Kadir Doğulu 19 aprel 1982-ci ildə Mersində doğulmuşdur. Əsl adı Abdulkadir Doğuludur. Böyük qardaşının menecerlik şirkəti var. Stil məsləhətçiliyi edən böyük qardaşı Hande Yener, Seda Sayan, Sıla, Kutsi, Gökhan Özen, Nil Karaibrahimgil, Demet Akalın kimi şəxslərin stillərini başdan-ayağa yeniləyib.
Kadir Doğulu orta məktəb və lisey illərini işləyərək keçirib. 2000-ci ildə İstanbula böyük qardaşının yanına gəlib. Əvvəl "Frape"də, daha sonra isə "Refika"da işləyib, kafelərdə ofisiantlıq edib, şənbə və bazar günləri mətbəxdə çörək bişirib, nahar hazırlayıb. Yığdığı pullarla Barcelona və Romadakı kafe və restoranları gəzib. Oradakı yeməklərin dadına baxıb.
Türkiyəyə döndükdən sonra "House Cafe"də 2 il administratorluq edib. Həmin dövrdə böyük qardaşı vasitəsilə Hande Yenerlə tanış olub. Qısa bir müddət sonra bu tanışlıq eşqə çevrilib.
Müğənni Hande Yener ilə ortaq olaraq "The House Cafe" müəssisəsinə müdirlik etmişdir. Eyni zamanda "Bazar" adlı gecə klubuna da rəhbərlik edib.
2010-cu ildə "Kiçik sirlər" serialı ilə aktyorluğa başlayıb. 2011-ci ildə "Pis yeddili" adlı serialda da rol alıb. 2013-ci ildə Peyami Safanın eyniadlı romanından uyğunlaşdırılan "Fatih-Harbiye" adlı serialda Neslihan Atagül, Yunus Emre Yildirimer ilə birlikdə baş rolu oynayıb.
2014-ci ilin fevral ayında Kanal D ekranlarında yayımlanmağa başlayan "Star işığı X Factor" adlı 2 milyon TL böyük mükafatlı mahnı yarışmasında aparıcılıq edir.
Qatı Fənərbaxçalı olan Kadir Doğulu teatra getməyi, idman etməyi, motosiklet ilə gəzməyi sevir.
Çəkildiyi film və serialları
2013 - "Fatih-Harbiye"
2013 - "Bir hekayəm var"
2011 - 2012 - "Pis yeddili"
2010 - 2011 - "Kiçik sirrlər"