Qadin.NET / Feuerbach haqqında tezislər

Feuerbach haqqında tezislər

Feuerbach haqqında tezislər Karl Marksın 1845-ci ildə yazdığı on bir qısa fəlsəfi qeyddir. Bu qeydlər Marksın sonralar edəcəyi idealizm tənqidinin ilkin layihəsi kimi də qəbul oluna bilər.

Marks sağlığında tezisləri nəşr etdirməmiş, ölümündən sonra Engels tərəfindən tərtib edilərək 1888-ci ildə nəşr olunur. Original mətn isə 1924-cü ildə tapılır. O əsəri sizə təqdim edirəm.

1. Feuerbachınkı da daxil olmaq üzrə indiyə qədər mövcud olan materializmin başlıca nöqsanı predmetin [Gegenstand], gerçəkliyin, hissiyatın hissi insan fəaliyyəti, praktikası olaraq deyil, subyektiv olaraq deyil, yalnız obyekt [Objekt] ya da seyr [Anschauung] olaraq qavranmasıdır. Beləliklə də, əsas istiqamət materializm əleyhinə, idealizm tərəfindən inkişaf etdirilmişdir–ancaq sadəcə mücərrəd olaraq, çünki idealizm bu formadakı gerçək, hissi hərəkəti qavraya bilmir. Feuerbach düşüncə obyektlərindən, doğurdan da, fərqlənən hissi obyektlər istəyir, amma o, insan fəaliyyətinin özünü obyektiv [gegenständliche] fəaliyyət olaraq görə bilmir. Beləcə, xristianlığın əsasındakı nəzəri faəliyyəti həqiqi, gerçək insan fəaliyyəti olaraq görür, praktika isə ancaq iyrənc, yəhudisayağı təzahür formasında qavranılır və qeyd edilir. Beləliklə, “inqilabiı” fəaliyyətin və “praktik-tənqidi” fəaliyyətin əhəmiyyətini anlamır.

2. Obyektiv [gegenständliche] həqiqətin insan düşüncəsinə aid olunub, olunmaması problemi–nəzəriyyə problemi deyil, praktik problemdir. İnsan həqiqəti, yəni düşüncəsinin həqiqətini və gücünü, bu dünyaya aidliyini [Disseitigkeit] praktikada sübut etməlidir. Praktikadan qoparılmış düşüncənin doğruluğu ya da yanlışlığı barədə mübahisə tamamilə sxolastik problemdir.

3. İnsanların dəyişən şərtlərin və tərbiyənin məhsulu olmasını iddia edən materialist təlim şərtlərin məhz insanlar tərəfindən dəyişdirildiyini və təlimçinin özünün də təlimləndirilməsinin vacib olduğu unudulur. Buna görə də cəmiyyəti biri digərindən üstün olan qismə ayırmaq məcburiyyətində qalınır. (Məsələn Robert Owendə)

Mühitin dəyişdirilməsi ilə insan fəaliyyətinin ya da öz-özünü dəyişdirmənin üst-üstə düşməsi ancaq inqilabi praktika olaraq qavrana bilər və rasional şəkildə aydın ola bilər.

4. Feuerbach dini özgələşmə baxımından, dünyanın dini və dünyəvi  olaraq ikiləşməsi baxımından yola çıxır. Onun gördüyü iş dini dünyanı dünyəvilik təməlinə müncər etməkdən ibarətdir. Halbuki, bu dünyəvi təməlin öz-özündən qopması və özünü müstəqil, buludlar arasında bir aləm olaraq anlaşılmasıdır, ancaq bu dünyəviliyin öz-özünü bölməsi və öz-özüylə ziddiyyət təşkil etməsi ilə dünyəvi təməlin hüdudlarında açıqlana bilər. Bu səbəbdən bu problemin mahiyyəti öz daxili ziddiyəti içində başa düşülməli və sonra da bu ziddiyyətin aradan qaldırılmasıyla praktika daxilində inqilabiləşdirilməlidir. Bu halda, məsələn, müqəddəs ailənin sirrinin dünyəvi ailə olduğu anlaşıldıqdan sonra dünyəvi ailənin özü də nəzəri və praktik olaraq yox edilməlidir. 

Feuerbach haqqında tezislər

5. Mücərrəd düşünmə ilə kifayətlənə bilməyən Feuerbach hissi seyrə müraciət edir, amma hissiyatı praktik-hissi insani fəaliyyət olaraq qavramır.

6. Feuerbach dini əsası insani əsasa müncər edir. Amma insani əsas tək-tək hər fərdin mahiyyətinə xas mücərrədlik deyil. İnsan ictimai münasibətlərin məcmusudur. Feuerbach bu gerçək mahiyyətin tənqidini etmir buna görə də: 1-tarixin inkişafını nəzərə almır, dini hissi [Gemüt] ayrılıqda götürərək tədqiq edir və insanı mücərrəd–təcrid olunmuş bir fərd olaraq qavrayır, 2-bu səbəbdən insanın mahiyyəti, onda ancaq bir “cins” (genus) olaraq bir çox fərdləri, sırf təbii olaraq birləşdirən daxili, dilsiz bir ümumilik olaraq görünür.

7. Bunun nəticəsi olaraq Feuerbach “dini duyğu”-nun mahiyyətinin ictimai münasibətlərin məcmusu olduğunu və təhlil etdiyi mücərrəd fərdin də əslində müəyyən bir ictimai formaya aid olduğunu görə bilmir.

8. Bütün ictimai həyat mahiyyət olaraq praktikdir. Nəzəriyyəni mistisizmə aparan bütün sirlər həllini insani praktikada və bu praktikanın başa düşülməsində tapır.

9. Seyirçi materializmin, yəni hissiyyatı praktik fəaliyyət olaraq anlamayan materializmin çatdığı ən yüksək nöqtə ayrı-ayrı təcrid olunmuş fərdlərin və vətəndaş cəmiyyətinin seyridir.

10. Köhnə materializmin baxış bucağı vətəndaş cəmiyyətdir, yeni materializmin baxış bucağı isə insan cəmiyyəti ya da ictimailəşmiş insandır.

11. Filosoflar dünyanı yalnız müxtəlif formalarda şərh etmişlər, halbuki, məsələ onu dəyişdirməkdir.

Almanca əsli (“Die Philosophen haben die Welt nur verschieden interpretiert; es kömmt drauf an, sie zu verändern.)

Saleh Mehdizadə

27 sentyabr 2014
GO BACK