Qadin.NET / Daha yaxşı gələcəyin qurulmasında mədəniyyətin rolu

Daha yaxşı gələcəyin qurulmasında mədəniyyətin rolu

Daha yaxşı gələcəyin qurulmasında mədəniyyətin rolu

“Mədəniyyətin qurucusu ilk dəfə mizraq atmaq yerinə küfr istifadə etmiş insandır”. Çoxlarına paradokslu görünən bu ifadənin müəllifi insan psixoloji aləminin ən yaxşı bilicilərindən olmuş psixoanalitik Ziqmund Freyddir. Söhbət mədəniyyətdən düşəndə ilk ağlıma gələn məhz onun bu fikridir. Bəşər aləminin gələcəyi sülh, xoşbəxtlik və başqa dəyərlərlə az qala eyni leksik mənanı daşıyır. Çünki “gələcək” anlayışı hər zaman müsbət məfhumlarla ifadə olunur. Firavan, sakit, hər insanın müstəqil yaşayacağı mühit, gələcək nəyin sayəsində bərqərar ola bilər? Əlbəttə ki, bu suala cavab olaraq müxtəlif fikirlər eşidə bilərik. Azadlığın, ədalətin, humanizmin, birliyin, yaxşı siyasətin və s.-nin nəticəsində deyə bilərik.

Lakin bütün yüksək dəyərləri özündə birləşdirən vahid bir anlayış var–“Mədəniyyət”. İlk dəfə Mark Tulli Siseron tərəfindən işlədilmiş “kultura” sözü “julture” sözündən olub “becərmək, bəsləmək” deməkdir. Nədən belə hərtərəfli dəyərlər ifadə edən məfhumu böyük  filosof  Siseron məhz becərməklə, bəsləməklə bağlı olan sözlə ifadə etmişdi? Çünki mədəniyyət insanların yarandığı andan məişətindən tutmuş yaradıcılığına qədər istifadə etdiyi sözləri, düşündüyü fikirləri, sahib olduğu etik-əxlaqi dəyərləri, kultları özündə ifadə edir. İnsanlar bu dəyərləri yaratmış-becərmiş, bəsləmiş-böyütmüş, eynən becərilən buğda kimi qorumuş və sonda dəni-nəticəsini toplayaraq gələcək nəsillərə ötürməyə çalışmışlar.

Demək, mədəniyyət buğdadan götürülüb saxlanılan dən qədər önəmlidir. Həmin dən ki, üyüdülərək una çevrilir və hər kəsi qidalandırır. Mədəni dəyərlər də hər bəşər övladına az-çox təsir edir. Mədəniyyətin əsas vəzifəsi insanları vahid cəmiyyətdə birləşdirib konkret ictimai funksiyalarını reallaşdırmaqdır. Həmin funksiyalar ki, bütün bəşəriyyətə və onun gələcəyinin qurulmasına təsir edir. Deməli, mədəniyyət gələcəyin qurulmasında birmənalı şəkildə əvəzsiz rol oynayır. Mədəniyyətin əhəmiyyətini anladıq. İndisə sözün hər mənasında “daha yaxşı” gələcək üçün mədəniyyətin önəmini aydınlaşdıraq.

Yazının əvvəlində əbəs yerə Ziqmund Freyddən stat gətirmədim. Çoxlarına görə “mədəniyyət” anlayışı qəlibə salınmış əxlaq normasından, qırılmaz stereotiplərdən, bu stereotiplərin kəskin müdafiəsindən ibarətdir. Bəzən özünü mədəniyyət keşikçisi sanan bir qrup insanlar daşlaşmış, çürük dırnaqarası mədəni dəyərlərdən ötəri insan qatilinə belə çevrilir. Halbuki, Freydin sözündən qüvvə alaraq demək istərdim ki, mədəniyyət sözlərlə, mənasını bilmədən qorunan adətlərlə deyil, daxili “mən” -lə, vicdanla tənzimlənir. Mədəniyyət öncə məsuliyyət, vicdan hissindən başlanıb, bütün toplumun xoşbəxtliyi üçün atılan addımlara qədər uzanır. Mədəniyyət bu zaman önəm kəsb edir ki, hər insan bu məfhumu dərk edərək yaşasın və qorusun. O zaman insan çoxluğundan ibarət bu dünya dəyər qazana bilər. Yaxşı gələcək yaxşı toplumdan asılıdır. Yaxşı toplum isə yaxşı mədəniyyətdən. “Yaxşı mədəniyyət”. Bəs bu sözlər birlikdə nələr ifadə edir? Özünüdərk, məsuliyyət, cəmiyyətə qarşı özünüborclu bilmə duyğusu, vicdan qorxusu, ədalət, azadlığını müdafiə, iradə özgürlüyü... Bütün bunlar başlı-başına bir mədəniyyətdir.

