Ulu nəsillərimizdən bizə çox yadigarlar qalıb. Hamısı da bir-birindən əziz və müqəddəs. Başı dağlarımızın zirvəsindən uca. Qeyrəti qayalarımız qədər üzü dönməz olan ata-babalarımızdan bizə çox nişanə qalıb. Bu yadigar dünyamızın beşiyinə layla çalmağa biz də özümüzü borclu sanırıq.
Onu göz bəbəyimiz kimi qorumaq, hər kəlməsini, hər misrasının ilkin deyimdə əzizləməyimizin mənəvi vərdişi olsun gərək.Beləliklə...
“İrəvanda xal qalmadı”!
Bəlkə İrəvanda xan qalmadı?!
Ellərimizin adı bilinməyən şair bəstəkar övladları heç bir kəlməni də sözgəlişi deməyiblər. Kəlmələri zərgər dəqiqliyilə düzülən bu qoşğuların hər birisi özlüyndə bir tarixi dastanın nişanəsidir. Fəqət təəssüflər olsun ki, bəzən bu təhriflərə yerində cavab vermək əvəzinə, onu özümüz də təsdiqləmiş, hətta müəyyən ibarələrlə təbliğ etmişik. İndi “İrəvanda xal qalmadı” kimi söylənən bu xalq mahnısı öz tarixi yönümündən xüsusi şahidliyə malik bir nümunədir. Mahnının dünənini araşdırmağa çalışarkən, o barədə söylənən fikirləri və yazılmış mənbələri bir-birilə qarşı-qarşıya qoyub saf-çürük etdikcə, maraq və təəccübümüz də beləcə bir-birinə qarışdı: Vaxtilə musiqi bilicilərimizdən biri kimi tanınan bir ağsaqqalın (rəhmətə getdiyi üçün ad çəkməyə ehtiyac duymuram) dediklərindən:
Guya xalqımızın böyük sənətkarı, ölməz xanəndəmiz Cabbar Qaryağdıoğlu İrəvanda toy edir, məclisdə oxuyurmuş. Bu zaman toy sahibinin razılığı ilə bəylə gəlini toy mağarına gətirirlər. Xanəndə, yəni Cabbar Qaryağdıoğu diqqətlə zənn edəndə gəlinin gözəlliyinə heyran qalır. Bu gözəlliyə xüsusi şöhrət gətirən isə qızın üzündəki qoşa xal imiş. Elə oradaca gəlinin xallarına tamaşa edə-edə Cabbar Qaryağdıoğlu bədahətən bu mahnını qoşur və yerindəcə bəstələdiyi havacatla oxuyur.
İrəvanda xal qalmadı,
O xal nə xaldı ora düzdürmüsən?!
De görüm nə xaldı
Ora düzdürmüsən?
Böyük xanəndənin fitri bədahət imkanını görən toy sahibi ona ənam verir... Söylənən bu fərziyyənin ulu bir xalq mahnımızı təhrif etməsi göz qabağındadır. Əvvəlcə, yaxın keçmişimizdə yaşayan Cabbar Qaryağdıoğlunun haqqında belə bir əhvalat heç bir həqiqətə əsaslanmır. Əgər dünənimizi təmsil edən hansı bir kitabınsa səhifəsində belə bir məlumat olsaydı, onda “İrəvanda xal qalmadı” qoşqusuna biz xalq mahnısı deməzdik. Ona belə bir elan verərdik ki, “Sözləri və musiqisi Cabbar Qaryağdıoğlunundur”. Məsələnin daha dərin təfsilatına yenə ehtiyac var.
