Qadin.NET / Termometr sınarsa nə etməli?

Termometr sınarsa nə etməli?

 

 

Termometr sınarkən parıltılı kürəciklərin xırda zərrəciklərlə ətrafa yayılması çoxlarına tanışdır.

Belə halda nə etməli? Şüşə termometrin ucundan çıxan bu cüzi həcmdə civə doğrudanmı təhlükəlidir? Şübhəsiz, civə zəhərli maddədir. Xüsusən onun buxarı daha zərərlidir.

Əgər otaqda lap az miqdarda da olsa civə varsa, orada uzun müddət nəfəs almaq ciddi problemlər törədə bilər.

Civədən zəhərlənmə tədricən baş verir, xəstəliyin dəqiq simptomları – ümumi nasazlıq, əsəbilik, ürəkbulanma, arıqlama və s. uzun müddət özünü büruzə vermir. Nəticədə civə ilə zəhərlənmə nevroza və böyrəklərin zədələnməsinə gətirib çıxarır. Odur ki, bu gümüşü maddəni dərhal və səylə yığışdırmaq lazımdır.

 

Bunu necə etməli?

Hər şeydən əvvəl uşaqları otaqdan çıxarmaq lazımdır: parıltılı kürəciklər çox cazibədar görünür və balaca uşaq onu uda bilər. Bu zaman həkimin yardımı olmadan keçinmək mümkün deyildir: civə həzm üzvlərinin selikli qişasını ciddi surətdə zədələyə bilər.

Sonra civənin dağıldığı yeri daha yaxşı işıqlandırmaq lazımdır. Bunun üçün çirklənmiş sahədən müəyyən məsafədə stolüstü elektrik lampasını elə qoymaq lazımdır ki, işıq civə dağılan yerə yandan düşsün. O zaman bütün gümüşü damlalar aydın görünəcəkdir. Bundan sonra onları toplamağa başlamaq olar. Əllərinizə rezin əlcəklər geyinin və çalışın ki, civə dərinizin açıq sahələrinə toxunmasın. Civəni yığmaq üçün süpürgə və ya sərt fırça məsləhət deyildir. Onları bir vərəqlə və ya yumşaq fırça ilə kağıza yığmaq lazımdır.
Döşəmə taxtalarının arasına girmiş civənin üstünə qum tökün, qumla birlikdə onu fırça ilə asanlıqla kağıza yığmaq mümkün olacaqdır. 0,2%-li manqan məhlulunda isladılmış pambıqdan istifadə etmək olar. Pambıqdan və ya vərəqdən civəni su ilə və ya manqanlı məhlulla dolu şüşə qaba səliqə ilə boşaltmaq lazımdır. Sınıq termometrdə qalmış civəni və qumu da ora tökün.
Termometr sınarsa nə etməli?
İndi bütün bunları, gözlə görülməyən ən xırda hissəcikləri belə zərərsizləşdirmək üçün dezinfeksiya aparılmalıdır. Civənin dağıldığı yeri 0,2%-li manqan məhlulu və ya sabun-soda məhlulu ilə (1 litr suya 30 qram soda və 40 qram sabun) islatmaq lazımdır. Yaxşı olar ki, çirklənmiş sahənin yaxınlığındakı taxta və metal səthlər (xırda civə zərrəcikləri belə səthləri çox sevir) bu məhlullardan biri ilə silinsin. 1,5-2 gündən sonra dezinfeksiya məhlulunu təmiz su ilə yumaq olar. Bütün bu prosedurlardan sonra kiçik civə qəzasını ləğv edən şəxs zəhərlənmənin profilaktikası üçün çoxlu maye qəbul etməlidir. Belə ki, civə hissəcikləri orqanizmdən böyrəklər vasitəsilə ixrac olunur.
14 oktyabr 2013
GO BACK