Daha yaxşı gələcəyin qurulmasında mədəniyyətin rolu

Yenə Ziqmund Freydə istinadən qeyd etmək istəyirəm ki, “mədəniyyətin ən ilkin şərti ədalətdir”. Sənin azadlıq arzun və onun yolunda mübariz çırpınışların yüzilliklərə örnək olacaq mədəniyyətin özüdür. Azərbaycan xalqının yüksək mədəniyyətə sahib olduğunun ən bariz nümunəsi də müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizdir. Hansı ki, onlar ən yüksək mədəni-əxlaqi dəyər olan “Vətənə sevgi”-yə sahib idilər.

Mədəniyyəti var edən insandır. Həmin insan ki, gələcək də onun üzərində qurulur. Məncə, yaxşı gələcək üçün mədəniyyətin önəmi özünü “vicdan” anlayışında göstərir. Vicdanlı insanlar çoxaldıqca gələcəyin yaxşı olma ehtimalı da artır. Çünki heç bir cəza ürəklərdə qurulan məhkəmələr qədər təsirli ola bilməz.

Mədəniyyətə qlobal yanaşmalar çox olmuşdur. Lakin mədəniyyətin insan aləminin ən kiçik yerlərinə siraət etdiyini və burada daha vacib olduğunu anlayanlar azdır. Hətta hiddətindən küfrlə danışan insan belə mədəniyyətini qoruyaraq addım atmalıdır. Çünki mədəniyyətin göstəricisi sözlərdən çox əməllərdir. Cəza belə mədəni haşiyədə verilməlidir. Çünki mədəniyyət hər işdə meyardır. Haqqını almaq üçün küfr edib başqasının haqqına girmə, sevdiklərini itirdin deyə başqasının sevdiyinə dəymə, sözünü demək üçün başqasının sözünü kəsmə!

Məncə, mədəniyyətin ən böyük göstəricisi Şərq fəlsəfəsində özunəməxsus yer tutmuş bu fikirdir: “Özünə rəva bilmədiyini başqasına etmə”. Məhz bu ülvi fikirdən başlanır mədəniyyət. Deyirlər “yol mədəniyyətdir”. Düşünürəm ki, həmin “yol” asfaltdan, çınqıldan ibarət məfhum yox, qeyd etdiyimiz fəlsəfi fikirdən tutmuş, keçmişin dərin qatlarından bəşəriyyətin gələcəyinə işıq saçan yoldur.

Daha yaxşı gələcəyin qurulmasında mədəniyyətin rolu

Mədəniyyətin dünyamız üçün önəmini faktlarla da göstərə bilərik. Əsasən bu işdə bizə multikulturalizm kömək olur. Belə ki, milli dəyərləri qorumaqla həm də ümumbəşəri dəyərləri yaşadan bu çoxmədəniyyətlilik forması bütün dünya xalqlarını birləşdirir, mədəni münasibətləri möhkəmləndirir. Azərbaycan da inkişafetməkdə olan dövlətlərdən biri kimi multikulturalizmin mərkəzlərindəndir. Mədəniyyətin bəşər gələcəyi üçün önəmindən danışarkən ən qlobal elmi-mədəni qurum olan UNESCO-dan bəhs etməmək olmaz. UNESCO elm və mədəniyyət sahəsində dünya üzrə əməkdaşlığı genişləndirməklə planetimizdə sülh və təhlükəsizliyi təmin etməyi qarşısına vəzifə qoymuşdur.

 “Keçmişi olmayanın gələcəyi olmaz” deyirlər. UNESCO-nun bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Belə ki, qurumun Dünya İrs Konvensiyası sayəsində yüzlərlə xalqların mədəni irsi öyrənilir, aşkarlanır və hifz olunur. Konvensiyanın iclaslarında da daim bu qurumun bəşəriyyətin gələcəyi üçün oynadığı mühüm roldan bəhs edilir. Konvensiya 40 illik fəaliyyəti ərzində 183 təbii, 725 mədəni, 28 qarışıq mədəni-tarixi abidəni qeydə almışdır. Bu siyahıda 6 mədəni abidə Azərbaycana aiddir. Konvensiyanın ən önəmli işi isə onlarla məhvolma təhlükəli abidələri bu riskdən çıxarmalarıdır. Mədəniyyət daimi inkişaf xəttindədir. Hazırda mədəniyyətin beşiyi Avropa sayılır. Lakin tarixən də məlumdur ki, Şərq bütün sivilizasiyalara ilkin örnək model olmuşdur. Mədəniyyəti məxsusi edən də onun ilkin olmasıdır. Necə ki, Asiyanın özündə Avropanı yaradan Yaponiya kimi. Əgər Avropa bütövlükdə bir mədəni ocaqdırsa, Yaponiya təklikdə Avropa modelini yaratmış mədəni, texniki tərəqqiyə çatmış örnəkdir.

Mədəniyyətin yaxşı gələcəyin qurulmasındakı mühüm rolundan yetərincə yazmaq olar. Mən isə görkəmli yazar Cek Londonun öz romanında Martin obrazının dili ilə söylədiyi fikir ilə yazıma nöqtə qoymaq istəyirəm. “Mən gözəlliyi sevirəm, mədəniyyət isə mənə imkan verir ki, onu yaxşı başa düşüm.”

Sevda Cavadova

4 sentyabr 2014
GO BACK