İnsanoğlu var gücü ilə önündəki daşı itələyirdi. Özündən qat-qat ağır olan və həyat yolunun ağzını kəsib onu irəli getməyə qoymayan daşı. Alnından tər sel kimi axırdı. Əynindəki nimdaş paltarı islanmışdı. Çoxdan bəri əziyyət çəkdiyinə baxmayaraq, daşı çox cüzi tərpədə bilmişdi. Az qalıb, bir az da hərəkət etsə, daşı bir azca da itələyəcək. Heç olmasa yoluna davam edə bilmək üçün yol açılsın - bu da ona bəs edər. Axırıncı dəfə son gücünü işə salıb təkan verdi. Daş sürüşərək bir az da irəli getdi. İnsanoğlunun gücü tükənmişdi. Dizləri titrəyirdi, halsızlıqdan ayaq üstə dura bilmirdi: "Nə yaxşı ki, burada yalnızam" - deyə düşündü, "Nə yaxşı ki, yanımda məni bu vəziyyətdə görəcək adam yoxdur - güzcüz, zəif". Artıq ayaq üstə dayana bilmirdi. Dizləri əsirdi. Arxasını daşa söykədi, nəfəsini dərmək istədi, ayaqları sözünə baxmadı, ixtiyarsız olaraq dizləri qatlanıb onu əyləşməyə vadar etdi. Daşın o üzündə durub var gücü ilə onu yerindən tərpənməyə qoymayan əcaib, buynuzlu məxluq da dayandı. Diqqətlə İnsanoğlunun hərəkətlərini izlədi. Onun bu qədər inadkar olması onu əsəbiləşdirirdi. İnsanoğlu su istəyirdi, susuzluqdan dili-dodağı yanırdı. Ancaq ətrafda nə su görünürdü, nə də bir insan bəndəsi. Axı bura onun həyat yolu idi. O yolda ancaq onun özü olmalı idi, yalnız özü.
Əslində hər insanın həyat yolunda ona yoldaşlıq edəcək insanlar olur. Ən azından doğmaları, doğmaları olmayanların yoldaşları, dostları. Heç kimi olmayanların da kimlərsə olur yolunda. Ancaq tək bir yol var ki, orada yollar haçalanır, yol ayrıcına çatanda insan ömür yolunda tək qalır. Ən çox maneələr də həmin yolda olur. İndi yorulub əldən düşən İnsanoğlunun da bütün yaxınlarından, bütün insanlardan uzaq düşüb burda əziyyət çəkməsinə səbəb də budur. Başını arxaya, daşa söykəyib gözlərini yummuşdu, dili ilə qurumuş dodaqlarını yaladı: "Heç olmasa bir qurtum su içə bilsəydim... Bəlkə çıxım gedim burdan, cəhənnəm olsun bu daş da. Onsuz da ömrüm boyu yolum daşlarla dolu olub. Əvvəl çınqıllar idi, ayağıma batırdı. Gördüm incidir məni təmizlədim hamısını. Sonra daşlarla dolu oldu yolum. Onları da təmizlədim. Hər dəfə təmizlədikcə yenisi peyda oldu - daha böyüyü, ancaq bu boydası heç olmamışdı. Necə də yorulmuşam bütün bu olanlardan... Əlimi hansı işə atmışam yolumda daş olub. Güclü olmaq əslində göründüyü kimi deyil, həyat belə insanları daima sınağa çəkib gücünü tam əlindən almamış dinc qoymur. Nə qədər tanıdığım insan var ki, yolu başdan-ayağa zibillikdir. Yolu doludur insan cəsədləri ilə. Haqqına girdiyi, mənəvi cəhətdən öldürdüyü insanların cəsədi, pislik qoxusu ilə doludur yolu. Ancaq heç onlar narahat deyillər. Əksinə, yollarını pis əməlləri ilə bir az da zibilləyirlər. İnsanların göz yaşından yolunda çaylar axır, veclərinə də deyil. Çaylar dayaz olduğu üçün yolunu rahatca keçir. Sonda onlara islaq corablarını dəyişmək qalır, vəssalam. Onu da çıxardıb yolda atırlar. Söz düşəndə mənə də istehza ilə az deməyiblər: "Düz adam, düzdə qalar". Mən hər yerdə düzlük axtardım qarşıma daş atdılar. İndi də bunun əziyyətini çəkirəm. Daş bir yana yolum da qaranlıqdır, işıq düşmür heç. İşığın qarşısını tutub lənətə gəlmiş bu daş. Bəlkə mən də yolumu dəyişim? O insanların getdiyi əyri yollarla gedim?".
Onun fikirlərini oxuyan əcaib məxluq sevindiyindən yerindəcə çırtma çalıb oynadı: "Axır ki, yoruldun İnsanoğlu. Yordum səni. Axır ki, bezdin".
Gözünü açdı İnsanoğlu. Əli ilə gözünü tutdu, işıq düşürdü gözlərinə. Əvvəl dərk edə bilmədi. Sonra yerindən dik atıldı. Yorğunluğu çıxdı yadından. Bayaq axı daşı bir az da itələmişdi. Yolunu açmışdı, bir az işıqlanmışdı yolu. "Yox, mən onlar kimi olmaq istəmirəm! Öz yolum var mənim. O yolumla da gedəcəyəm - ömrümün sonuna kimi. Bir az da qalıb. Bir az təkan versəm, daşı itələyə biləcəyəm. Bilirəm ki, bu daşdan sonra nə vaxtsa yenisi peyda olacaq. Mən artıq arzularımın qarşısında daşın durmasına adət etmişəm. Onları da dəf edəcəyəm, ancaq məğlub olmayacağam.
Su... Heç olmasa, bircə qurtum su içə bilsəydim". Əllərini göyə açıb yalvardı: "Allahım, mənə güc ver". Var gücü ilə təkan verdi:
- Ya Allah! - Alnı qırış-qırış oldu, bütün əzələləri dartındı. Var gücü ilə hayqırdı. Daş yerindən tərpənib səs-küylə diyirlənməyə başladı. Nəhayət, görünməz oldu. İnsanoğlu əli ilə alnını silib dərindən nəfəs aldı. Taqətdən düşmüşdü. Həmişə şax yeriyərək başını dik tutan sanki bu insan deyildi. "Nəhayət, bunun da öhdəsindən gəldim." - deyə düşünərək, zorla gülümsündü.
Geri boylandı. Yolu işıqlı, aydın idi. Bunu görüb bütün əziyyəti yadından çıxdı. Unutdu hər şeyi. Qamətini düzəltdi. Başını dik tutub şəstlə irəli yeridi. Görüləcək o qədər işləri vardı ki...
"Bir az da güc yığım. Bütün çətinliklərin öhdəsindən gələ biləcəyəm. Bircə qurtum su içim sonra". Qəribə məxluq İnsanoğlunun iradəsi qarşısında qəzəbindən bilmirdi nə etsin: "Nə qədər insanı düz yolundan azdırıb öz yoluma dəvət etdim. Qaratikan kolu oldum yollarında. Bezdilər çırpınmaqdan, əziyyətdən mənə yaxın gəldilər. Bu insana isə qalib gələ bilmədim. Mən gedim artıq buradan, o qədər yolumu gözləyən var ki..."