Qadin.NET / Vitgenşteyn fəlsəfəsi

Vitgenşteyn fəlsəfəsi

 

Vitgenşteyn fəlsəfəsi

 

Fəlsəfənin təyinatı hər zaman mübahisəli olmuşdur. Doğurdandamı fəlsəfə öz problemlərini özbaşına öz metodları ilə həll etməyə qadirdir, fəlsəfə verdiyi suallara cavab verirmi? Geniş yayılmış bir fikrə görə fəlsəfənın vəzifəsi suallar verməkdir, onu cavablandırmaq deyil. Fəlsəfə öz problematikasını hər dəfə dəyişməyə məcbur qalıb. Yüzillər ərzində onu məşğul edən suallara cavablar çox vaxt fəlsəfənin özü tərəfindən verilməyib. Öncə din, sonra da elm tərəfindən sıxışdırılıb. Fəlsəfə hər zaman elm və din məngənəsində sıxılmış vəziyyətdə qalıb. İndiki dövrdə daha çox elm. Fəlsəfənin təyinatı problemi 20-ci yüzil fəlsəfəsinin, daha doğrusu, linqvistik fəlsəfənin mərkəzində durur. 20-ci yüzildə İngiltərədə mütləq idealizm fəlsəfəsi hakim mövqedə idi. İngiltərə universitetlərinin fəlsəfə doktorları real həyatdan uzaq düşmüş, elm tərəfindən qəbul olunmayan və insanların marağında olmayan klassik fəlsəfi problemləri müzakirə edirdilər.

