Alman bəstəkar, pianoçu və dirijor Feliks Mendelson (“Bax’ı yenidən həyata qaytaran insan”) romantizm dövrünün tanınmış simalarından biri və 19-cu əsrin “Mostart”ı hesab olunur.
Feliks əslən yəhudi olan ailəsi kənar təsirləri azaltmaq üçün Berlin mühacirətindən əvvəl protestantlığı qəbul edir və Bartoldi soyadını alır. Ancaq gənc Feliks bu soyaddan istifadədən imtina edir. İohann Sebastiyan Baxın bəstələrindən ilham alan Mendelson ilk əsərinə 12 yaşında imza atır. 1820-ci ildə İohann Volfqanq Göte ilə görüşməyə nail olan bəstəkarın növbəti işlərində alman şairlə yanaşı ingilis ədib Uilyam Şekspirin də əsərlərinin təsiri hiss olunur. İngiltərədə Qreqor Handeldən sonra ən çox sevilən bəstəkar olacaq Avropa turu ilə öz təcrübə və məşhurluğunu daha da artıran Mendelson Frans Şubertin “Böyük simfoniyası”nı da tanıtdırmağa nail olur. Tur ərzində gəzdiyi ölkələrdə Berlioz və Şopen kimi dahilərlə görüşlər keçirən Feliks konsertlər bitdikdən sonra Berlinə qayıdarkən müəlliminin ölüm xəbəri ilə sarsılır. Onun yerini doldurmaq istəyən bəstəkarın qarşısını gənc olması (24 yaş) və əsas da Musəvi keçmişi kəsir. Anti-semitist davranışlara məruz qaldığı bir vaxt 1841-ci ildə yaratdığı Leypsiq musiqi məktəbi 5 il sonra qitənin ən nüfuzlu konservatoriyası kimi tanınır. 1847-ci ildə ölən bacısı Fanninin şərəfinə Rekviyem bəstələyən Mendelson həmin il beyin sarsıntısı keçirir və yarı-iflic hala düşür.
38 yaşında həyata gözlərini yuman Feliks Mendelson Bartoldi (1809-1847) musiqi dünyası üçün əvəzsiz olacaq əsərlər qoyub: 5 simfoniya (əsasən şotland və italyan), konsertlər (əsas olanı violençel), üvertüralar (əsas eyniadlı arxipelaqdan olan “Herbidlər”), simli kvartetlər və piano bəstələri, 2 məşhur oratoriya…
Bu gün paylaşacağım musiqi parçası isə hamıya tanışdır, ancaq yerli tədbirlərdə hələ də eşitməmişəm. Bəlkə kimsə bunu oxuduqdan və musiqini dinlədikdən sonra yeniliyə imza atar…