidən fırçasını əlinə aldı.

1857-ci ilin 17 oktyabr tarixində Yohan Kristian Dalın həyat şamı söndü. O, Drezdendəki evində qısa sürən xəstəlikdən sonra tənhalıqda vəfat etdi. Vəfatından 5 il sonra Norveçin Bergen şəhərində, rəssamın doğma vətənində ona heykəl qoydular. Heykəlin müəllifi norveçli heykəltəraş Ambrosia Tonnesen idi. 77 ildən sonra isə 1934-cü ildə onun qalıqlarını Drezdendən Bergenə gətirib öz vətənində-Müqəddəs Yakob kilsəsinin qəbiristanlığında yenidən torpağa tapşırdılar.

Yohan Kristian Dal Norveç kralı tərəfindən Müqəddəs Olav Şərəf Nişanı Ordeninə, həmçinin, İsveç kralı tərəfindən Vaza Şərəf Nişanı Ordeninə və eyni zamanda Danimarka kralı tərəfindən Danimarka Bayrağı Şərəf Nişanı Ordeninə layiq görülmüşdür. Beləliklə o, Skandinaviyanın 3 ən böyük mükafatının hamısına layiq görülmüşdü.

2 oktyabr 2014
GO BACK