Qadin.NET / Allahın qulu Teymur

Allahın qulu Teymur

Allahın qulu Teymur

Göydə tək olan allah kimi, yerin hakimi də tək olmalidir!

Mavəraünnəhr hakiminə doqquz il lazım gəldi ki, cığatay ulusunun bütün ərazilərini tabe edib öz imperiyasını yaratsın. Ən çox müqavimət göstərən Cənubi Xarəzm oldu. Buranın hakimi Yusif Sufi hər dəfə Teymurun şərtlərini qəbul edib o gedəndən sonra bildiyini edirdi. Nəhayət, 1379-cu ildə Xarəzm Teymurun imperiyasına qatıldı. Hərçənd bundan doqquz il sonra Xarəzmdə Süleyman Sufinin başçılığı ilə yenidən üsyan qalxdı. Bu dəfə Teymur üsyanı amansızlıqla yatırdı: Sufi sülaləsinin kökünü kəsdi, ticarət mərkəzi olan Urgənci yerlə-yeksan etdi, əhalisini Səmərqəndə köçürdü.

Ölkə daxilində hərbi-siyasi birliyi bərpa edən Teymuru indi ən çox narahat edən qonşu Cuçi ulusu idi. Burada möhkəmlənən Urus xan Qızıl Ordanı da özünə tabe edib böyük xaqanlıq yaratmaq istəyirdi. Əgər bu birlik baş tutsaydı, Teymurun dövləti üçün ciddi təhlükə yarana bilərdi. Buna görə də o, Urus xanın səylərinə mane olmaq üçün bəhanə axtarırdı. Nəhayət, belə bir bəhanə onun əlinə düşdü.

1376-cı ildə Cuçi ulusundan Toxtamış adlı birisi Urus xanın əlindən qaçıb Teymurun yanına gəldi. Xan onun atasını itaətsizliyə görə öldürmüşdü. Toxtamış Əmir Teymurdan intiqam üçün qoşun istədi. Teymur düşündü ki, Toxtamışa kömək edib, onu hakimiyyətə gətirsə, bu xaqanlığı özünə ən azı müttəfiq edər. Bu fikirlə o, Toxtamışa qoşun verib yola saldı. Lakin Toxtamış Urus xanla döyüşdə məğlub oldu. Belə olduqda Teymur öz ordusu ilə hücuma keçib Urus xanı öldürdü və Toxtamışı taxta oturtdu. Lakin az keçməmiş Urus xanın siyasətini davam etdirən Toxtamış Qızıl Ordanı özünə tabe edib güclü dövlət yaratdı. Onun ordusu qonşu dövlətlərə Rusiyaya, Qafqaza, Azərbaycana, hətta Teymurun hökmranlıq etdiyi Mavəraünnəhrə hücumlar etdi.

1395-ci ildə Şimali Qafqazda, Terek sahillərində Toxtamışın ordusu ilə döyüşə girən Teymur onu darmadağın etdi. Bu döyüşdən sonra Qızıl Ordanın Volqa sahillərindəki, Krımdakı, Şimali Qafqazdakı bir çox şəhərləri talan edildi, əhalisi əsir alınıb qul kimi satıldı.

Əmir Teymurun Xarəzmə və Qızıl Ordaya qarşı yürüşləri Orta Asiyada möhkəmlənmək və güclü dövlət yaratmaq məqsədi güdürdü. Lakin Teymur bununla kifayətlənmirdi. Böyük qənimətlər əldə etmək, imperiyasının hərbi və siyasi qüdrətini artırmaq üçün o, İrana, Azərbaycana, Kiçik Asiyaya, Hindistana müzəffər yürüşlər etdi.

İranın tam zəbt edilməsi iyirmi il çəkdi. Teymurun İsfahanda törətdiyi kütləvi qətl tarixin yaddaşında tayı-bərabəri olmayan bir qırğın kimi qaldı. Şəhəri tutmuş Teymur onu məhəllələrə bölüb əmirlərinə tapşırmışdı ki, əhalidən xərac yığsınlar. Lakin əhali üsyan qaldırıb bütün məmurları öldürdü. Bundan qəzəblənən Teymur şəhəri yenidən tutub qoşununa əmr etdi ki, hər bir döyüşçü ona ən azı bir isfahanlı başı gətirsin. Bu qırğında 70000 İsfahan sakini qətlə yetirildi. Teymur bu kəllələrdən qüllələr düzəltməyi əmr etdi ki, başqalarına da görk olsun.

