Səhvən zəhərli bitki yığmamaq üçün çox diqqətli olmaq lazımdır. Bitkilər haqqında verilən dəqiq məlumatlar və şəkillər bu mövzuda köməyiniz olacaq. Bitkilər heç vaxt yağışlı, sisli və rütubətli havalarda yığılmamalıdır! Yığmaq üçün ən uyğun saat isə 10:00-16:00 arasıdır. Bu saatlar arası günəş yüksəkdə olduğu üçün səhər şehindən nəm olmuş bitki artıq qurumuş olur. Yalnız təmiz və ləkəsiz olan bitkilər istifadə edilməlidir. Qurudulmaq üçün yığılan bitkilər (köklər xaric) qəti yuyulmamalıdır! Bitkinin yığıldığı yerlərin təmizliyi çox vacibdir. Şəfalı bitkilər maşın yolu kənarından yığılmamalıdır. Bitki yığılan bağçanın tarlanın, əkin sahələrinin yaxınlığında olmadığına və ya dərmanlanmamış ərazidən yığılmasına diqqət etmək lazımdır. Əkin sahələri yaxınlığındakı bitkilərin üzərinə gübrə və dərmanların külək vasitəsi ilə gəlib çatması mümkündür. Ona görə də bu ərazilərdən və ona yaxın ərazilərdən şəfalı bitkiləri yığmaq olmaz.
Bitkilər yarpaqları nisbətən cavan olmaqla yanaşı, inkişaf etmiş vaxtında, çiçəkləri tam açıldıqda yığılmalıdır. Meyvələr isə tam yetişdikdə yığılmalıdır. Bitki kökü ancaq inkişafını tamamladıqda, ümumiyyətlə yazda və payızda yığılmalıdır. Ağac qabıqları yaz fəslində, gənc budaqlardan soyulma ərəfəsində yığılmalıdır. Yaz mövsümündə hələ qurumamış olduğu üçün qabıqlar budaqdan asanlıqla ayrılacaq.
Şəfalı bitkilərin qurudulması təsirli maddərin dəyişikliyə məruz qalmaması üçün lazımdır. Eyni zamanda göbələklərin və bakteriyaların həyat sahələri də bu yolla qurudulmuş olur. Bitkilərin qurudulması yığıldıqdan dərhal sonra reallaşdırılmalıdır. Qurutmaq üçün ən uyğun yer açıq hava və kölgəli sahədir. Günəş altında qurutmaq istəsəniz bilin ki, çiçək, yarpaq və meyvələrində olan uçucu yağları itirmiş olarsınız. Ən yaxşısı, bitkiləri böyük bir ələk üstünə yayaraq və ya dəstə halında saplarından bağlayıb, yüksək bir yerə asaraq qurutmaqdır. Bitkilərin tam mənasıyla qurumasına çox diqqət etmək lazımdır. Qurutma mərhələsi başa çatdığı zaman bitkilər incə-incə əzilməli və hava keçirməyən qablarda istifadəyə hazır şəkildə saxlanmalıdır.
Bitkilər süni istilikdə də qurudula bilər. Amma istilik dərəcəsinə diqqət etmək lazımdır. Qoxulu bitkilərin əksəriyyətində uçucu yağ olduğu üçün ancaq 35 dərəcəyə qədər tab gətirə bilərlər. O biri bitkilərin ümumiyyətlə 60 dərəcəyə qədər dözə bildikləri də deyilir. Amma fermentasiyanın meydana gəlməməsi üçün hava axını yaradılması şərtdir. Çox incə olmayan köklər fırça ilə yaxşıca yuyulduqdan sonra havada, açıq yerdə qurudulmalıdır.
Bitkilər tam olaraq quruduqdan sonra qaranlıq və hava keçirməyən qablara doldurulmalıdır. Bitkilərin saxlandığı qablar üzərinə yığılma tarixi və tərkibi haqqında məlumat yazılıb yapışdırılmalıdır. Çünki bitkilər quruyub əzildikdən sonra bir-birlərindən seçilmirlər. Bitkilərin saxlanması üçün tənəkə və ya taxta qutulardan, rəngli şüşə qablardan istifadə edə bilərsiniz.
Şəfalı bitkilərin yığılma qaydaları :
Şəfalı bitkiləri yığmaq istəyən şəxsin ən azından bitkiləri tanıması lazımdır. Bu məlumatlara sahib olub-olmadığını adamın özü də təyin edə bilər. Bunun üçün bu suallara cavabı dəqiq bilməlidir:
- Axtardığınız bitkini təbiətdə rahatlıqla tapa bilərsinizmi?
- Bəzi bitkilərin zəhərli əkizləri olduğunu bilirsinizmi?
- Zəhərli olduqları üçün ölümə səbəb ola biləcək bitkilərlə özünüzü müalicə etməməli olduğunuzu bilirsinizmi?
- Hansı ərazilərdə bitki yığa biləcəyinizi bilirsinizmi?
- Təsirli maddələrinin ən çox olduğu zamanda yığaraq, bitkilərin şəfalı gücündən daha çox yararlanmaq üçün hansı mövsümdə və günün hansı saatlarında yığmaq lazım olduğunu bilirsinizmi?
- Çay dəmləmək üçün qurudulmuş bitkilərdən hansının daha əlverişli olduğunu bilirsinizmi?
Şəfalı bitkiləri yığarkən diqqət edilməsi ən vacib nüans təbiətə zərər verməməkdir. Bitkiləri planlı bir şəkildə yığın. Rast gəldiyiniz bir bitkini bütünlüklə yığmayın ki, növbəti mövsümdə orada eyni bitkiləri yenə tapa biləsiniz. Çiçəklərini, yarpaqlarını və ya meyvələrini yığdığınız ağacları və ya kollarla asta davranın, budaqlarını qırmayın. Çəmənlikdən yığarkən digər bitkiləri əzməməyə diqqət edin. Ehtiyacınızdan çox bitkini yığmamağa səy göstərin.
Şəfalı bitkiləri yığmaq istəyən şəxs səhvən zəhərli bitki yığmaqla böyük bir məsuliyyət daşıdığının fərqində olmalıdır. Bitki yığmağa kömək edən uşaqlara da nəzarət edilməlidir. Qəti olaraq tanımadığınız, bilmədiyiniz bitkiləri yığmayın.