Qadin.NET / Sahibsiz məktublar... (3 və 4)

Sahibsiz məktublar... (3 və 4)

"Dərsi Həyat Verir" kitabından bir parça 

 III

(Sən Yoxsan...)

Səhər 08:19-da oyanıram ağrıları hiss etməməkçün daldığım zaman keçidindən. Göz bəbəyim kimi yaxındır gerçəklər. Gözlərim açılır və mən inanmadığım kabuslarda boğuluram. 08:25-də əldə telefon, ruhum zəhərlənir, beynim silkələnir musiqi tonunda, fikirlərim kirlənir, burnum, gözlərim yanır, ağzı üstə uzanmış halda yaşlar hopur yastığa. Gedən gedir, sağ ol da demir. Ümidlər gedir, sən də getdin, ardında həyat eşqim oldu qırıq-qırıq, inamlarım getdi insanlar boş bir qutudur gözümdə. Düşün, düşün düşündükcə xatırla, xatırladıqca ağla, yox olsun sevinclərin, sevgiyə ümidlərin. Yalanı böyüdüb şipşirin qida etdim içimdə. Hər gün bir tikə yeyib keyidirəm duyğuları, məntiqimi də keyidir, ağlımı da. Geridə qalan sözlər gah güldürür məni, gah da öldürür məni. Sən, səni düşündükcə təzadlarda çarmıxa çəkilirəm. Sağımda doğrular, solumda xatirələr. Çətindir səninlə ikən sənsiz yaşamaq. Mənasız olduğunu bilə-bilə xəyal qurmaq, zərərli olduğunu bilərək qayıtmağını istəmək. Qayıtmağın nə mənası? Əllərin kirlidir, ürəyin də, duyğuların yalandır, mənəviyyatın riakar. Sən bir heçsən, mən bu heçlikdə itən bir kəs, mən bu heçliklə yaşıyan bədbəxt, mən bu heçliyi öz ümidlərimlə bəziyən kor rəssam. Sən ağ kağız tək boşsan. bomboş. Səninlə neyləmişəm mən? Çox–çox böyütmüşəm, çox. Artıq nə əlimə, nə ürəyimə, nə də xəyallarıma sığırsan. Gedirsən, uzaqlaşırsan addım-addım. Qaçsam da sənə çatmıram mən. Niyə addımların bu qədər böyükdür? Niyə bu qədər qəddarsan sən? Suallarım sən, cavablarım birtək yoxluğun, başqa heçnə bilmirəm. Sən isə yoxsan.. Yoxsan, ovuntum sadəcə mahnılar, təsəllim göz yaşlarım. Sən yoxsan xoşbəxtliyim köhnəlmiş xatirən, çiyinlərimi qucaqlayan yadımdakı sözlərin. Sən yoxsan gülüşlərim xəyalların. Yoxsan yoxluğunu əvəz edən yuxularım. Mənə həmdəm keçmişim, qənimim gələcəyim, sənsizliyim. Yol ilə gedərkən sağımda sən, solumda sən, əllərimdə əlin, mənə hərşeyi unutduran sən. Gecələr ikimizin xəyalı ilə bəzədiyim ulduzlu səma, qaranlıq yollar. Səninlə unutduğum çarəsizliyim. Sənsizlik kor quyum, itib batdığım düşüncələrim, bacarmadığım özüm. Sevinclərimin, kədərlərimin eyni nöqtəsi, çarəsizliyimin zirvəsi, əlacsız xəstəliyim. Sən! Sən! Sən! Yadlaşırıq get-gedə biz.. Uzaq ulduzlar tək uzaqlaşır ürəklərimiz. Yenə yumulur gözlər, islanır saçlarım, yenə qaranlıq fonda sən, mən və yelləncək... Gəl gedək.. İntihara hazırlaşan göz yaşlarım, tərk etməyin məni.. Kirlənməyin üzümün çarəsiz görünüşündən. Hər gün duyğularıma əsir düşüb neçə dəfə sizə əziyyət vermişəm mən? Dərdlərimi məndən qoparıb yox olan dostlarım, bəsdir daha getməyin! Göz qapaqlarım, yumulanda gecələr onun xəyalını gətirməyin mənə. Yuxularım, qaranlıq sükuta qərq olanda gələcəyin bir ümid qığılcımı tək onu göstərməyin! Yorğun beynim, sil xatirələri, sil film tək həkk etdiyin hər yaşananı. Ürəyim, sən onsuz da ölən hər şeyin qəbri olmusan içimdə. Onu da basdır bir ölü tək. Gözlərim, axtarma onu heç yerdə ey biçarə, qayıtmayacaq o bir daha..Aylar beləcə keçir. Mən düşüncələrimə qapanıb hələ də qalmışam keçmişdə. Sadəcə yaşamaqçün yeyən varlıqlar tək, mən də səni unutmamaqçün qəm yeyirəm hər gün, hər gecə. Saat yarıma yaxındır ki, yatağımda gah sağa ,gah üzü yuxarı, gah da sola çevrilirəm. Elə yorulmuşam ki, əsas da beynim, qeyri iradi gözlərim yumulur. Hər dəfə də tam yuxuya gedən an beynimdə şimşək çaxır bir sualdan. Suallar parça-parça qırılıb ağlıma düşürlər. Gözlərim yarı yuxulu vecsizcə olanları unudub yatmağa çalışıram. Bəlkə sayım? 1, 2, 3, 4, 5...10...20...30...120....140... O əlləri, qoxusu, gülüşləri, ilk gördüyüm an, tanışlığımız, sözləri, vədləri, ardından yalanları, pozulan andları, yoxluğu, qırılan ürəyim, məhv olan həyatım, ölən ümidlərim, intihara təşəbbüsüm...Dərin ah, boğazıma düyünlənən acı qəhər, içimə sıxdığım hıçqırıqlarım, üzümü yandıran göz yaşlarım...Dəyərdimi?

