Qadin.NET / Zaman axıb gedir

Zaman axıb gedir

Zaman axıb gedir
Afrikada hər səhər bir ceyran yuxudan duranda yalnız bir şeyi düşünür: Ən sürətli qaçan aslandan daha da sürətli qaçmaq lazımdır. Yoxsa ona yem olacaq.

Hər səhər yuxudan ayılan aslan isə ən yavaş qaçan ceyrandan sürətli qaçmaq lazım olduğunu düşünür. Yoxsa aclıqdan öləcək.

İstər aslan olun, istərsə də ceyran olun, heç bir fərqi yoxdur. Əsas odur ki, günəş öz şəfəqlərini yaymağa başladığı andan etibarən  qaçmalı olduğunuzu bilin, həm də ki, dünənlə müqayisədə daha sürətli qaçmalı olduğunuzu bilin.

Həyat adlı bu qaçışı Afrika atalar sözü çox gözəl izah edir məncə. Bu həyatda hər ötən gündən daha sürətli qaçmaq lazımdır. Çünki əgər aslansınızsa və əgər ən zəif qaçan ceyranı dünən ovlamısınızsa,  artıq bilməlisiniz ki, bu gün ən zəif qaçan ceyran sizdən sürətlidir. Ona görə də dünənə nisbətən bu gün daha sürətli olmalısınız.

Yox əgər ceyransınızsa və hələ aslana yem olmamısınızsa  mütləq sürətinizi ötən günlərə nisbətdə artırmalısınız. Bu həyatda uğur əldə etməyin tək bir yolu var. O da dünənə nisbətən daha sürətli olmaqdır.

 

Zaman axıb gedir

 

Bu isə o deməkdir ki, zamanımızı boş yerə israf etməməli və onun qədrini bilməliyik. Ölümün bizi harda haqlayacağını, ölüm mələyinin başımızın üstünü nə zaman alacağını bilmirik. Amma ölüm bizi hər yerdə- hər küçədə, hər döngədə, hər tərəfdə gözləyir. Biz isə onu gözləmirik. Bütün dünya istəklərimizi planlaşdırırıq, ölümü isə siyahının ən sonuncu bəndinə yazırıq. Bəlkə də heç ölümə bənd ayırmayanlar da var. Nə qədər ki, əlimizdə imkan var axirət həyatımız üçün azuqə toplamalıyıq və imtahanda olduğumuzu unutmamalıyıq.

Bir ilin dəyərini öyrənmək üçün  əsgərə müraciət etməyimiz kifayət edər. Saatların dəyərini öyrənmək üçün isə ən yaxınının ağır əməliyyatının bitməsini gözləyən şəxslərdən soruşsaq, onlar bu saatların dəyərini çox gözəl izah edər. Bir dəqiqənin dəyərini bilmək üçün isə vacib bir görüşə gecikən və indicə minəcəyi qatarı qaçıran adam olmağımız kifayət edər. Saniyələrin qədrini bilmək üçün isə indicə baş vermiş qəzadan möcüzə nəticəsində xilas olan şəxsə baxmağımız bəsdir.

İş burasındadır ki, zamanımızın qədrini bilmək üçün o insanların yerinə olmamalıyıq. Əlimizdəkilərin qədrini onların başına bir şey gəlməmişdən əvvəl bilməliyik və tələsməliyik. Yaxşılıqlar etməyə, nailiyyətlər qazanmağa və ibadətlərimizə tələsməliyik.

Zaman axıb gedir. Onunla birlikdə bizim gücümüz də, cavanlığımız da gedir. 

İndi isə özünüzə fikir verin. Düşünün görək qonşunuzdan, qohumunuzdan, yoldaşlarınızdan yox, dünəninizdən daha sürətlisinizmi? Əlinizdəki zamanın qədrini bilirsinizmi?

2 may 2013
GO BACK