"Ey Könül!
Canına üflənən nehayla yan da qovrul!
Amma lalə kimi ol ki, halından yalnız "yar" xəbərdar olsun."
Hz. Mövlana
Qırmızı rəng - ehtirası, sevgini, ağ rəng - paklığı, səmimiliyi, təslimiyyəti əks etdirir... Rənglərin dili qədər, çiçəklərin də dili vardır.
Gül - Hz. Peyğəmbəri, Lalə - Allahı təmsil edər, həm də bütün rəngləriylə...
Bu xəbərdə, bəlkə sadəcə çiçək və ad kimi tanıdığınız "lalə" ilə bir çox baxış açısından qısaca olaraq tanış olacaqsız...
Lalə sözünün mənşəyinə baxdığımızda, Prof. Dr. Əhməd Qartal, "Klassik Türk Şeirində Lalə" adlı əsərində, Qərb dillərində, lalənin, "tulip" adını, sarıq mənasını verən Farsca "tülbənd" sözündən götürdüyünü söyləyir. Xəlil Nihad (Boztepe) isə hazırladığı Nedim Divanının sonuna əlavə etdiyi "Lüğət" qisimində, lalənin, qırmızı və qırmızılı bir çiçək olduğu üçün, Farsca qırmızı mənasını verən "lal"dan törədiyini söyləyir. Lalə sözü, Süleyman Uludağın Təsəvvüf Terminləri Lüğəti kitabında isə belə keçir:
"Lalə (Farsca): 1. Bacarıqların nəticəsi olan təmaşa. 2. Sevgilinin, aşiqini yaralayan gül rəngli çöhrəsi."
İran mifologiyasına görə, bir yarpağın üzərindəki şeh damlasına ildırım düşmüş və alovlanan yarpaq qaralaraq laləyə çevrilmişdir; göbəyindəki qaralıq da, ildırımdan qalan yanıq izidir.
Lalə çiçəyinin quruluş xüsusiyyətləri
Lalə, zambaqkimilərə aid olan bir bəzək bitkisidir. Yarpaqları 2-8 ədəd, uzun və mızraqşəkillidir, çiçəkləri müxtəlif rənglərdə və qədəh formasındadır. Çiçəklər, sap ucunda, əksər vaxtı bir, bəzən ikidir. Çiçəklərin, parlaq rəngli, az qala bir-birinə bərabər olan altı tac yarpağı vardır. Çox toxumlu bir bitki olub kapsul quruluşunda meyvələri vardır.
Lalənin ən əhəmiyyətli xüsusiyyəti, qışda novruzgülüdən sonra açan ilk çiçək olması və 1,5 aylıq ömürə sahib olmasıdır. Lalə mənfi dərəcədən qorxmaz, donmaz və bahar müjdəçisi olaraq da simvolik bir əhəmiyyət daşıyır.
Lalə, soğanlı bir bitkidir. Torpaq üstündəki qisimləri, böyümə mövsümünü tamamladıqdan sonra saralıb solur. Soğanları isə uzun illər yaşamağa davam edir. Tac yarpaqları yerə doğru olan lalə növünün Latınca adı fritillaria imperialisdir və xalq arasında Tərs Lalə, Ağlayan Gəlin, Kərbəla, Kral Laləsi, Kral Tacı, Yayla Zəngi, Yerə Baxan lalə olaraq da bilinir.
Xristianlıqda Tərs Lalə
Xristianlıqda tərs lalə Hz. Məryəmi təmsil edir və Ağlayan Gəlin olaraq xatırlanır. Rəvayətlərə görə, Hz. Məryəm, Hz. İsa çarmıxa gərilərkən iki qətrə gözyaşı axıtmış və göz yaşlarının torpağa düşdüyü yerdən bu çiçək bitmişdir. Həzrəti İsanın çarmıxa gərilişi əsnasında boynunu bükdüyünə inanılan və Xristianlar tərəfindən müqəddəs sayılan "tərs lalə", müsəlmanlar tərəfindən də hüznün simvolu olaraq qəbiristanlıqlara əkilir. Bu rəvayətlərə baxmayaraq, təqiqtçılar bildirir ki, tərs lalənin tarıxı anadoluya aiddir. Oradakı qəbiristanlıqlarda tərs lalə motivlərinə rast gəlmək olur. Boynunu bükdüyü və nektarı axdığı üçün bu ad verilmişdir və yaxınlarını itirənlər hüzn əlaməti olaraq tərs laləni orada əkirmişlər. Vanın və Hakkarinin bir çox qəbiristanlığında tərs laləni hələ də görmək mümkündür.