Bu zaman Azərbaycanda Əmir Teymura itaət göstərməyən əsas qüvvə Qaraqoyunlular idi. Qaraqoyunlu Qara Məhəmməd Teymurun göndərdiyi ordunu məğlub etmişdi. Əmir Teymur Azərbaycan uğrunda gedən döyüşlərdə Qaraqoyunlu əmirlərinin müqavimətini axıra qədər qıra bilmədi. Qara Yusifin ciddi müqaviməti və itaət göstərməməsi Teymuru daha da qəzəbləndirmişdi. Sonralar azərbaycanlı sərkərdənin ildırım Bayazidə sığınması Əmir Teymurla Osmanlı Sultanı arasında münasibətlərin pisləşməsinə və müharibəyə səbəb olmuşdu. 1402-ci ildə Ankara yaxınlığında Əmir Teymurla ildırım Bəyazidin orduları arasında həlledici döyüş oldu. Hər tərəfdən iki yüz min döyüşçünün iştirak etdiyi bu savaşda Osmanlı ordusu darmadağın edildi və qüdrətli türk Sultanı əsir alındı. Türkün türkü qırdığı bu qanlı döyüş Konstantinopolun alınmasını 50 il yubatdı.

Əmir Teymur düşmənə qarşı amansız idi, lakin onunla açıq döyüşə girən igid sərkərdələri yüksək qiymətləndirirdi. O, Fars hakimi Şah Mənsuru məğlub edib öldürsə də, onun haqqında demişdi: "Qırx ildən bəri savaş görmüş qəhrəmanlarla döyüşdüm. Ancaq Şah Mənsurun göstərdiyi şücaət və cürəti kimsədə görmədim". Azərbaycanda Əmir Altın cəmi üç yüz nəfərlik qüvvə ilə uzun müddət Əlincə qalasını Teymurun ordusundan müdafiə etmişdi. Onun Mərənd hakimi tərəfindən xaincəsinə öldürüldüyünü eşidən Teymur buna təəssüflənmiş, qatili həbs edib edam etdirmişdi. Böyük fateh əsir götürdüyü İldırım Bəyazidlə də ehtiramla davranırdı. Onunla tez-tez fəlsəfi söhbətlər edir, şahmat oynayırdı.

1399-cu ildə Əmir Teymur çoxdan bəri heç bir fatehin ayağı dəymədiyi Hindistana yürüş etdi. Dehli sultanı Mahmud ona qarşı 50 minlik qoşun və 120 döyüş fili çıxardı. Döyüş fəndlərindən məharətlə istifadə edən Teymur bu döyüşdə də qalib gəldi və xeyli hindlini əsir götürdü.

Uğurlu hərbi yürüşlərindən vəcdə gələn Teymur düşünürdü ki, əgər göydə allah təkdirsə, yerdə də hakim tək olmalıdır. Lakin qarşıda fəth olunmamış çox ölkələr dururdu. Onlardan biri də nağıllar ölkəsi Çin idi.

Mən, Allahı qulu Teymur...

1405-ci ilin soyuq fevral gecələrindən biri idi. Asiyanın yarısını fəth etmiş 69 yaşlı Əmir Teymur qədim Otrar şəhərində, ölüm yatağında idi. O hələ də həkimi Fəzlullahın onu ölümün pəncəsindən xilas edəcəyinə inanırdı. Buna görə də, Çinə hərbi səfərin təxirə salınması haqda fikirləri qəti rədd edirdi. Teymur həmişə olduğu kimi, yenə də ulu Tanrıya bu səfərin də zəfərlə başa çatması üçün dualar edir, ondan möhlət istəyirdi.

Ömrümün 57 ilini at belində keçirdim. 25 yaşımda yaralanıb qolumu itirdim, topal qaldım... Mənə Teymurləng deyirlər. Topal Teymur deyən də var. Ancaq bu ad heç kimdə istehza doğurmur. Əksinə, çoxlarının canına üşütmə salır. On yeddi hərbi yürüş etdim. Əvəzsiz bahadırlar sayəsində çox yerlər fəth etdim. 27 ölkənin xaqanı oldum...Turan, İran, Rum, Məğrib, Suriya, Misir, Iraqi-Ərəb, Iraqi-Əcəm, Mazandaran, Gilan, Şirvan, Azərbaycan, Fars, Xorasan, Dəşti-Qıpçaq, Böyük Tatarıstan, Xarəzm, Xütən, Kabulistan, Baxtərzəmin, Hindistan... İsgəndərdən bəri heç kim bu qədər əraziyə sahib olmamışdı... Deyirlər çox qəddaram, amansızam. Elə bilirlər, adam öldürməkdən ləzzət alıram. Düzdür, yeddi sülalənin kökünü kəsdim, yüz minlərlə adamı qətlə yetirdim. Ancaq birini göstərsinlər ki, nahaq yerə qanını tökmüşəm. Məni aldadırdılar, mənə xəyanət edirdilər, mən də öldürürdüm. Belə olmasa, bu boyda islam dünyasına hakim ola bilərdimmi? Mən heç kimi aldatmamışam, həmişə sözümün üstündə durmuşam, hətta hücumdan qabaq xəbərdarlıq etmişəm. Elə olub ki, düşmənimi igidliyinə görə bağışlamışam. Şairlərə, üləmalara, tacirlərə himayədar olmuşam.

