Qadin.NET / Möhtəşəm kainat...

Möhtəşəm kainat...

Möhtəşəm kainat...

Qüsursuz bir tarazlıq, ahəng və nizamın mövcud olduğu ucsuz-bucaqsız kainat... Bütün sistemləri insan həyatına ən uyğun şəkildə yaradılan və düşünən beyinləri məşğul edən aləm... Açıq-aşkar möcüzə və dəlillərlə dolu ola cahan... Tək nöqtə, sıfır həcm və sonsuz hərarət... Qəfil dəhşətli bir surət, böyük partlayış və ortaya çıxan əsrarəngiz möcüzə, yəni dünyamız. Bəli, fantastika kimi görünür. Amma sıfır həcmdən, yəni yoxluqdan möhtəşəm, kompleks bir cahan peyda olub. Partlayış +genişlənmə= Qüsursuz kainat. Amma belə olmaya da bilərdi. Bir partlayış oldu sıfır həcmin içində və bir-birinə zidd olan iki güc, iki qüvvə...  Biri partlamaya müqavimət göstərirdi  və digəri maddəni yenidən bir yerə toplamağa  çalışırdı. Bu iki güc arasında mükəmməl bir tarazlıq olduğu üçün kainat yaranmışdır! Əgər ilk anda  yaranan cazibə qüvvəsi partlayış gücündən üstün olsaydı, onda kainatımız genişlənmədən öz içinə çökərdi təkrar. Əgər bunun əksi olsaydı, partlayış gücü çox olsaydı, onda da maddə bir-biri ilə əsla birləşməzdi. Atomlar qaçardı bir-birindən. Nə maddə yaranardı, nə maddələr toplusu kainat.

Möhtəşəm kainat...

Planetləri dondurucu soyuqluqdakı xarici fəzaya sovrulmaqdan qoruyan təsir Günəş... Bütün planetləri çəkir, onlar da fırlanmalarının verdiyi mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən müəyyən nisbətlə xilas olurlar. Amma əgər planetlərin fırlanma sürətləri bir az yavaş, ləng olsaydı, onda bu planetlər sürətlə Günəşə doğru çəkilər və axırda günəş tərəfindən udulardılar. Bunun əksi də ola bilərdi. Əgər planetlər daha sürətli fırlansaydılar, onda da Günəşin cazibə qüvvəsi onları saxlaya bilməyəcəkdi ətrafında və bütün planetlər kosmos boşluğunda səpələnib yox olacaqdılar. Bu sistem sadəcə bir möcüzədir. Yaradıcının  kainata olan hakimiyyətinin isbatıdır. Yoxsa buna təsadüfmü deyək? Buna təsadüf demək olarmı görəsən?! Təsadüfi bir partlayışla atomlar öz-özlüyündən düzülərək müəyyən formalarda belə qüsursuz kainatı, kainatın içindəki sistemləri, Günəşi, Yer üzərindəki dağları, dənizləri, insanları, ağacları, heyvanları, çiçəkləri, böcəkləri və digərlərini yarada bilərdimi?! Əlbəttə ki, yox.

Möhtəşəm kainat...

Gözümüzü çevirdiyimiz hər yerdə gördüyümüz bütün örnəklər sadəcə və sadəcə üstün qüdrət dəlilləri ola bilər! Bu dəlilləri sadəcə dərindən düşünməklə, qəlb gözü ilə görmək olar. Kimlərəsə bunlar adi gələ bilər. İnsanlar bəzi şeylərlə ilk dəfə qarşılaşanda, gördükləri onlara qeyri-adi gəlir. Bu da ki onların düşünmələrinə, gördüklərini müşahidə etmələrinə səbəb olur. Lakin bir müddət sonra vərdiş yaranır və gördüklərindən əvvəlki kimi təsirlənmirlər. Hər gün gördükləri şeylər onlar üçün adiləşir.  Dünyamız da belədir. Gözümüzü açandan etibarən dünyamız ilə bağlı qeyri-adi məlumata sahib olan insan da bu fövqəladə vəziyyətə vərdiş etmişdir. Dünyanın boşluqda fırlandığını, ayağının bir neçə kilometr altında qaynayan bir təbəqə olduğunu, Dünyanın hər an göydaşı ilə toqquşma təhlükəsi ilə üz-üzə olduğunu adi qarşılayır. Ancaq dərin düşünəndə görürsən ki, bunlar heç də adi qarşılanacaq şeylər deyil.

Möhtəşəm kainat...

 Dünyanın bütün canlıların həyatı üçün bu qədər əlverişli olması və bunun üçün bir yerdə və qüsursuzca mövcud olması insanı heyrətə gətirir. Bu görüntülər adiləşməməlidir. Təfəkkür edəndə bu mövzunu, müqayisə edəndə insanı sadəcə heyrət bürüyür. Kainat məsələn. İndi olduğundan başqa dizaynda yaradılsaydı necə olardı. Günəşdən Yerə gələn 10%-lik bir  enerji azalması Yer üzünün metrlərlə qalınlıqda bir buz təbəqəsi ilə örtülməsi ilə nəticələnərdi. Ya da ki, enerjinin artması ilə bütün canlılar qovrularaq ölərdi. Dünyanın böyüklüyü... Məgər bu adi qarşılanmalı bir vəziyyətdir? Göydə, havada asılı daş var deyilsə insanlara, hər kəs bunu görmək istəyər, görəndə bunu əsl möcüzə adlandırar. Bir də düşünmək lazımdır ki,  nəhəng kütləsi olan Yer kürəsi asılı daş kimi göydə qalmışdır. Havadan asılmış şəkildə. Bəs bu möcüzə deyil, nədir? Bütün canlılar rahatlıqla altlarında qaynayan maqmadan xəbərsizcə həyatlarını davam etdirirlər. İçində bir atəş topu olan bir dünyada yaşayırıq. Yer atmosferinin  77%-i azot, 21%-i oksigen, 1%-i də digər qazlardan ibarətdir ki, bu bizim rahat nəfəs almağımız üçün ən uyğun nisbətdədir. Atmosfer çox çətin nəfəs almağımıza səbəb olan ağır və pis qoxulu qazlardan da ibarət ola bilərdi.

Bu mövzu üzərində düşünənlər kainatdakı milyardlarla təfsilatlarla bəzənmiş sistemi yaradan və mövcudiyyətin hər saniyəsinə, hər dəqiqəsinə  öz gücü ilə hökm edən sonsuz ağlı kəşf edərlər...

14 mart 2014
GO BACK