Qadin.NET / Milli mətbəximizi unuduruqmu?

Milli mətbəximizi unuduruqmu?


 

Bu günlərdə oxuduğum təhsil mərkəzindən belə bir iş düzəltməyim tələb olunurdu - “Culture of our national regions” (Milli bölgələrimizin mədəniyyəti). Mənə də şimal bölgəmizin ən səfalı yerlərindən olan Qəbələ rayonu düşmüşdü. Valideynlərimin Qəbələdən olması və mənim yaradacağım Power Point işinin Qəbələ olması məni bu işi görməyə daha da həvəsləndirdi. Yazımı maraqla yığmağa başladım, amma “Cuisine” (təam,yemək) bölməsinə çatanda həvəsim öldü. Səbəb o deyildi ki, hazırlamaqdan bezmişdim, xeyr, əsla… Səbəb o idi ki, netdə nə qədər axtardımsa, xarakterik yeməklər haqqında məlumat tapa bilmədim, hətta Ceylan xanımdan (Baş redaktor) kömək də istədim, o da tapa bilmədi və dedi ki, "Kaş ki, xanımlarımız bu yeməklərdən hazırlasaydılar".

Milli mətbəximizi unuduruqmu?

Bir az "Döşəməli aş" haqqında, bir az da "Düyü halvası" haqqında məlumatlar tapdım. Lakin "Dulğunlu aş" haqqında heç bir məlumata rast gəlmədim. Düzü, buna çox pis oldum, çünki bu təam şimal zonasının xarakterik yeməyidir… Gəlin, yeməklərimizə sahib çıxaq. Bacardığımız qədər, əlimizdən gəldiyi qədər internetdə yeməklərimizi tanıdaq. Göstərək ki, bu, bizim yeməklərimizdir, kimsədən oğurlamamışıq. Yoxsa bədnam qonşularımız “Sarı gəlin”imizi, tarımızı, kamanımızı, muğamımızı özəlləşdirmək istədikləri kimi, təamlarımızı da öz adlarına çıxarmağa çalışacaqlar… 

Əgər bölgələrimizə xas olan yeməklərimizin reseptləri lazım olsa, əlimdən gəldiyi qədər kömək etməyə hazıram.Ceylan xanımın sözlərinə qatılaraq mən də istəyirəm ki, məhz Qadin.Net saytı bu missiyanı üzərinə götürsün və milli təamlarımızı virtual məkanda yaysın. Kim regionlarımızın spesifik yeməklərinin reseptlərini bilirsə, bizimlə paylaşsın zəhmət olmasa... Unutmayın: bildiklərimizi paylaşmaqla uduzmuruq və ya heç nə itirmirik, biliklər paylaşdıqca çoxalır...Milli bölgələrimizin mədəniyyətini bütün dünyaya tanıdaq.

16 mart 2013
GO BACK