Allahın qulu Teymur

Teymurun yadına şair Əhməd Kirmani düşdü. Qoca fatehin saralmış sifətində xəfif təbəssüm göründü.

Bir dəfə ədiblərin məclisində Əmir Teymurla şair Kirmani arasında belə bir əhvalat olmuşdu. Söhbət insan şəxsiyyətini necə qiymətləndirməkdən gedirdi. Əmir Teymur Kirmaniyə xitabən soruşdu:

Əgər mən satılası olsaydım, sən məni neçə paraya qiymətləndirərdin?

25 quruşa! - deyə şair cavab verdi.

Şair, sən bilirsən ki, mənim yalnız qurşağım bu qiymətə dəyər.

- Zatən mən də elə onu nəzərdə tuturam. Sonralar "Teymurnamə" əsərini yazmış şairin bu zarafatına Teymur ürəkdən gülmüşdü.

Yüz minlərlə müsəlmanı qılıncdan keçirmiş Teymur Allaha dərindən inanır, daim yanında quran gəzdirir və onu mütaliə edirdi. Ustadı Seyid Bərkə onun ən yaxın adamı və məsləhətçisi idi, Teymurun qılınc hesabına nail olduğunu o, duaları ilə möhkəmləndirirdi, Böyük fateh öz məktublarını "Mən, Tanrının qulu Teymur “ sözləri ilə başlayırdı.

Əmir Teymur uzaqgörən dövlət xadimi idi. İşğal etdiyi ölkələrdə alimlərə, sənətkarlara, tacirlərə toxunmazdı, fəth etdiyi ölkələrdən Səmərqəndə yalnız qiymətli daş-qaşlar gətirmirdi. Nadir kitablar, əlyazmalarla birgə şair və sənətkarları, xəttatları və nəqqaşları da imperiyanın paytaxtına yığırdı. Bu gün dünyanı heyran qoyan məşhur Səmərqənd abidələrinin bir çoxu Teymurun vaxtında ucaldılmışdı.

Əmir Teymur İmperiyanın ayrı-ayrı vilayətləri arasında əlaqə yaradılmasında tacirlərin roluna xüsusi qiymət verirdi. O, Avropa hakimlərinə məktublarında yazırdı: "Bütün aləm ancaq tacirlərin əməyi sayəsində gülşən olur. Tacirlərin sıxışdırılması yolverilməzdir. Mən istərdim ki, biz bu yerlərdə firəng tacirlərini necə himayə ediriksə, bizim tacirlərimizə də o yerlərdə eyni cür münasibət bəslənilsin". Teymur eyni zamanda tacirlərin azğınlaşmasına, xalqın soyulub-talanmasına da yol vermirdi.

...Artıq fevralın 17-si idi. Səhər Fəzlullah özündə cəsarət tapıb Əmirə demişdi ki, vəsiyyətini eləsin, yoxsa gec olar. Deyirlər, ölümqabağı insanın bütün həyatı gözləri önündən keçir. Teymurun yadına isə daşlar düşdü... Hər dəfə yürüşə çıxanda onun döyüşçüləri yolda bir yerə hərəsi bir daş atırdı. Böyük bir daş təpəsi yaranırdı. Səfərdən qayıdanda hərəsi bu təpədən bir daş götürürdü. Təpə balacalanırdı. Ancaq yerdə daşlar qalırdı. Teymur ayaq saxlayıb həmin daşların önündə xəyala dalırdı, həlak olanların ruhuna dua oxuyurdu...

Görəsən, mənim daşımın üstündə ağlayan olacaqmı?

Teymurun yaxınları artıq onun yatağı önünə yığışmışdılar. Güclə danışan Əmir yalnız bir neçə söz deyə bildi: "Məni Seyid Bərkənin ayağı altında basdırın... Bir də ki... Nə olursa olsun, qılıncı əlinizdə möhkəm tutun... Zəifliyi qəlbinizə yaxın buraxmayın. Zəiflik ağlınızı çaşdırar, ruhunuzu məhv edər, qoymaz məqsədinizə çatasınız. Eşidirsiniz? Zəif olan məqsədinə çatmayacaq..."

6 avqust 2014
GO BACK