Qadin.NET / O sillə

O sillə

Bu günlərdə bloqqer Farid Abdullah çox maraqlı bir yazısını oxudum, Qadın.Net istifadəçiləri ilə də paylaşmaq istərdim.

O sillə ki, atam həyatımda ilk dəfə üzümə çəkmişdi. Gözləri əsəbdən bərəlmiş, təngənəfəs halda. O sillədə nələr yatmırdı?
O sillədə nəsihət bacarığı susmuş və qəzəb onu ifadə etmək istəyirdi. O sillədə illər boyu pis əmələ qarşı nifrət və onun məhv edilməsi uğrunda hayqırtı dururdu. O sillədə inqilab, mübarizə eşqi kulminasiya nöqtəsini almışdı. O sillədə mülayimlik, gülərüzlük əsir düşmüşdü.
O sillə varlığın zülmə qarşı hönkürtüsünü çıxartmaq üçün bir vasitəyə çevrilmişdi. Bəlkə də qəfil idi... Bəlkə də bir az sakit durmaq onu əsrlərcə sönmüş vulkan kimi dərin yuxuya salacaqdı. Bəlkə yenə də "geri" düyməsini tıqlayaraq hər şeyi yenidən başlamaq arzusunu yaşadacaqdı... Bəlkə də...
Lakin sillə hədəfə dəymişdi. Onu yatmış yuxudan oyatmaq istəyirdi. Bu sillə digər sillələr külliyyatına fərqlilik əzmi yaşatmaq istəyirdi. Bu sillə illər boyu zorakılığın qarşısını almaq üçün göstərilmiş bir zorakılıq idi. Zorakılığı zorakılıqla susdurmaq lazımdırmı?! Bu sillə bunu deyirdi. "Ayıl, qəflət yuxusundan, ayıl!" - deyərək qulaqlarda cınqırtı, gözlərdə zülmət içində parıltılı ulduzlar yaradırdı.
Bu sillə illər keçdikcə, itib gedəcəkdi. Lakin hədəfi ilə qarşılaşdıqda, yenə də qulaqlarda cingilti səsi, yenə də zülmət içində parlayan ulduzlar, yenə də gözdən süzülən yaşın burun suyuna qarışaraq axması, yenə də qorxudan səsin çıxmaması, yenə də qəlb atışlarının yüksək təbil çalaraq "Dur!" səsi illər əvvəlki səhnəni fikir ekranlarında canlandıracaqdı...

İndi mən oğlumun gözündə illər əvvəlki epizodu görürəm. Çünki, atamın silləsini ənənəvi surətdə oğuluma ötürmüşdüm. Atamın zülmə qarşı uca səsinin bu cür ifadəsini, mən də oğuluma bu cür ifadə etmişdim. O isə, mənim illər əvvəl aldığım simamı almışdı... İlahi nə qədər bənzərlik varmış...

Mən indi atamı daha yaxşı anlayıram. Oğlum isə illər əvvəl mən düşündüyümü düşünür... Onun məni anlamasına zalım illərin acı silləsi lazımdır. O sillə ki, ata silləsindən daha qəddardır. O sillə ki, vücudumuzun hayqırtısına da macal vermir...

Bəli, indi atamın silləsi mənə tumar kimi görsənir. Çünki, atam məni bəzi anlarda həyatın silləsinə tuş gəlməyimin qarşısını almışdı. Bəlkə də atam bu həyatın vuracağı sillə yerinə öz əlini ilkin ataraq: "Ciyər-parəmə əl vurmağına imkan yaratmaram" - deyirdi. Eh, ata, kaş ki hər bir naqis əməlimə görə mənə sillə vuraydın...
Oğlum isə başını aşağı dikib, nə baş verdiyini anlamır. Onun üçün bu sillə həyatda aldığı ən acı hadisədir. O hələ qəddar həyatın silləsinə rast gəlməyib. Bəlkə də, heç rast gəlməyəcək və illər sonra bu silləyə görə, bu sillənin daha olmamasına görə göz yaşları axıdacaq. Çünki, onun atası daha onu qəbih əməllərdən çəkindirmək üçün nəzarət etmək iqtidarında olmayacaq. O, illərin zülmlə hayqırtısına çevirilən sillə haqqında bir esse yazacaq. Adını da "O sillə" qoyacaq...

24 mart 2014
GO BACK