Qadin.NET / AMAZONKALAR

AMAZONKALAR

AMAZONKALAR

AMAZONKALAR - yunan mifologiyasında xüsusi tayfa, cəngavər qadınlardır. Əfsanəyə görə, onlar Evksin Pontun (Qara dənizin) sahilərində yaşayıblar.
Paytaxtları Femiksir şəhəri olub.
Amazonkalar uşaqlıqdan nizə, ox atmağı, məharətlə at çapmağı öyrənirdilər. Onlar tayfa üzvlərinin sayını artırmaq üçün, qonşu tayfanın kişiləri ilə görüşürdülər. Sonra isə, bütün oğlan uşaqlarını həmin kişilərə verir, qızları isə özlərinə götürürdülər. Herakl gədim yunanların müharibə allahı Aresin amazonkaların çariçası İppolitaya bağışladığı sehrli kəməri almaq üçün amazonkalara qarşı çıxmışdır. Herodot özünün "Tarix" kitabının dördüncü hissəsində savromatların yaranmasından və onlar arasında "gender bərabərliyi" (əgər muasir terminologiyadan istifadə etsək) qaydalarından danışır. O göstərir ki, savromat qadınlar öz qədim adətlərini saxlayırlar: kişilər kimi geyinir, ərləri ilə, hətta onlarsız da atla ova gedir, yürüşlərə çıxırlar. Adətə görə, düşmən öldürməyən qızlar ərə gedə bilməzdilər, elə buna görə də bəzi qızlar elə ərə getməmiş ölürdülər. Herodot göstərir ki, savromatlar skiflərlə amazonkaların qarışığından törəyiblər. Amazonkaların klassik matriarxat (bax: Matriarxat) cəmiyyəti qurmaları bir sual kimi açıq qalır. Bununla belə, amazonkalar, eləcə də, savromatlar maraqlı davranış mədəniyyəti modeli təqdim edirlər. Bəzi müasir cəmiyyətlərdə (məs., Papua və Yeni Qvineya) bu davranış modellərinə indi də rast gəlmək olar. Nəq halda, arxeoloji qazıntılar göstərir ki, cəngavər qadınların iştirak etdiyi mədəniyyət Qədim Dünyada, həqiqətən də, mövcud olub. İlk tapıntılar 1972-ci ildə Orconikidze (indiki Vladiqafqaz şəhəri) şəhərinin yaxınlığında arxeoloji qazıntılar zamanı aşkar edilib. Belə ki, ailə məzarlığında yanında silahla dəfn olunmuş qadın və uşaqla basdırılmış kişi tapılıb. Digər fakt isə, 90-cı illərin ortalarında Pokrovkada tapılmış e.ə. 600-cü ilə aid böyük məzarlıqdır. Burada üç qadın tipi fərqləndirilir: atla və yaxud silahla dəfn olunmuş amazonkalar, kult (ayin) nişanələri ilə basdırılmış kahinlər və bəzəkli adi qadınlar. Bundan başqa, şimali Türkiyədə aparılan qazıntılar zamanı (Samsun şəhəri) Dündar Təpə mədəniyyətinə aid silah və döyüş atları ilə dəfn olunmuş qadın məzarları, eləcə də, içərisində qadın məzarlarının qalıqları olan qala aşkarlanıb. Bu gün tarixçilər və arxeoloqlar amazonkaların mövcudluğu haqqında Herodot tərəfindən yazılanların reallığına dair ümumi qərara gəlməyiblər. Qadınların kişi peşəsinə sahib olmaları Herodota və qədim yunanlara görə anormal sayılırdı.
AMAZONKALAR

13 avqust 2009
GO BACK