Burada biz həmin fərziyyəyə əsaslansaq, bir neçə baxımdan səhv etmiş olardıq. “İrəvanda xal qalmadı” xalq mahnısının tarixi Cabbar Qaryağdı dövründən daha qədim olması hamıya məlumdur. Bununla belə, o zamanlar başdan-başa müsəlmanlardan ibarət olan İrəvan mahalında gəlinin toy məclisinə gətirilməsi xalqımızın dünənində qeyri-mümkün hesab edilərdi. Musiqi tariximizdə öz şaqraq zənguləsi, əbədi yaşar səsi və muğam nəfəsilə bəlkə də əvəz edilməz olan Cabbar Qaryağdıoğlunu bəstəkar və ya şair kimi yox, böyük xanəndə kimi tanıyırıq. Beləliklə, bu mahnının deyilmə mənbəsini Qaryağdıoğlu adına bağlamaq ağlasığmaz olardı. Əsil həqiqətə gəldikdə isə “İrəvanda xal qalmadı” xalq mahnısı dünənimizin bariz faktı kimi qərinəmizin zənginliyində səslənən ilahi bir sədadır. Şairi də, bəstəkarı da xalq olan bu gözəl mahnının deyilmə tarixi haqqında çox söyləmələr mövcuddur. Bu söyləmələrin hər biri bir əfsanəni, bir fərziyyəni xatırladır. Kimi onun İrəvanın özündən olan, kimi də Gəncədən İrəvana səfər edən bir el sənətkarı tərəfindən deyildiyini söyləməkdədir. Amma yenə də bunların arxasında xalqın bütöv siması durur! Odur ki, xalqımızın mənəvi sərvətinin bir zərrəsi olan bu qiymətli inci haqqında qarşımıza daha vacib aydınlaşmalar çıxır. Ulu ellərimizin yadigarı olan deyişmələrimizi, məclislərimizin bəzəyinə döndərən aşıqlarımız və xanəndələrimiz gərək bircə kəlməni də necə gəldi elə oxumaya, onun dəruni mənasına məsuliyyətlə yanaşalar. Çünki hər aşığın şəyirdi, hər xanəndənin öyrəncisi onun dediyini götürür, öz öyrəndiyini ondan öyrənənlərə aşılayır. Beləliklə, onların səhvi zamandan-zamana keçdikcə nəsillərimizə baha başa gəlir. İndi çoxları tərəfindən “İrəvanda xal qalmadı” kimi oxunan bu qədim mahnının mənasındakı təhrif bizdə təəssüf doğurur. Əslində mahnının şah qafiyəsi “İrəvanda xal qalmadı” yox, “İrəvanda xan
qalmadı” kimi oxunmalıdır. Burada elmi mübahisə açmağa zərrəcə ehtiyac yoxdur.
Sadəcə olaraq eşidilən və ya ifadə edilən mahnının dərin məna tərzinə məsuliyyətlə yanaşmaq kifayətdir. Əvvəla, məzmun baxımından “İrəvanda xal qalmadı” misrası mənasızlığa gedib çıxır. Ata-babalarımızdan bizlərə mənəvi miras qalan adətlərdən biri də gözəlliyin təbii olmasıdır. Qaşın sürməsi, gözün vəsməsi də bizlərdən qaldığı halda, haradansa ulularımız onu da çox nadir hallarda çəkməyi məsləhət bilmişlər. Deməli, sürmə çəkməyi də artıq bilib nənə-babalarımız. Odur ki, heç bir azəri gözəli üzünə süni xal düzdürə bilməz. Onun üzündəki xal aşiqi yalnız öz ilahi təbiiliyindən heyran qoyardı. Bütün bunlarla bahəm, mahnının şah misrasında “xan” əvəzinə “xal” kimi oxunması bu gözəl nişanənin ilkin variantına tamamilə qələm çəkmiş olur. Mahnı haqqında söylənən fərziyyələrdən birində deyilir ki, qədim Azəri elimizin bir sərnəsi olan İrəvan mahalında gözəlliyi göydə Ayla Günəşə meydan oxuyan bir gözəl varmış. Ceyran baxışlı, maral duruşlu bu el qızının qüdrətdən yaranmış xüsusi gözəlliyi isə onun üzündəki qoşa xalıymış.
Sədası mahalın hər bir tərəfinə yayılan bu gözəlin üstündə İrəvan xanları bir-birilə rəqabət aparır, onun vüsalına yetmək üçün meydan sulayırmış...
