Qadin.NET / Pritçalar (2)

Pritçalar (2)

 

Pritçalar (2)

Ömür

Əgər  payızdan  ötüşə  bilsən , arxasınca  sərt  qiş  gələcək  ki , onun  yanından  da  itkisiz  keçmək  mümükün  olmayacaq.

Əvvəl  gəncliyini , sonra  məhəbbətini , lap  axırda  ümidlərini  itrəcəksən. Və  səninçin  əlvan  bahar  elə  solğunlaşacaq  ki, çoxdan  alışdığın  eynəyini  dəyişmək   barədə   fikirləşməli  olacaqsan.


2003

Cavab

Deyirlər , elə  bir  yer  var  ki, bircə  gün  yağış  yağmasa , quraqlıq  aləmi  başına  götürər. Sanki  burada  torpaq  aşsüzən  olmuşdur  və  yağan  yağışlar  bir  anda  süzülüb  göz  qabağında  yoxa  çıxır. Ancaq  həmin  sular  tamam  başqa  bir  yerdə  torpağın  səthinə  qalxır, coşğun  selə  dönüb  qarşısına  çıxan  hər  çeyi  yuyub  aparır. Təbiətin  qanunu  belədir : bir  yerdə  aldığını  başqa  bir  yerdə  mütləq  geri  qaytarır. Odur  ki  gözləmədiyin  yerdə  aldığın  cavaba  görə  gərək  təəccüblənməyəsən.


2003

Balıq

İrili-xırdalı  çay  daşları  geniş  bir  əraziyə  səpələnmişdi. Bəzilərinin  üzərində  ölü  quşların  cəmdəkələri  ağarırdı. Ətrafda  qırıq-qırıq  olmuş  torlar  görünürdü. Torlara  ilişmiş  admlar  əl-qol  atır , xilas  olmağa  çalışırdılar. Sanki  nəhəng  bir  dalğa  qəflətən  onların  üstündən  keçmişdi. Balıqsa  bütün  bunlara  laqeyd  halda  tamaşa  edirdi. O  o  qədər  nəhəng  idi  ki , çay   onun  içindən  axırdı.


2002

Top

Topu   atdılar. Gedib  çiçəkliyə  düşdü. Zərif  bir  çiçəyin  boynunu  qırdı. Otlar , çiçəklər  qorxudan  özlərini  itirdilər. Hərə  bir  tərəfə  sıxıldı. Çiçəkdən  çiçəyə  qonan  kəpənəklər , arılar  və  böcəklər  topu  danlamağa  başladılar. Top  çaşqın-çaşqın  onlara  baxır  və  nə  edəcəyini  bilmirdi. Dili  yox  idi  ki,  danışsın. Əli – ayağı  yox  idi  ki, durub  getsin. Axı  hamı  topu  günahkar  bilir, heç  kəs  onu  başa  düşmək  istəmirdi. Görünür , avamlar  üçün  günahkar  göz  qabağında  olandır.


1998

 



 

Pəncərə   haqqında

Binalara  baxanda  təəccüblənirəm : Harada  ki,  külək  əsir , orada  pəncərə  qoyurlar. Haradan  ki,  işıq  düşür , oraya  pəncərə  qoyurlar. Haradan  ki,  baxmaq  istəyirlər , oradan  pəncərə  qoyurlar. Və  ümumiyyətlə , harada  ki,  pəncərə  qoymaq  istəyirlər , orada  bina  tikirlər.


2002

 

Gənclik  haqqında

Əgər  sürəkli  öpüş  olubsa, deməli, dodaqlar  öpüşdən   qabaq  nəsə  pıçıldayb , yalan  danışıb. Əgər  bu  yalan  kimisə  inandırıbsa , deməli, arxasınca  aldanışları  çəkib  gətirib. Əgər  birinci  yalana  inandırmaq  üçün  bütün  yalanlar   deyilmiş , bütün  vasitələrdən  istifadə  olunmuşsa , deməli, yenidən  geriyə  qayıtmaq  lazım  gələcək. Onda  görəcəksən  ki, adamın  içində  keçən  gəncliyin  başını  əllərinin  arasına  alıb  və   asta-asta  yarpaqlarını  tökür.

2003

 

Bəxtiyar  Əliyar

(İcazəsiz  kopya  etmək  qadağandır!)

16 yanvar 2013
GO BACK