Mifologiyada lalə
Mifologiyada lalə çiçəyi, Günəş və bitki Tanrısı olan Adonisin (Tammuz) can verdiyi sırada axan qanlarıyla sulanan torpaqda yaşıllaşan bitkidir. Adonis, İbranicə "əfəndi" mənasını verən Tammuz (Türkcə temmuz, yəni iyul) adının Yunanca qarşılığıdır.
Sümər və Hitit qaynaqlı əfsanələrə görə, Adonis 6 ay Afroditin yanında, yəni yer üzündə, 6 ay isə Persephonenin yanında, yəni yeraltında yaşayan bir Tanrıdır. Adonis yeraltına girdiyində yaz bitər, qış başlar; yer üzünə çıxdığında isə torpaqların bərəkəti təkrar qayıdar və yaz başlayar.
İslam Təsəvvüfündə lalə
İslam Təsəvvüfündə lalə Allahın; gül isə Hz. Məhəmmədin (s.ə.v) rəmzidir. İslam təsəvvüfündə Allahı rəmz edən lalə bitkisinin, mifologiyada da, adı "Əfəndi" mənasını verən Günəş Tanrısı Adonisi təmsil etməsi bir təsadüf deyil. Təsəvvüf ənənəsində, İnsan-ı Kamil yəni Əfəndi, Ərəb hərfləri arasında Əlif hərfi ilə işarə edilir. Botanika aləmində də, tək budaqlı bir çiçək olması, gövdə qisiminin dimdik olması, soğanının budaqlanmayıb tək bir sap və bir çiçək verməsi səbəbindən, lalə çiçəyi ilə Əlif hərfi arasında bir əlaqə qurula bilər.
"Lalə" Təsəvvüfdə Allahın birliyini təmsil edir.
Lalə, kəlmə olaraq olaraq baxdıqda Ərəbcə "Allah" ləfzinə aid hərfləri daşıyır. Yəni: bu iki sözün ədəd dəyərləri artıq o sözlərin simvolu vəziyyətinə gəlmişdir. Rəfi-i Qalayı lalənin Allah ləfzinin əbcəd dəyərinə bərabər olmasını belə təsvir edir:
"Subh-dəm dönsə nola mihr-i cəmalə lalə,
Oldu məzhər ədəd-i ism-i cəlalə lalə."
Yenə Ərəb hərfləriylə lalənin tərsdən oxunuşu hilaldır (ayparadır) və aypara İslamiyyəti göstərən bir rəmzdir. Bu iki sözün bu bənzərliyi, qəlb sənəti ilə aşkar edilir. Qəlb sənəti, bir sözün hərflərinin yerlərini dəyişdirərək edilən cinasdır. Ancaq bu zaman ortaya çıxan yeni söz mənalı olmalıdır. Qəlb sənəti iki şəkildə edilir: Bunlardan ilki bir söz tərsdən oxunduğu zaman yenə mənalı bir sözün çıxmasıdır ki, buna qəlb-i küll deyilər. (Hilal / lalə ). İkincisi isə bir sözün hərflərinin dəyişdirilərək söz yazma sənətidir (Allah / lalə ). Allah sözünün ilk hərfi olan əliflə lalənin tək budaqlı bir çiçək olması arasında da bir münasibət görülür. Bütün bu istiqamətləriylə lalə, çox sevilən çiçəklərdən biri olmuşdur. Lalənin tövhid inanışı ilə əlaqədar bir xüsusiyyəti də vardır: Lalə soğanı budaqlanmayıb yalnız bir sap və bir çiçək verdiyi üçün tövhidin də simvolu olaraq görülmüşdür. Allah, hilal və lalə söz olaraq ikisi də 66-ya uyğun gəlir, bu səbəblə də lalə, Cənabı haqqın simvolu olaraq sayılıb. (Əbcəd, Ərəbcə dərin və çətin bir elmdir. Əbcədi bilməklə əməl etmək fərqlidir. Qısacası maraqlananlar üçün əbcəd: hər bir Ərəbcə hərf qarşılığında bir rəqəm vardır. Bu rəqəmlər hesablanaraq müəyyən nəticəyə gəlinir.)
