Başqa Şərq ölkələri kimi Hindistanda da mədəniyyətin müxtəlif sahələri inkişaf etmişdi. Burada ədəbiyyat, incəsənət, memarlıq, təbiət elmləri sahəsində bəzi nailiyyətlər qazanılmaqla yanaşı, müxtəlif dini ehkamlar və təsəvvürlər də mövcud idi. Hindistanda əhali qədim dövrlərdə bitkilərə, aya, günəşə və çaya sitayiş edirdi. Hind-İran birliyi dövründə hindlilərin iranlılarla oxşar dini anlayışları olmuşdur. Belə ki, həm hind, həm də irandilli etnik birləşmələri oda, suya, əcdadlara, eyniadlı ilahi qüvvələrə inam bəsləyirdilər. Hindlilərin ilkin dini təsəvvürləri Riqvedada öz əksini tapmışdı.
Burada qədim hind panteonunun başında hindlilərin yerin və göyün allahı hesab etdikləri İndra dayanırdı. Eyni zamanda, ilkin dini təsəvvürlərdə od və ev himayədarı Aqni, günəş allahı Surya da təmsil olunurdu. E.ə. I minilliyin axırlarında Brahma, Vişna və Şiva allahlarına ibadət genişlənir. Allahların əksəriyyəti hətta qədim hind allahı Krişna da Vişnanın özünü onun yeni təcəssümü kimi göstərmişdi. Bu hind Allahı haqqında yayılan əfsanələrdə Krişnanın uşaqlıq və gənclik illəri öz əksini tapmışdır. Həmin əfsanələrdə, o həm də məhəbbət aşiqi, özünə qarşı sevgi hissləri təlqin edən allah təcəssümü kimi də ifadə olunur. “Mahabharata” dastanında isə Krişna hərbi bacarıq və qabiliyyətə malik cəsur bir döyüşçü kimi təsvir olunur.
Qədim Hind panteonunda təmsil olunan yüzlərlə allahlar insanlar kimi həyat sürürdülər. Qədim Hindlilər axirət dünyasına da inam bəsləyirdilər.
Hindlilərin dini təsəvvürlərinə görə ölülər allahı hesab olunan Yama mərhumları qəbul edir, sağlıqlarındakı fəaliyyətlərinə görə onlara təyinat verirdi (Cənnət yaxud Cəhənnəm). Getdikcə axirət dünyasına dair təsəvvürlər dəyişdi və hindlilər insanların həmişəyaşarlığını qəbul etdilər. Yəni guya insan öləndən sonra ruh yaşayır və başqa görkəmdə yenidən yaranır.
Yuxarıda qeyd etdiyimiz ilkin dini təsəvvürlər Hindistanda sonralar yaranmış digər dini cərəyanların ehkamlarına da öz təsirini göstərmişdir. Xüsusən də brahmanizmin formalaşmasında qədim dini təsəvvürlərin əhəmiyyətli rolu olmuşdur. Bu din öz təlimində cəmiyyətin müəyyən dərəcələrə (varna) bölünməsini əsas götürürdü. Qədim Hindistanda silk (varna) brahman, kşatri, vayşya və şudra olmuşdur. Cəmiyyətdə sosial bərabərsizliyin inkişafı, ali və zadəgan təbəqələrinin qüvvətlənməsi, əsarət altına düşən əhalinin sayının çoxalması varna (silk) ictimai sistemini möhkəmləndirirdi. Bir sözlə, cəmiyyət üzvlərinin sosial bölgü ilə fərqləndirilməsi brahmanizm təliminin əsasını təşkil edirdi.
E.ə. I minilliyin ortalarında brahmanizmlə bərabər bəzi dini təlimlər də meydana çıxmışdı. Lakin bu dinlərin ehkamları yeni yaranan dövlətlərin təlabat və mənafelərinə uyğun gəlmədiyi üçün, müxtəlif dini təsəvvürlərlə qarşıdurma şəraitində buddizm yaranmağa başladı. Buddizmin banisi, mənşə etibarilə kşatri silkinə mənsub olan Sidharth Qautama (e.ə. 566-486) öz təliminə Şimali Hindistanda başlamışdır. 29 yaşında öz ailəsini tərk edən Quatama zahid olmus və bəşəriyyətin əzablardan xilas yolunu axtarmışdır. Yeddi ildən sonra o, Budda (nurlanmış) adlandırılmışdır. Budda (Quatama) öz təlimini 40 il müddətində yaymaqla məşğul olmuş və sözsüz ki, bu fəaliyyətində onun tərəfdarlarının da mühüm rolu olmuşdur. Nəticədə çoxlu sayda rahib icmaları yaranmışdır. Eramızın I əsrində buddizmdə 2 qol: hinayana (xilaskarlığın dar yolu) və mahayana (xilaskarlığın geniş yolu) əmələ gəlmişdir. Onu da qeyd etmək lazımdır ki, bu qonların meydana çıxmasına Hindistanın ayrı-ayrı hissələrində mövcud olan sosial-siyasi şəraitin müxtəlifliyi səbəb olmuşdur.
Buddizmdə əsas yeri dörd müqəddəs həqiqət haqqında təlim tutur:
1. Yaşamaq əzab çəkməkdir.
2. Əzabların səbəbi arzulardır.
3. Əzablardan xilas olmaq üçün arzulardan çəkinmək lazımdır.
4. Arzulardan çəkinməyin çarəsi Buddanın təliminə əməl etməkdir.
Brahmanizmdən fərqli olaraq buddizm silkləri qəbul etmirdi. Buddizimə görə ictimai və silki vəziyyətindən asılı olmayaraq hər bir kəsin nirvanaya (nicata) çatmaq hüququ vardı.
Eramızın VI-VII əsrlərində Hindistanda şəhərlərin əhəmiyyətinin azalması və feodal pərakəndəliyinin güclənməsi ilə əlaqədar buddizmin tənəzzülü başlayır. XII-XIII əsrlərdə isə o, Asiyanın başqa rayonlarına keçərək meydana gəldiyi ölkədə mövqeyini itirdi.
Buddizm onu qəbul edən digər ölkələrin mədəniyyətində də öz izini qoymuşdur. Belə ki, buddizmin yayılması incəsənətin bir çox sahələrində-memarlıq, heykəltəraşlıq, rəssamlıq və ədəbiyyatda, elm və sxolastik təhsildə xüsusi sinkretik mədəni komplekslərin Budda mədəniyyətinin yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, qədim Hindistanın yüksək inkişaf etmiş mədəniyyəti vardır.
Sədaqət Məmmədova
(Ardı var)