Qadin.NET / Riyaziyyatla din arasındakı körpü (2)

Riyaziyyatla din arasındakı körpü (2)

Riyaziyyatçı canlılar
Təbiət insanı heyrətə gətirən möcüzələrlə doludur. Xüsusən də, insanlar yeni nail olduqları bir kəşfin onlardan milyonlarla il öncə təbiətdə onsuz da başqa canlılar tərəfindən istifadə edildiyini öyrənəndə təbiətə bir növ “qibtə” edirlər. Bəli, elə təbiətdəki bu “prioritetlik”-dən dolayı da biomimetika, biotexnologiya kimi elm sahələri öyrənilmiş və insanlar təbiətdəki canlıları özlərinə nümunə götürməyə başlamışlar.
Optika mühəndisi kəpənəklər, tibb sahəsi üzrə ekspertlər olan arara tutuquşları, kamuflyaj ustası mürəkkəb balıqları və ya aerodinamika mütəxəssisləri bal arılarından əlavə təbiətdə riyaziyyatçı canlılar da mövcuddur. Gəlin, indi bu canlılardan bəzi nümunələrə nəzər salaq:
Hörümçək toru və Arximed spiralı: Qədim yunan riyaziyyatçısı Arximed eramızdan əvvəl 3-cü əsrdə qələmə aldığı “Spirallara dair” adlı əsərində bu gün “Arximed spiralı” (və ya “arifmetik spiral”) olaraq tanınan əyrini incələmişdi. Bu spiral mərkəzdən başlayaraq bərabər intervallarla irəliləyən əyrilərdən təşkil olunur. Arximed bu spiralı kəşf etdiyindən bəri üzərində düsturlar incələnmiş, qrafikləri təhlil edilmiş və hətta bu riyazi meyar spiral kompressor və qramofon cihazları kimi qurğulara da tətbiq edilmişdir. Lakin işin maraqlı bir cəhəti vardır ki, adı Arximedlə bağlı olsa da, bu spiralı hələ Arximed doğulmamışdan milyonlarla il öncə “kəşf etmiş” başqa canlılar var idi: hörümçəklər!
Riyaziyyatla din arasındakı körpü (2)
Hörümçəklər təqribən 300 milyon ildən çoxdur ki, özlərinə yuva tikirlər. Həm də öz boylarına nisbətdə təxminən 90 dəfə böyük olan bu torları 1 saat ərzində qurmaq onlar üçün heç də çətin deyildir. Hörümçəklərin torlarına yaxından baxdığımız zaman isə çox intizamlı şəkildə sıralanmış spirallarla qarşılaşarıq. Bu nizam isə təbii ki, təsadüfi deyildir. Hörümçəklər öz torlarını Arximedin arifmetik qanunlarına əsasən qururlar. Heç bir şüura malik olmayan və heç bir “mühəndislik təhsili” almamış bu canlıların belə riyazi bir qabiliyyət sərgiləmələri isə hələ də elm aləmini təəccüb içində saxlayır. Yenicə yumurtadan çıxmış bala hörümçəklərin belə çox qısa bir müddət ərzində, heç yerdə görmədiyi “Arximed spiralı” əsasında tor qurmağa başlamaları isə əsl möcüzədir. Bu canlıların heç bir ağıla və riyazi biliyə malik olmadığı məlum olduğuna görə onların Allahın idarəsi ilə bu qabiliyyətləri nümayiş etdirdiyi çox açıq bir həqiqət olaraq qarşımıza çıxır.
Mikrodünyadan stereometriya tədrisi
Təbiəti çılpaq gözlə incələdiyimiz zaman qarşımıza çıxan möcüzələri onu mikroskopla incələdiyimiz zaman çıxan möcüzələr izləyir. Okulyara yaxınlaşdıqda gözlərimizin önündə canlanan mikroaləm də bizə Yaradıcının təbiətin hər nöqtəsinə hakim olduğunu göstərir. Bir çox insan bir sıra KİV-lərdən aldıqları yalnış məlumatlar sayəsində mikroskopik canlıların “bəsit” quruluşa malik olduğunu düşünə bilərlər. Lakin bu canlıları incələyən araşdırmaçılar tamamilə əks qənaətə gəliblər. Hər şeyin ən kiçik təfərrüatına qədər hesablanıb dizayn edilmiş olduğu bu dünya, əlbəttə ki, riyaziyyatçıları da təəccübləndirəcək detallara malikdir.
