Qadin.NET / Özünü və ətrafdakıları dəyərləndir

Özünü və ətrafdakıları dəyərləndir

Özünü və ətrafdakıları dəyərləndir
      Hər bir insan cəmiyyətin ayrılmaz hissəsidir. İnsan özünü və ətrafdakıları qiymətləndirməyi bacarmalıdır. İnsan fərd olaraq cəmiyyətin bir üzvüdür. Bu o deməkdir ki, insan cəmiyyətin qəbul edilmiş bütün qanunlarına və ümumi normalarına əməl etməlidir. Bunun üçün insan həm özünü, həm də başqalarını dəyərləndirməlidir. Bəs necə?

     İnsanın özünü dəyərləndirməsi dedikdə, ilk növbədə onun bir insan kimi,şəxsiyyət kimi cəmiyyətdə rolunu və vəzifəsini dərk etməsidir.

     Bunun üçün yaxşı olar ki, tez-tez "mən kiməm?" sualına cavab verə... O zaman insan daşıdığı funksiyanə daha yaxşı dərk edəcək...

     Belə bir deyim var ki, özünə qiymət verməyən insan heç kimə qiymət verməz... Deməli insan İlk növbədə özünə, sonra başqasına qiymət verməlidir. Bu xüsusiyyət başqalarının da qiymət verməsinə səbəb olacaq. Həyat mübarizə meydanıdır. Bunun üçün insan özünü cəmiyyətə qəbul etdirməyə çalışır. Sadəcə hər kəs müxtəlif üsullarla... Doğru, ya da yanlış... Özünə qiymət vermənin ən gözəl üsulu  insanın öz hərəkətlərinə tənqidi yanaşmasıdır... Nəyi düz, nəyi səhv etdiyini anlayır. İnsanın  öz hərəkətlərini təhlil etməsi  gələcəkdə bu səhv  hərəkətlərin təkrar olmaması deməkdir. Təsəvvür edin, cəmiyyətimiz necə gözəl olardı... Amma unutmayaq ki, insan özünə həddən artıq qiymət verəndə bu ona gətirib çıxaracaq ki, onlar heç kimi bəyənməyəcəklər... Belə adamlar eqoist və özünü bəyənmiş olurlar. Biz başlayırıq onları tənqid etməyə. Deməli özünübəyənmənin ifrat dərəcəsi də düzgün deyil. Əks təqdirdə gülüş obyektinə çevrilə, dostlarımızı itirə bilərik.

     Hər birimiz istər -istəməz insanların diqqət mərkəzində oluruq... Ətrafımızdakı insanlar bizə göz qoyur, hərəkətlərimizi müzakirə edib qiymət verirlər. Nə dərəcədə doğru olduğunu deyə bilmərəm, amma qaçılmaz bir fakt var ki, bizim cəmiyyət öz hərəkətlərini  cəmiyyətin fikrinə uyğun qurmaga alışıb. Nə deyərlər. Kaş ki, hamı "nə deyər" əvəzinə "necə olacaq" deyə fikirləşərdilər... Necə gözəl olardı...

     İnsan eyni zamanda ətrafındakı insanlara da qiymət verməyi bacarmalıdır... Dostluqda düzgün seçim etməlidir ki, sonradan peşman olmasın. Çünki insan ömrü boyu kiminləsə dostluq etməyə, yoldaşlıq qurmağa məcburdur... Bütün həyatı boyunca başqaları ilə ünsüyyət qurmağa, onlarla birlikdə yaşamağa məcburuq... Buna görə də, birgə yaşayış qaydalarına əməl etmək məcburi şərtdir.

Bəs ətrafdakıları necə qiymətləndirək...

     Biz hər gün müxtəlif insanlarla ünsiyyətdə oluruq. İşdə, dərsdə, yolda, avtobusda və s. Bu insanlarla münasibətimiz qısa müddətli olsa da, biz onlara qarşı kobud münasibət göstərməməliyik. Əgər kobudluq etsək ətrafdakı insanların qınağına tuş gəlirik... Hər gün görüşdüyümüz insanlar da var ki, onlar bizim doğmalarımız, şagirdlərimiz, iş yoldaşlarımızdır. Təbii ki, bunları yaxşı tanıyır, onların müsbət və mənfi cəhətlərini bilirik. Bu insanların hərəkətləri bizdə emosiya doğurur. Bəzən razı qalır, bəzən narazılıgımızı bildiririk.

     Ətrafdakılara qiymət verərkən onların bizə qarşı münasibətini, yaxınlıq dərəcəsini nəzərə almalıyıq. Məsələn, valideynlərini incidən,hörmətsizlik edən biri haqqında danışanda onu pis insan kimi qiymətləndirməyimiz bunun təzahürüdür. Yaxud, ətrafımızdakı insanların sədaqətinə, mehribançılıgına, səmimiyyətinə görə qiymət veririk. Ünsiyyət zamanı bunu nəzərə alırıq. Yaxşı olan o deyil ki, bizi tərifləsin. Yaxşı olan odur ki, səhvlərimizi bizə deyə bilir... Gələcəkdə bu səhvləri etməməyimizə səbəb verir. O zaman insan özünü tənqid edər və özündə düzgün xarakteri formalaşdırar.

Ona görə də cəmiyyətdə düzgün yaşamaq üçün cəmiyyətə dəyər vermək, onu qiymətləndirmək lazımdır. Cəmiyyətdən təcrid olunmaq ən böyük cəzadır. Hər bir insan cəmiyyətdə layiqli yer tutmaq üçün özünə və ətrafdakılara hörmətlə yanaşmalıdır. Həqiqəti sevməli, haqsızlığa və zorakılığa yox deməyi bacarmalıdır.

Müasir dünyamızda hamınıza həqiqət və ədalət uğrunda mübarizədə uğurlar arzulayıram. Uğurlarınız bol olsun!

21 may 2013
GO BACK