İngiltərənin fəlsəfi mühiti sağlam fikirdən (common sense) uzaq düşmüş durumda idi. Sağlam fikir deyərkən hamı tərəfindən qəbul olunmuş, həqiqiliyinə heç bir şübhə olmayan, insanlar tərəfindən anlaşılan mülahizələrdən ibarət dil nəzərdə tutulur. Bu dil məişət dilinin tərkibində, amma ondan fərqli dildir və bu dildə bəzi uydurma inanışlar qəbul olunmur. Mütləq idealizmə qarşı sağlam fikri qoyan Corc Edvard Mur mütləq idealizmin problemlərini həqiqətdən uzaq elan etdi və fəlsəfədə yeni bir hərəkatın, linqvistik hərəkatın başlanğıcını qoydu. Bundan sonra fəlsəfə problemləri dil nöqteyi nəzərindən qiymətləndirilməyə başlandı. Fəlsəfə dildəki yanlışlıqların nəticəsi kimi nonsens elan olundu. Yeni fəlsəfənin əsas problemi düşünülə bilən və düşünülə bilinməyəni tapmaq və fəlsəfəni cəfəng problemlərdən təmizləmək idi. Sanki fəlsəfə özü özünün probleminə çevrilir. Bu məsələdə filosoflar iki yerə bölündü: bir qisim filosoflar hesab edirdi ki, fəlsəfəni təmizləmək və həqiqi fəlsəfə dili yaratmaq üçün sağlam fikirdən istifadə olunmalıdır. Digər qisim filosoflar isə əksinə, ideal dil yaradılmalı olduğunu müdafiə edirdilər. Bu yazı da mənim haqqında yazmaq istədiyim yaradıcılığının birinci dövründə ideal dil tərəfdarı olan, ikinci dönəmdə isə sağlam fikir tərəfə keçən filosof Vitgenşteyn haqqındadır. Daha doğrusu, onun yaradıcılığının birinci mərhələsi haqqında. Bu mərhələdə onun fəlsəfəsinin şah əsəri “Məntiqi-fəlsəfi traktat”-dır.İkinci mərhələnin şah əsəri isə “Fəlsəfi araşdırmalar” adlanır.
Vitgenşteyn də Kant kimi düşüncənin sərhədlərini müəyyənləşdirməyə çalışırdı. Ancaq Kantdan fərqli olaraq o bunu birbaşa yox, dolayı yolla edirdi, yəni dilin sərhədlərini müəyyənləşdirməklə. O düşünürdü ki, düşüncə dil əsasında formalaşır, deməli, dilin sərhədlərini müəyyən etmək, düşünülə bilənlə, düşünülə bilməyən arasında demarkasiya xəttini tapmaqla düşüncənin də sərhədlərini tapmaq olar və bununla da bütün fəlsəfi problemlərə aydınlıq gəlmiş olar. Vitgenşteyn bu problemlərinin həllini sağkən yayınlanan yeganə kitabı olan Traktatda verməyə çalışırdı və düşünürdü ki, Traktatdan sonra fəlsəfə sona çatıb. Ona görə də əsəri bitirdikdən sonra akademik fəaliyyətinə son qoyub vətəninə, Avstriyaya getmiş və bacısının yanında bir qəsəbədə yeddi il yaşamışdı.
Vitgenşteynə görə dil mülahizələrin cəmindən meydana gəlir və mülahizələr də onun atomar mülahizə (elementar) olaraq adlandırdığı mülahizələrdən meydana gəlirlər. Mürəkkəb bir quruluşa sahib olan atomar mülahizələr isə adların cəmidir. Adlarsa dilin ən son ünsürüdür. Buna müqabil olaraq dünya faktların cəmindən meydana gəlir və faktlar obyektiv vəziyyətlərin cəmidir. Mürəkkəb quruluşa sahib obyektiv vəziyyətlə isə obyektlərin cəmidir. Obyektlər dünyanın ən son ünsürü yəni substansiyasıdır. Yəni Vitgenşteyn dünya ilə dili bir-birinə paralel olaraq anlayırdı. Dünyanın təməldaşı obyektlərdir, obyektlərin adları var, hansı ki, adlar da dilin təməldaşıdır. Obyektlərin birləşməsi obyektiv vəziyyəti yaradır, obyektiv vəziyyət isə dildə atomar mülahizələrlə ifadə olunur. Obyektiv vəziyyətlər birlikdə faktları yaradır, faktlar isə dildə mülahizələrlə ifadə olunur. Mülahizə müəyyən bir şey haqqında danışan cümlədir. Mülahizələr dünyadan yox, obyektiv vəziyyətlər haqqında danışır. Obyektiv vəziyyət mülahizədə haqqında danışılan bir fakt deməkdir, amma faktın özü deyil. Buna görə mülahizə həqiqətin özü deyil. Vitgenşteynə görə, mülahizə həqiqətin təsviridir. O halda həqiqətin özü yox, həqiqətin təsviri, olaraq mülahizələrin içində iştirak etməli olduğu sahə dünya deyil məntiqdir. Mülahizələrin istiqaməti məntiqdir.