Bunun şahidi olan xalqın sənətkar oğlu, “Ay elimin gözəli, sənin bu xallarının şöhrətindən “İrəvanda xan qalmadı”, onlar bir-birini qırıb çatdılar" - deyə onun gözəlliyini vəsf etmişdir. Beləliklə, məna baxımından çox kamil, həm də dərin məzmunlu bir xalq mahnısı dünənimizin əbədiyyətinə qovuşmuşdur. Əgər belədirsə, bəs hansı səbəbə görə bu mahnının ilkin variantı dəyişmiş, “İrəvanda xan qalmadı” əvəzinə “İrəvanda xal qalmadı” kimi oxunmuşdur? Uzun illərdən bəri özümüz tərəfindən biganə qarşılanan bu məsələnin çox
mühüm və dərin səbəbi vardır. Məlumdur ki, vaxtilə Azərbaycanımızın bir hissəsi olan qədim İrəvan
çuxurunda müxtəlif xanlar mövcud olmuşdur. Məhz “Xan” sözünün dildə ifadəsi də bu tarixi faktın şahididir. Çünki xanlıqların məxsusluğu, yalnız və yalnız bizlərin keçmiş amilidir. Fəqət, zaman keçdikcə tarixi nişanələrimizin birər-birər əldən çıxması, onların daşlardan, qayalardan belə yonulması, dünənimizin sinəsinə yara vurulması böyüklü-kiçikli indi hamımıza məlumdur. Deməli, bu xəyanət həm də bizim dilimizin tarixi şahidi olan deyimlərimizə də sirayət etmişdir. Xain qonşular bunu da gözdən qaçırmamış, çox böyük ustalıqla mahnının dilində dəyişiklik aparmış, “xan” sözünü “xal” sözü ilə əvəz etmişdir. Bu ayıqlığın qabağında daim qəflət yuxusunda uyuyan bizlər isə ona məhəl qoymamış, mahnının mənasına fikir verməmişik. Araşdırmalar zamanı məlum oldu ki, bu vaxta qədər lentə yazılan müxtəlif ifalarda bu mahnının əksəriyyət variantı “İrəvanda xal qalmadı” kimi oxunmuşdur. Lakin bir neçə il əvvəl təsadüfən rəhmətlik Qədir Rüstəmovla ayaqüstü söhbət zamanı bu barədə yazacağımı söyləyərkən, o, maraqlı bir epizodu özünəməxsus tərzdə, təəssüflə danışdı. Xanəndə dedi ki, "Əvvəllər mən də mahnını səhvən “İrəvanda xal qalmadı” kimi oxuyurdum. Bir dəfə iş elə gətirdi ki, mərhum şairimiz, sözün əsl mənasında milli qeyrət mücəssiməsi olan Hafiz Baxışla bir stol ətrafında çay içməli olduq. O mənə dedi:
– Qədir Rüstəmov, “İrəvanda xan qalmadı” mahnısını niyə düz oxumursunuz? Niyə xalqın tarixi deyimlərini təhrif edirsiniz?
Mən dedim:
– Necə ki?
Sonra o başladı mahnının sözlərini təhlil və izah etməyə. O saat bu, mənim beynimə batdı. Oradaca qərara aldım ki, bu mahnını təzədən lentə yazdırım. Özü də düz oxuyum. Belə də etdim. İndi həmin mahnım fondda saxlanır".
Müğənninin bu söhbətindən sonra onun mahnıları olan fond siyahısına bir-bir nəzər saldıq. Çox qəribədir ki, yenə kiminsə soyuqqanlılığı ucbatından mahnının adı “İrəvanda xal qalmadı” kimi yazılmışdır. Əvvəlcə adda düzəliş aparıb, sonra mahnıya qulaq asdıq.
Beləliklə, Qədir Rüstəmovun ifasında bu mahnının yeganə, düzgün oxunuş variantının mövcudluğu məlum oldu. O, həm də “Sona bülbüllər” mahnısına yeni həyat bəxş etmiş, istər sözlərin düzgün tələffüzü, istərsə də, özünəməxsus oxu tərzilə ona qədim ənənə üstündə klassik bəzək vermişdir.