Yeni il artıq qapımızdadır. Uşaqların ən çox sevdiyi bayram olan bu bayrm öz atributları ilə seçilir. Hər birimiz evimizdə bayramdan 15 gün öncə yamyaşıl şam ağacını bəzəməyə başlayırıq. Elə sizlərə bu gün yolkalarımızı bəzədiyimiz oyuncaqlar haqqında danışacağam.
Yeni il oyuncaqlarının da maraqlı yaranma tarixi vardır. Dünyada ilk dəfə orta əsrlərin sonunda Avropa ölkələrinin sakinləri Yeni il üçün evlərini bəzəməyə başlayıblar. Dəfələrlə hakimiyyətin qadağasına baxmayaraq, insanlar bu bayramda həmişəyaşıl budaqları gətirirdilər. Ümumi dəb kimi yolka bəzəmək XVI əsrin birinci yarısından yaranıb.
Həmin dövrlərdən bu yana şam ağacları müxtəlif formalı və rəngli çilçıraqlarla, zərlərlə, oyuncaqlarla, şam ağacının ən uca təpəsində yanıb-sönən ulduzla bəzədilməyə başlanıb. Demək lazımdır ki, XVIII əsrin ortalarına kimi şam ağacının üzərindəki bəzək əşyaları yalnız yeməli idi, yəni konfetlərdən, şokoladlardan, hətta vaflilərdən, kekslərdən, qozlardan, meyvələrdən bəzək kimi istifadə olunurmuş.
XVIII əsrin ikinci yarısından şam ağacı bəzəkləri daha gözəl olub: kağız güllərdən, zərli küknar qozalarından və içi boş olan yumurtadan, latun formasında kəsilmiş fiqurlardan, sehirli pərilər və mələklərdən və s. ibarət olub. Gümüş ulduzlar, güllər XVIII əsrdə yaranmışdır.
1848-ci ildə isə Lauş şəhərciyində ilk dəfə olaraq yolka şarları hazırlanmışdır. Bu şarlar rəngli və şəffaf şüşədən ibarət olub, içərisi qalın qurğuşunla doldurulmuş və üzəri isə parlaq parçalarla örtülmüşdür. Lakin texnologiyanın daim təkmilləşməsi ilə tezliklə bu qalın şüşələri artıq çox nazik şüşə kürəciklər əvəz etdi və bu kürəciklərin müxtəlif ölçüdə və formada olanları hazırlandı. Eləcə də üzüm salxımı, quş, balıq fiqurları, bütün oyuncaqlar, həmçinin hansı ilin qeyd olunduğunu göstərən heyvan fiqurları da hazırlanmağa başlandı. Əvvəllər oyuncaqların çoxunu qara örtüklü gümüş nitrat ilə hazırlayırdılar, amma indiki dövrdə oyuncaqlar gümüş və qızıl tozuyla örtülür.
Yeni il oyuncaqları bir neçə ölkələrdə istehsal edilir. Amma tədricən Avropa, ABŞ və Yaponiyanın müxtəlif guşələrində rəqabət başlayıb. Məhz ona görə də, XX əsrin əvvəllərində Yeni il üçün bəzəklər də dəblə hazırlanmağa başladı. Yəni dəb təkcə geyimdə deyil, elə yeni ildə də özünü göstərdi
Yeni ildə yeni-yeni uğurlar əldə edəsiniz, əziz Qadın.Netlilər