Vitgenşteyn mülahizələri üç yerə bölür:
1. Dünya haqqında mülahizələr (sintetik mülahizələr)
2. Məntiqi mülahizələr (analitik mülahizələr)
3. Metafizik mülahizələr
Dünya haqqında mülahizələr dünyaya aid bir vəziyyəti, obyektiv vəziyyəti əks etdirən, obyektiv vəziyyətə “işarə edən” mülahizələrdir. Bu mülahizələr faktlarla, hadisələrlə əlaqədardır və doğru və ya yalnış olmaları dünyanı tədqiq etməklə müəyyənləşə bilər. Bunun üçün də təcrübə, müşahidə aparmaq lazımdır. Elm bu cür mülahizələr əsasında fəaliyyət göstərir. Bu baxımdan bunlara “elmi mülahizələr” də deyilir.
Məntiqi mülahizələr doğru ya da yalnış olmaları təcrübə aparılmadan öz içlərində aydın olan tavtalogiyalardır. Məntiq mülahizələri tavtalojidir. Məsələn, dairə yumrudur, üçbucaq üç kənarlı şəkildir və s.
Metafizik mülahizələr isə nə dünya haqqında bilik verən, nə də məntiqi mülahizələr kimi doğru ya da yalnış olmaları öz içlərində aydın olan mülahizələrdir. Yəni bunlar nə doğru, nə də səhvdirlər. Bu mülahizələr heç bir məlumat verə bilməzlər. Bu səbəblə də əslində mülahizə deyillər.
Amma buna baxmayaraq metafizik mülahizələr həm dünya ilə əlaqədar empirik, həm də məntiqlə əlaqədar zəruri bilik növü olmaqda israrlıdırlar. Halbuki, bu mülahizələr elmi mülahizələr kimi təcrübəyə dayanmır və yaxud məntiqi mülahizələr kimi doğruluğu və ya yalnışlığı "a prior" olaraq məlum olmur. Məna baxımından onların məzmunu boşdur, onlar yox-mənalıdırlar. Çünki, "məna" bir mülahizənin dünyadan əks etdirdiyi şeyin forması, həqiqətin mülahizə içində dilə gətiriliş formasıdır. Bu baxımdan metafizik mülahizələr dünya ilə əlaqələri olmadığı halda kainatdan bir şey əks etdirirmiş kimi görünən mülahizələrdir. Fəlsəfənin ən böyük problemi məntiqi dünya ilə əlaqədar hesab etməsidir. Ancaq məntiq dillə əlaqədardır. Ancaq dil həm də dünyada mövcud olmayan şeylər haqqında da danışır. Elə fəlsəfə də məntiqi dünyaya aid etmək yanılmasından yaranmışdır.
Dilin məntiqi forması həqiqət tərəfindən idarə olunur, çünki o həqiqəti təsvir edir. Dil yalnız gerçək olan, faktiki olaraq mövcud olan haqqında danışmalıdır. Faktik olaraq mövcud olmayan şeylər nonsens olduğu üçün ifadə edilə bilmir. İfadə edilməməklə yanaşı bu cür mülahizələr düşünülə də bilmir. Buna baxmayaraq onlar fəlsəfənin əsasını təşkil edir. Fəlsəfənin vəzifəsi öz mülahizələrinin məntiqini açmaq, nonsens olan mülahizələri müəyyənləşdirməkdir. Vitgenşteyn fəlsəfənin bütünlüklə dil tənqidi hesab edir.
Vitgenşteyn deyilə bilməyən, düşünülməyən ancaq özünü göstərəni mistik olan adlandırır. Mistik olan düşünülməsi mümkün olmayanı ifadə edir, onlar hissiyatla bağlıdır. Vitgenşteyn düşüncəni sərhədləndirməklə həm də elmin həll edə bilmədiyi ondan kənar problemlərə də toxunur, onları yüksək şeylər adlandırır. Vitgenşteyn bu cür problemlərdən qaçmağı səsləsə də, özü problemlərlə məşğul olmaqdan da imtina etmir və əslində həmin problemləri yenidən düşünməyimizi həvəsləndirir.
Ümumilikdə Vitgenşteyn üçün fəlsəfə bilik dəyəri yüklənilmiş ancaq bilik olmayan, yox-mənalı mülahizələr əsasında mühakimələr yürüdən önəmsiz bir məşğuliyyətdir. Fəlsəfəni o, böyük bir yanılma hesab edir. Bu 20-ci əsr fəlsəfəsində fəlsəfə əleyhinə deyilmiş ən kəskin sözdür. Ancaq sonrakı Vitgenşteyn öz fikirlərini dəyişir. Düzdür, onun fəlsəfəyə qarşı münasibətində önəmli bir dəyişiklik olmur. Ancaq onun dillə bağlı fikirlərində önəmli dəyşiklik baş verir. Vitgenşteyn bəlkə də həyatı boyu iki fərqli fəlsəfə yaratmış yeganə filosofdur.

Saleh Mehdizadə

26 sentyabr 2014
GO BACK