Qadin.NET / Həsrətində olduğum gözləri tanımaya bilərdimmi?

Həsrətində olduğum gözləri tanımaya bilərdimmi?

 Həsrətində olduğum gözləri tanımaya bilərdimmi?

Sən elə bir vaxtda rast gəldin mənə...

Elə bir vaxtda gəldin ki, nə cəsarətim çatmadı “Xoş gəlmisən” deyəm, nə də ürəyim gəlmədi “Cəhənnəm ol” deyəm. Susdum... Bilə-bilə ki, susmaq razılıq əlamətidir, susdum. Susdum ki, özün hər şeyi anlayasan, bəlkə özün bir nəticə çıxarasan.

Sən isə bu susqunluğu başqa cür yozdun. Daha bilmədin ki, mən əvvəlki deyiləm. Daha baxışlara da inanmıram, sözlərə də, göz yaşlarına da... Artıq nə on səkkiz yaşım var, nə də ömrünü gələcəkdə görən birisiyəm. 

Həsrətində olduğum gözləri tanımaya bilərdimmi?

Elə bir vaxtda gəldin ki, həyatımın sərt döngəsi idi. Yaxşını pisdən seçə bilməyəcək tərzdə kor bir bəndəydim.

Niyə gəldin? Hər şeyi alt-üst etməyəmi? Yoxsa “Bax, mənim həyatımda hər şey yolundadır” deməyə? Məni yandırıb-yaxmağamı gəldin? İyirmi beş il sonra bu qəfil dönüşün səbəbi nəydi?

 Çırpıb getdiyin qapını 25 il sonra gəlib kübarcasına döymək, içəri girmək üçün izn istəmək, məncə, ağılsızlıqdır. Buna icazə verəcəyimi gözləmə məndən. Çünki nə mən həminkiyəm, nə də sən. Bizi zaman qədər ayıran başqa şeylər də var. Ailə, öhdəliklər, vicdan... bir də “Nə deyərlər” qorxusu. Nə bilim, daha nə qədər mənasız əngəllər. Bunları dəf etməyimiz mümkün deyil. Çıx həyatımdan. Gəldiyin kimi də geri dön. Heç bir izah da istəmə. Məcbur etmə məni ki, yalan danışım. Düzünü desəm, gərək ikimizin də həyatı məhv ola, alt-üst ola. Günahım olmasa da, bağışla məni. Bağışla ki, düz danışa bilmirəm. 

Həsrətində olduğum gözləri tanımaya bilərdimmi?

Zamanında deyilməyən kəlmə, zamanında döyülməyən qapı...

İndi nə deməyin, nə döyməyin bir mənası var. İndi bu qapının açılmağı bizə xoşbəxtlik gətirməz. Əksinə dərd, ağrı-acı verər. Yandırıb kül eylər bizi. Özü də tək ikimizi deyil, ətrafımızdakı hər şeyi külə döndərər. 

Həsrətində olduğum gözləri tanımaya bilərdimmi?

Gəlişinin qəlbimdə söndürməyə çalışdığım sevgini yenidən alovlandırmasından qorxuram. Qorxuram ki, özüm-özümə hakimliyimi itirəm. Bəzən yalnız səni hiss etmək, səni duymaq, səni görmək istəyirəm. Bu hiss  arzudan başqa  bir şey də deyil. Sadəcə arzu... Qoy elə arzu olaraq da qalsın. 

Gəlişin zamansız olduğu kimi sualın da mənasız idi.

-Tanımadın?

- Yox, tanımadım,- dedim. Amma... Səncə, illərlə həsrətində olduğum gözləri tanımaya bilərdimmi?

31 may 2014
GO BACK