Dəyərsiz üçün dəyməzmiş heç nəyə. Və budur yuxusu qaçmış mən, alaqaranlıq otaqda güclə seçilən tavana zillənmiş gözlərim...

IV

(Əlvida) 

Günü-gündən köhnəlir xatirən. Mən hər gün baxa-baxa surətini soldururam gözlərimin aynasında. Mənə ən böyük hədiyyən-sevdiyin əllərimə qırılmış qürurumdan axan göz yaşlarımı sildirmək oldu. Bir ürəkdə iki can olanım. Tərk etdin..Yoxluğun çiyinlərimi qucaqladıqca, alnıma sıxdığım dizlərimi isladır göz yaşlarım. Bu tənhalığın önündə əbədi susdu sevgim. Sol tərəfimdə hər sən yadıma düşəndə bir inilti ucalır, sən, sən, sən. Artıq qəbul etmişəm bir də biz olmarıq səninlə mən. Bircə dəfə təkrar yuxumda görsəm səni, bircə dəfə yenə başımı sinənə sıxsam, ürəyinin üstünü yusam göz yaşımla, ayların toza qərq etdiyi həsrətini saniyə-saniyə silsəm içimdən...

Budur, Bakı, yeriyirəm yollarında. Boz küçələr min söz deyir danışmadan. Addımlar, fikirlər, boğazıma düyünlənən sözlər, suallar.. Səndən sonra bilmədim ki yaşıyıram, yoxsa ölüyəm. Nə biləydim ki, həyatımı ağ kağız tək bürüdüyüm sən bir vaxt ən böyük təəssüfümün imzası olacaqsan. Səndən çox özümü aldadan mən oldum, ən böyük yalanım da sən. Gülüşlərimin arxa səhnəsində gizlənirsən bir hönkürtü, bir fəryad tək. Elə tövbə elədin ki sevgimizə, yaşadığımdan utanıram nəfəs aldıqca. Yeriyirəm yeridikcə ruhumdakı qırıq qürurla, bağrımdakı pərişan ürəklə harayadək uzansın ömür səhnəm? Ömrümü, ürəyimi yandıran xatirələr əridir. Bir vaxt ikimizə aid olan dəyərli, indi səninçün sadəcə bir xəta, mənim üçün ömrə bədəl..Niyə tək səni düşünəndə nəfəsim ciyərlərimi yandırır aldıqca? Niyə mən ölmədim ki, bu gün sənsiz olduğumu təkrar gördüm? Sən qəmim, sən həsrətim, ürəyimdə doldura bilmədiyim boşluğum. Sözlərim, eşqim, ürəyimdə əlvida sözündən güllələnmiş məktubum..Sən göz yaşımdan dəryam, dənizim. Bir vaxt səni mənə hədiyyə edən həyat səni elə aldı ki əllərimdən büsbütün yetim qaldım sınıq ürəyim, qırıq qürurumla baş-başa...Qapqara bir dənizdir duyğularım. Bir məqsəd var içimdə o dənizdən yelkənsiz qayıq tək yavaş yavaş keçmişimdən uzaqlaşan. O keçmişdə sanki tək səni qoymuşam. Mən kor olmuşam, mənəviyyatım zəlil. Mən bu qədər məsafələri görməmişəm aramızda.. Hərdən qorxaraq baxıram geriyə, baxışların qayıt deyə şirin-şirin gülümsəyir ölüm kimi. Uzaqlaşırıq və mən hiss edirəm ki, gedərək köhnəlib yaddan çıxır xatirələr. Daha heç nə içimdə əvvəlki tək səni axtarmır. Deyəsən qınayıram artıq səni, həyatımdaki lazımsız