Qadin.NET / Zəhərli çiçək

Zəhərli çiçək

Zəhərli çiçək

 (Qadın ərindən başqasını sevərsə...)

Bir gün evin böyük qızı məsləhət almaq üçün anasının yanına gəlir. Yarı utancaq, yarı qorxaq halda asta səslə anasına deyir:

- Ay ma, ərimi nə qədər sevdiyimi sən yaxşı bilirsən. Amma bu yaxınlarda qarşıma başqa birisi çıxıb, heç bilmədim necə oldu. İnan, inan, istəmirdim. İndi bütün fikirim-zikrim yalnız onun yanındadır. Onu düşünürəm, düşündükcə həyəcanlanıram, daxilim lərzəyə gəlir. Sanki bir anlıq ruhum bədənimi tərk edəcəkdir. Nə qədər çalışıram, alınmır... ay ma, mən ərimə xəyallarımda belə xəyanət etmək istəmirəm, lakin o biri oğlanı qəlbimdən çıxara da bilmirəm. Bu lənətə gəlmiş hissi necə məğlub edə bilərəm. Hə? Ay ma, nolar mənə kömək et! Nə edim, hə?

Ana qızın vicdan əzabı çəkərək qızarmış üzünə baxdı. Bu elə bir məsələ idi ki, onu dava ilə, mübahisə ilə həll etmək olmazdı. İnsan elə bir məxluqdur ki, onun üzərinə getdikdə bir az da irəli gedir. Müdrik ana qızına dərs verməli idi... Gözləri yaşarmış qızına baxan ana qaşlarını qaldırıb, dodaqlarını büzərək, ah çəkdi: 

Zəhərli çiçək

- Qızım, bizim hisslərimiz bir çiçəyə bənzəyir. Bu çiçək qəlbimizdə böyüyür, böyüyür, böyüyür... müxtəlif görünüş alır. Hal-hazırda sənin qəlbində iki çiçək var. Onlardan biri - solğundur, bu ərinin çiçəyidir. Ərinə qarşı olan zərif və alicənab sevgi çiçəyini sən özün əkmisən. Bu çiçək bütün həyatın boyu çiçəklənəcəkdir. Onu suladığın təqdirdə, sevinc toxumları bəhrə verəcəkdir. Digər çiçək isə parlaqdır, amma zəhərli ehtiras çiçəyidir. Bu çiçək sənin qəlbində izinsiz yetişmişdir. Eynən alaq otu kimi... birinci çiçəyin bütün qüvvəsini oğurlayan bu zəhərli bitki qəlbində özünə yer etmək istəyir.

Zəhərli çiçək

Sən bu çiçəyi nə qədər sulasan da o, qısa ömürlüdür, bu çiçəyin məhsulu yoxdur, heç olmayacaq da! Bu çiçək mövsümü çiçəklərə bənzəyir ki, qısa zaman ərzində həm baş qaldırıb peyda olur, həm də ömrünü təhvil verib yoxa çıxır. Qızım, ikinci çiçəyi qəlbindən qırmaq sənin ixtiyarında deyil. O var... gerçək olan budur ki, onu qırıb atmaq mümkün deyil. Buna baxmayaraq, sənin hər zaman seçim haqqın var. Sən hər zaman çiçəklərin hansı birini sulayıb-sulamamaqda ixtiyar sahibisən. Əgər yalnız birinci çiçəyi sulasan, o zaman ikincisi tez bir zamanda solacaq və sənin qəlbini zəhərləməyi dayandıracaq. Yox əgər, ikinci çiçəyi sulasan, bu çiçək həm birinci ailə çiçəyini zəhərləyib məhv edəcək, həm də boya başa çatdığı torpağı yararsız hala salacaqdır. İndi seçim sənindir, mənim əziz qızım!

Fərid Abdullah.

20 may 2014
GO BACK