Qadin.NET / Bu gün səni istədim...

Bu gün səni istədim...

Bu gün səni istədim...

Bu gün nədənsə səni istədim. Əllərini tutub, gözlərinə baxmaq istədim. Sənin gülüşünü, səsinin ahəngini eşitmək istədim. Sənə toxunmaq, nəfəsini hiss etmək istədim. Mənə sarılmağını, saçlarımı oxşamağını istədim. Amma bilirəm ki, bu mümkün deyil. Ona görə də sadəcə xəyalımda istədim səni. Təbiəti, dünyanın bütün gözəlliklərini əks etdirə biləcək qədər güc istədim. Rəssam olub misli-bərabəri olmayan bir tablo yaratmaq istədim. O tabloda qaranlıq gecədə səninlə ulduzları seyr etmək istədim. Axan bir ulduz görüb sanki bütün arzularımız həyata keçəcəkmiş kimi arzu tutmaq istədim. Bir payız günündə, yarpaqlarını tökmüş bir bağda səninlə yan-yana yerimək istədim.

Bu gün səni istədim...

Ayaqlarımız altında xəzəllərin xışıltısını duymaq istədim. Payızın soyuq küləyindən sanki üşüyürmüş kimi mənə bərk-bərk sarılmağını istədim. Yağışlı havada islanmağımızı, buna baxmayaraq yağış damlalarını tutmaqa çalışmağımızı istədim. Dənizin qumlu sahilində əl-ələ yeriyərkən ləpələrin ayaqımıza vuruşunu istədim. Günəşin doğuşunu, qüruba enməyini birgə izləməyimizi istədim.

Bu gün nədənsə səni istədim...Bu qədər istəyərkən səni niyə yanımda deyilsən? Kimin gözü dəydi bizə? Niyə ölüm girdi aramıza? Niyə axı?Niyə? Sən getdin və gedişinlə üzümdəki, gözlərimdəki təbəssüm də səninlə birgə getdi. Əvəzində isə mənə göz yaşı qaldı. Sənə deməyə o qədər sözüm vardı ki... Sənə veriləcək nə qədər suallarım vardı. Mənə veriləcək nə qədər cavabların vardı. Amma heç birinə cavab almayacağam. Çünkü artıq çox gecdir.

Bu gün səni istədim...

Yoxdur artıq məni güldürən, mənim nazımı çəkən. Bəzən hirsləndirən, bəzən də ağladan. Yoxdur artıq o dəli oğlan. Daha olmayacaq sənli, xoşbəxt günlər. Olmayacaq...

Nədənsə çox istədim bu gün səni... Sadəcə səni xatırlamaq keçdi ürəyimdən. Səni qucaqlamaq, nəfəsini nəfəsimə çəkmək...

Hər şeyə görə "Çox sağ ol" deyirəm. Yaşatdığın gözəl, xoşbəxt, sevgi dolu günlərə görə çox sağ ol. Xoşbəxtliyi, sevgini mənə daddırdığın üçün sənə minnətdaram.

Bu gün sadəcə sən olmaq istədim. Amma nə üzünü, nə gözlərini görmək, yalnız səsini eşitmək istədim... Bu da mənim ürəyim,  bu da mənim xəyalım. Səninlə dolu olan ürəyim və xəyalım...

24 mart 2014
GO BACK