yerini, ən böyük səhvimi, mənəviyyatımın zəhərini. Bu halda belə uzaqlığın, yadlaşmağın düşməndir mənə. Ölməyindən qorxuram, anlamıram ki, səninlə çoxdan səndən öncə ölmüşəm mən. Ölən vicdanım, mənəviyyatım kimi sevgimizə etdiyin tövbə ilə ölmüşəm mən! Bir il tamam olub təqvimdən xəbərim belə olmadan. Həmin günə toxunub il bir neçə gün öncə. Ürəyimi əzən o sözü eşitdiyim gündən dönüb zaman. Təkrar başdan ayağa cismim, ruhum ağrıdı yenə. İçimi həm donduran, həm yandıran o söz! Ürəyim yanarkən ümidlərimi, inamlarımı gözlərimdən zərrə-zərrə axıdıb məndən qoparan o söz, “sevmirəm” sözü! Köksümdə çırpınan ürəyim kimi yaxınım, bir saniyə ayrılığı düşünəndə canım çıxanım, yoxsan. Getdiyin yollar zaman adlı toza qərq olubmuş çoxdan. İçim sevgimin, sənsizliyin çırpıntisından qana qərq olub. Hər özümə qapananda boğulub batıram. Ürəyim sən adlı ümidlər qəbristanlığıdı xəbərin yoxdur. Olanların səhnəsində çıldırmış seyirçiyəm kor olmağı diləyən, kar olmaq istəyən. Nə fayda zaman axdı səni yudu apardı, təkcə həyatıma ləkə kimi çökən izin qaldı. İndi bir müqəvva tək bədənim var, bir də özündən sonra mənə cəllad qoyduğun xatirən. Unudulur deyirdilər, sevgi unudular, yarası əsla! Bu da son! Dünən son dəfə ağladım bizə. Artıq həqiqətən bitdiyini qəbul etdim. Gedişin adlı zəhəri mənə içirməyini anladım dünən. Həmişə tək olanda Sezen Aksuya qulaq asardım. Əlim göz yaşımı silməyə utanardı. Yastığım dostum olardı, hər gecə yanaqlarımla birgə islanardı. Qayıtsan göz yaşımla, bağrımın qanı ilə saldığım o izlərdən axtar məni. Qayıdacaqsan, amma gec olacaq. Nə bizi, nə də məni tapacaqsan. Bir gün yadına xəncər kimi düşəcəm. Bir gün aylarla məni həyatdan qoparan o sevginin fəryadı çalacaq qapını. Bir gün bir yetimin gözləri tək o sevgi sızladacaq ürəyini. Bir qəmli mahnıda göz yaşıyla dolan gözlərim, qəhərdən titrəyən səsim düşəcək yadına, vicdanın sığınmağa zərrəcə künc tapmayacaq həyatda. Bir gün-illər sonra bir gün, nəmli yay gecəsi taxtası islanmış yelləncəkdə yanında məni axtaracaq gözlərin. Bir gün dərdin dünya qədər olacaq mən yadına düşəndə. Bir gün ölümüm sənə elə bir sillə vuracaq ki, mənim aylarla çəkdiyim acını bircə anda çəkəcək mənəviyyatın. Bir gün göz qapaqların yarı açıq xəyalımı görəcək, gözlərin yarı yuxulu. Yuxuna gələcəm bir gecə ağ paltarda ,qan tər içində oyanıb əl uzadacaqsan, üz çevirib gedəcəm. Eşidəcəksən ki, ölmüşəm... Əlvida!!!

Sahibsiz məktublar... (3 və 4)
4 oktyabr 2013
GO BACK