Yəni aypara ilə lalə, Cənabı Haqqın ən böyük adı olan Allah eyni ədəd dəyərindədir…
Aypara Osmanlı bayrağının da, embleminin simvoludur. Eləcə də Azərbaycanımızın bayrağında da öz əksini tapır.
"Əğlal" sözü də "lalə" kökündən gəlir. "Əğlal" isə Yasin Surəsində "əğlalən" şəklində keçir. Mənası isə; "boyunduruq"dur. Rasulullah -sallallahu əleyhi və səlləm - Əfəndimiz hicrət edəcəkləri vaxt qapıdakı müşrikləri təsirsiz hala gətirmək üçün Yasin Surəsinin ilk səkkiz ayəsini oxuyaraq onlara bir ovuc torpaq atmışdı. Müşriklər bunun təsiriylə sanki boyunlarına boyunduruq keçirilmişcəsinə başlarını aşağıya endirə bilməmiş və Əfəndimizi görə bilməmişdilər. Onlar Əfəndimizi görə bilmədikləri kimi gözləri kainatın bütün həqiqətlərinə kor olmuşdur.
Lalənin içi kömür kimidir. Ancaq xaricdən görünmür. Xarici isə içinin tam tərsinə parlaq, canlı və ruha sükunət verici bir görünüşə malikdir. Onun bu halı eynilə bağrı yanıq bir dərvişin təbəssümlü nur xələli üzünə bənzəyir.
Gerçək lalələrin hamısında rəngli altı yarpaq olur. Bu isə imanın altı nurunun libasına bürünən dərvişin iman və ehsanında (lütfkarlıq) əriməsi və daha sonra bu nurun şüalarıyla dərindən bir yanmaya qərq olmasının da bir simvoludur.
Lalənin rəngli yarpaqlarının yuxarıya doğru olması da eynilə bir dərvişin dua etməsindəki ədanı xatırladır. Çünki dərviş bu hal ilə Sirati müstəqim üzrə olmağı arzu etmiş və ifrat-təfrit (müsbət-mənfi uc nöqtələrə getmədən, tarazlıq) nöqtələrini törpüləyərək (yonqarlayaraq) həqiqətə, yəni istiqamətə çatmışdır. Və eynilə lalənin dərunundakı qaralığı göstərməməsi kimi, o da içində yaşadığı yanma halını gizləmiş və özünə hər nəzər edənə o gözəl rəngini təqdim edərək ona fərahlıq vermişdir.
Necə ki, lalənin ən geniş yayıldığı dövrlərdən biri olan Osmanlılar zamanında ona, "fərahavər (fərahlıq verən)" deyilmişdir. Bu xüsusiyyətlərlə vəsflənən dərviş də eynilə lalənin bu adını alaraq ətrafına lətafət və zəriflik saçmış, könüllərə ab-i həyat (həyat suyu) təqdim etmişdir.
Bunun müqabilində ürəklərinə Allah ləfzini yerləşdirən və istedadın tərəfindən idrak etmiş olan Haqq aşiqləri də sanki boyunlarına nurdan bir halqa keçirmişcəsinə başları yuxarıda ilahi cəzbəyə qərq olmuş, onun nəşvəsiylə müstağrak bir haldadırlar. Pisliklərindən uzaq, masivadan təmizlənilmiş bir könüllə hər şeydən məhrum olanlar üçün dua halındadırlar.
Ey Könül! Canına üflənən nəfhayla yan, qovrul! Amma lalə kimi ol ki, halından yalnız "yar" xəbərdar olsun. Belə ki, Əfəndimiz -sallallahu əleyhi və səlləm- ümməti üçün könlü daim hüznə qərq olarkən də, üzü hər an bəşuş (təbəssümlü) idi…
Bu xəbər, bütün Lalələrə və "lalə" aşiqlərinə hədiyyəm olsun