Qadin.NET / Sevin bir-birinizi...

Sevin bir-birinizi...

Sevin bir-birinizi... İnsan olduğunuz üçün heyvanlardan daha çox sevməlisiniz... Yaradılışımız sevgidən qaynaqlanır... Düşmən olmayın... Özünüzdən daha çox sevin digər insanları... "Bu mümkün deyil!" , "Mən sevsəm də, başqaları sevməyəcək!" deyə düşünməyin... O sevənlərdən biri, bəlkə də birincisi siz olun... Sevin... İllərdir əcdadlarımızın edə bilmədiyini biz etsək deyirəm bəlkə? Bütün dünyaya açılmaq vaxt aparacaq, amma öz ölkəmizdə bunu edək deyirəm bəlkə? Sevək bəlkə?

Sevin bir-birinizi...

Avtobusda, metroda biri ayağımızı tapdalayanda "Səni belə-belə edim!" deyə yox, "Məlum məsələdir, yırğalanırıq, özünü saxlaya bilməyib deyə tapdalayıb" deyə düşünək bəlkə? Axı biz də bilmədən edirik belə şeyləri... Başqasının yaxşı gününə sevinək deyirəm bəlkə? Səmimi olaq bəlkə? Bir yoldaşımızın yaxşı bir xüsusiyyətini görəndə "MaşaAllah, Allah nəsib edib!" deyə düşünək deyirəm bəlkə? Paxıllıq, kin-küdurət, nifrət nəyə lazımdır? Kimə lazımdır? Kimə fayda verib indiyə kimi? Kafedə, restoranda masamızda yer varsa, ayaq üstə qalmış qardaşımıza, həmvətənimizə "Qardaş, gəl sən də otur" deyək bəlkə? Tanımadıqlarımıza belə salam versək deyirəm? Qırsaq zəncirləri? Yolda qalan birinə 2-3 manat verib evinə yola salsaq deyirəm bəlkə? İnsan olaq bəlkə?

Sevin bir-birinizi...

Mentalitetin zəncirlərini inkar edib bir Yaradana qulluq edək bəlkə? Fərqli görünən insana sırf saqqalı var deyə, bığı var deyə, saçı uzundur deyə, şortik geyinir deyə nifrət etməyək bəlkə? Başqalarının yox, öz səhvlərimizi daha çox qabardaq bəlkə? Səmimi olaq bəlkə? Tanımadıqlarımızın ünvanına pis sözlər deməyək bəlkə? Dəyişək bəlkə? Ətrafımızı dəyişək bəlkə? Özümüzü dəyişək bəlkə? Şablon və qəliblərdən çıxıb azad həyat sürək bəlkə? Allahın dediyi sevgi mühitini quraq bəlkə? Sonda bir daha deyirəm, "Əşşi yox ee, olan deyil" əvəzinə, "Mən artıq dəyişməyə başlayacağam!" deyək bəlkə? Sevək bəlkə? "Mən artıq dəyişməyə başlayacağam!" deyək bəlkə?

Yusif Nəbiyev

22 mart 2014
GO BACK