Qadin.NET / Hər şey su ilə başladı

Hər şey su ilə başladı

Hər şey su ilə başladı

Səs və rənglərdən məhrum olan bir uşaq... 

O, bütün dünya üçün insan beyninin necə böyük möcüzələr yaratdığının canlı nümunəsidir.

Helen Keller 1880-ci il iyun ayının 27-də dünyaya gəlmişdir. 1 yaş 7 aylıq olarkən xəstələnir. Bir neçə gün davam edən xəstəlik zamanı yüksək hərarəti olmuş və görmə, eşitmə və danışma bacarığını itirmişdir. Bu hadisə onu ətraf aləm ilə, dünya ilə əlaqəsini kəsir.

Hələ balaca olan bir uşağın danışıq qabiliyyətini itirməyi dəhşətli bir hadisə idi və bu, uşağın inkişafına böyük əngəllər törədirdi. O, sadəcə olaraq qırıq-qırıq səslər çıxara bilir və öz fikrini ifadə edə bilmirdi. Buna görə də tez-tez əsəbləşir, əlinə keçən qabları qırır və bütün əşyaları dağıdırdı. Çünki gücü yalnız buna çatırdı. O, otaqda onun yanında olan hər bir kəsin üzərinə hücum edir və hamını özündən uzaqlaşdırırdı.

Bir neçə həkim Helenin zehni xəstə olduğunu demiş və valideynlərinə təklif etmişdilər ki, onu həmişəlik ruhi xəstəxanalardan birinə yerləşdirsinlər. Ancaq valideynləri həkimlərin heç biriylə razı deyildi. Onlar düşünürdülər ki, qızları ruhi deyil, sadəcə olaraq fiziki xəstədir və bunun bir çarəsini tapmaq olar. 

Hər şey su ilə başladı
Helen 5 yaşından sonra digər insanlardan fərqli olduğunu anlamağa başladı. Düşünə bildiyi, hiss edə bildiyi halda görməmək, eşitməmək, danışa bilməmək onu dəli edirdi və bunu özünə çox böyük dərd edirdi. Hər tərəfinə hücum edir, əl-qol atır, qışqırır və ona yaxınlaşanları dişləyirdi.  

Günlərin birində o müəlliməsi sayəsində yenidən dünyaya gəldi.

Anna Sullivan Helenlə ünsiyyət qura bilmək üşün barmaqlarıyla onun əlinə yazı yazmağa başladı. O Helen üçün bir gəlincik gətirmişdi. Gəlinciyi onun bir əlinə verdi, digər əlinin içinə isə barmaqlarıyla “gəlincik” sözünü yazdı.

Helen müəlliminin barmaqlarını öz ovcunda hiss edir, onun yazdıqlarını duyur, ancaq müəlliməsinin əlinə yazdıqlarının mənasını başa düşmürdü.

Hər şey su ilə başladı
Bir gün müəllimi Helenin əlini axar suyun altına tutdu. Digər əlinin içinə isə “su” yazdı. Helen bir əlində hiss etdiyi sərin su ilə digər əlində müəlliminin yazdığı sözü bir-birilə əlaqələndirə bildi. Bu hadisədən sonra Helendə möhtəşəm bir inkişaf başladı. Bu balaca qızın qarşısında dünyanın açılmış böyük qapıları var idi və əminliklə bu qapıdan içəri girərək addımlamağa başladı. Müəllimindən əlinə keçən hər bir şeyi ona yazaraq öyrətməsini istəyirdi. O, artıq sözləri və digər yazılı mətnləri sürətlə və həvəslə öyrənirdi.

Helen Keller 1888-ci ildə Korlar İnstitutuna qəbul oldu. 1890-cı ildə danışmağı öyrəndi və 1894-cü ildə Nyu-Yorkdakı korlar məktəbinə daxil oldu. Redklif kollecində oxumağa başlayanda alman və latın dillərini gözəl bilirdi. Sonra isə fransız və rus dilini də öyrəndi. O, artıq idman edir, ata minir və kart oyunlarını da çox gözəl oynayırdı. O, qəbul olduğu universitetin pedaqogika fakültəsini 1904-cü ildə, 24 yaşında bitirdi. O, universiteti bitirən yeganə kar və kor məzun idi. Öz həyat mübarizəsini “Hər şey su ilə başladı” adlı kitabında geniş şəkildə qələmə aldı.

O, barmaq ucları ilə tanıdığı həyatı bizdən daha yaxşı anladı. Görmə və eşitmə qabiliyyəti olmamasına baxmayaraq, digər hissləri o qədər güclü idi ki, qarşısındakı insanın necə xarakterli olduğunu rahatlıqla başa düşür və onunla asan ünsiyyət qura bilirdi. Ondan gecə ilə gündüzü necə seçdiyini soruşanda “Gündüz hava və iylə daha yüngül olur” demişdi.

Mark Tvenin 19-cu əsrin iki böyük şəxslərindən biri olaraq təqdim etdiyi Keller 1968-ci ildə dünyasını dəyişib. Helen Keller bu dünyanı, həyatı barmaqlarının ucu ilə tanımışdı. Ancaq əminik ki, o bizdən qat-qat çox şeylər bilirdi.

17 aprel 2013
GO BACK