Riyaziyyatla din arasındakı körpü (2)
Evklid həndəsəsinin ayrı bir qolu olan stereometriya Pifaqorçular məktəbindən bu günə qədər təxminən 30 əsrə yaxındır fəza fiqurlarının öyrənilməsinə həsr edilmiş bir elm sahəsidir. Lakin elə keçən əsr texnologiya sahəsində nail olunmuş uğurlar sayəsində canlı aləmi elektron mikroskopları vasitəsilə incələyən elm adamlarına məlum oldu ki, sən demə, stereometriyanın adı Pifaqorçularla deyil, milyard illərdir dünyanın hər nöqtəsində varlığını davam etdirən mikrocanlılarla bağlı olmalı imiş. Stereometriyadakı həndəsi qanunları öz molekulyar strukturlarına ən incə təfsilatına qədər tətbiq edən viruslar da bu qrup canlılardandır.
Dünyada canlılıq xüsusiyyəti göstərən ən kiçik varlıqlar olaraq qəbul edilən virusların hər biri özünəməxsus həndəsi dizayna malikdir. Müxtəlif elm adamları da bu mühəndisliyin canlı aləmə necə tətbiq edildiyini öyrənmək üçün uzun illər araşdırmalar aparmışlar. Virusların sahib olduğu bu dizayn kubik simmetriya ilə bağlıdır. Fərqli taksonomik kateqoriyalardan olan viruslar öz siniflərinə müvafiq olaraq üçbucaqlı, beşbucaqlı, altıbucaqlı formaların birləşib əmələ gətirdiyi simmetrik həndəsi formalarla öz qılaflarını inşa edirlər. Bir çox virus isə ikosaedr adlanan və hər üzü bərabərtərəfli üçbucaqlardan təşkil olunmuş 20 üzlü stereometrik fiqur forması alırlar. Bunların içində ən məşhur olanı isə adenoviruslardır. Adenovirusların 252 ədəd zülal vahidindən təşkil olunmuş qılafı nizamlı bir şəkildə birləşərək qüsursuz ikosaedrik bir forma alır. Bu ikosaedrin təpələrində yerləşən 12 ədəd digər molekulyar vahidlər isə beşbucaqlı prizma şəklindədir. Bəzi viruslar da vardır ki, bunlar da silindr şəklini alırlar. Bu növ viruslar üçün isə spiral simmetriya qanunları qüvvədədir. Bu quruluşa həmçinin bizim genetik materialımızı daşıyan nəhəng moleku olan DNT-də də rast gəlinir. DNT-də hər dövrdə 10.5 əsas-cütlük olmaq üzrə spiral simmetriyaya malikdir.
Riyaziyyatla din arasındakı körpü (2)
Məsələnin çox maraqlı bir yönü də vardır ki, elm adamları virusların aldığı ikosaedr, dodekaedr və oktaedr kimi formaların bir-birlərinə riyazi yolla çevrilə bildiyini və bu çevrilmənin də “qızıl nisbət”-ə bağlı olaraq gerçəkləşdiyini kəşf etmişlər. Bunu keçən əsrin ortalarında ilk müşahidə edən elm adamları isə Londonun Birkbek Universitetindən A. Kluq və D. Kaspar olmuşdur. Poliovirus və Rino-14 kimi virusların formalarını kəşf etmiş Aaron Kluq bu strukturlar barədə deyirdi: “Kaspar ilə mən kürəvi bir virus qılafı üçün optimum dizaynın ikosaedrik tərzdə bir simmetriyaya əsaslandığını göstərdik. Bu cür bir tənzimləmə əlaqələrdəki sayı ən aza endirir... Bakminster Fullerin yarı-kürəvi geodezik qübbələrindən çoxu da bu kimi həndəsi formaya əsasən inşa edilir. Bu qübbələr olduqca təfsilatlı bir sxemə uyğun olaraq quraşdırılmalıdırlar. Halbuki virus, virus qılafı, onu təşkil edən vahidlərin elastikliyindən dolayı öz-özünü inşa edir”.
Dünyanın ən nüfuzlu memarlarından olan Bakminster Fullerin qurduğu geodezik qübbələr belə “olduqca təfsilatlı bir sxemə” əsasən inşa edilir və viruslardakı quruluş bundan çox daha mürəkkəbdirsə, ağla və şüura malik olmayan virusların bunu özbaşlarına əmələ gətirdiklərini irəli sürmək təbii ki, ağlasığmaz olardı. Viruslardakı bu dizayn onları Yaradanın üstün ağlının ən bariz göstəricilərindən biridir.
Viruslardan əlavə, düzgün fəza fiqurlarını radiolariya adlanan millimetrik canlılar da nümayiş etdirirlər. Circogonia icosahedra adlı radiolariya 20 üzlü ikosaedr fiqurunu təmsil edir. Eyni sinifdən olan Circorhegma dodecahedra isə 13 ədəd beşbucaqlının düzgün şəkildə birləşərək əmələ gətirdiyi dodekaedrik bədənə malikdir. Bu tək hüceyrədən ibarət və beyni olmayan canlılar da öz bədənlərinin quruluşundan xəbərsizdirlər və Allahın onlarda göstərdiyi riyazi sənətlə həyatlarına davam edirlər.
Rafet Əlizadə
28 iyul 2014
GO BACK