Qadin.NET / "Sannois" ləqəbli bəstəkar

"Sannois" ləqəbli bəstəkar

"Sannois" ləqəbli bəstəkar

Fransız bəstəkarı Kamil Sen-Sans 1835-ci il oktyabrın 9-da Parisdə dünyaya gəlmiş, doğulduqdan 3 ay sonra atasını itirmişdir. Anası və xalasının himayəsində böyüyən Kamil artıq 3 yaşından yazıb-oxumağı öyrənmiş, 7 yaşında isə latıncanı kifayət qədər mənimsəmişdi. İctimaiyyətə ilk açıq konsertini 5 yaşında verən bəstəkar 10 yaşında Motsart, Bax, Hammel, Handel kimi dahilərin bəstələrini ifa etdiyi konsertlə nəinki Avropada məşhurlaşır, hətta okeanın o tayında da adından bəhs etdirir, Boston qəzeti yeni istedad barədə məqalə yazır. 13 yaşında Paris Konservatoriyasına daxil olan Kamil burada özündən 3 yaş kiçik, “Karmen”in yaradıcısı olacaq Jorj Bize ilə tanış olur, həm də Franz Listlə yaxın dostluq əlaqələri qurur. 1886-cı ildə elə Fransın öldüyü ildə Listə “3 nömrəli simfoniya”nı həsr edir.

Parisin müxtəlif kilsələrində orqan ifaçısı kimi (1853-1877) çıxış edən Kamilin bacarığı və musiqi duyumu ona List və digər tənqidçilər tərəfindən dünyadakı ən yaxşı orqançı adını gətirir. 1861-1865-ci illərdə “Ecole Niedermeyer”də müəllimlik vəzifəsini icra edən bəstəkar 1868-ci ildə "Légion d’Honneur" nişanı ilə mükafatlandırılır. Musiqi ilə yanaşı arxeologiya, botanika və astronomiya ilə də maraqlanmış bu multi-intellektual şəxs akustika və okkultizmə dair yazılar da qələmə almış, elm və incəsənətin dinin yerini alması ilə bağlı “Problemlər və sirrlər” adlı fəlsəfi işə də imza atmışdır. Yazdığı məqalələrdə ateizm və pessimizmin motivləri ekzistensializmə işarə vururdu. Paris Kommunası hadisələrindən sonra Kamil Sen-Sans fransız musiqisinin aparıcı fiquruna çevrilir. 

"Sannois" ləqəbli bəstəkar

40 yaşında Emil Laura adlı qadınla olan evliliyindən (1875) 2 oğlu olsa da, aralarında 6 həftəlik ara ilə hər iki uşaq vəfat edir (1878); ilki xəstəlikdən, digəri isə evin pəncərəsindən yıxılaraq dünyasını dəyişir.

Hər cəhddə Vaqnerə olan heyranlığını gizlətməyən Kamil Hektor Berliozu tərifləyən və Klod Debüssinin kəskin tənqidçisinə çevrilmiş ultra-konservativ bir xarakterə malik idi. O, həmçinin ingilis kralı VII Edvardın tacqoyma mərasiminə marş da yazmışdır. Səyahəti olduqca sevən bəstəkar Əlcəzair mədəniyyətinin vurğununa çevrilmişdi. 1921-ci ilin 16 dekabrında pnevmaniyadan vəfat edərkən də bu torpaqlarda idi. Sonradan nəşi Parisin Montparnass  qəbiristanlığına gətirilir.

***

Bəstəkarın 1874-cü ildə bəstələdiyi “Skeletlərin rəqsi” (“Dance Macabre”) adlı musiqi parçası ustad kinorejissor Jan Renuarın 1939-cu ildə çəkdiyi “Oyun qaydaları” filminin də əsas səhnəsindəki fon musiqisidir.

11 iyun 2014
GO BACK