Qadin.NET / "Kədərimin məktubları" silsiləsindən...

"Kədərimin məktubları" silsiləsindən...

 Düşüncələrim pərişandır, paramparçadır... Bəzən o qədər gücsüz və zəif oluram ki, duyğularımın əsirinə çevrilirəm. Bacara bilmirəm hisslərimlə, məğlub oluram, yenilirəm  onlara...

Heç ağacdan düşən yarpaq üçün ağlayan adam görmüsünüzmü? Ağlamışam, hönkür-hönkür ağlamışam bəzən. Bir səbəb tapa bilməmişəm... Günahkarı payız bilib xəzəl üçün ağlamışam...

Dumana bürünən dağın halına ağlamısınızmı heç? Mənim cavabım: “O qədər...”  Əlimdən nə gəlir ki, qürurlu görünüb gizlində, için-için, hamıdan qaçaraq ağlamaqdan başqa?.. (Və bəzən ağladığımız bu səbəbsiz səbəbləri taleyimizlə, gördüklərimizlə bağlayırıq...)

Yenilmək yaman şeydir. Dizlərinin bağı çözülür. Acizləşirsən, qürurunu, kimliyini unudursan... Yox olursan... Sən sən olmaqdan çıxırsan... Ürəyinin qaranlıq bir küncünü dəli bir ağlamaq məskən edir özünə... Gözlərini ovuclarının arasında gizlədirsən. Hıçqırırsan... Hönkürürsən... Bir damla yaş da süzülmür yanaqlarından, amma  atəş almış ürəyinə gilə-gilə göz yaşını damcıladırsan... Səssizliyə bürünürsən... Ürəyinin qaranlıq küncünə çəkilərək “hiss”inə çevrilirsən... Hamının sənə münasibəti kimi...

Amma bir günəş doğur bu qaranlığa bəzən. Üzünə qapadığın barmaqlarının arasından bir işıq nuru axır ürəyinə. “Qaranlıq künc”ünə aydınlıq doğur... Təbəssüm yaranır kədər bürümüş üzündə. Və davam edirsən yenidən qaldığın yerdən həyata.  Anlayırsan... Anlamalı olursan... Sən həyatsan. Və həyata günəş də doğur, zülmət də çökür... Amma hökmən  yenidən günəş doğur...

 

("Kədərimin məktubları" silsiləsindən ilk yazım)

22 dekabr 2012
GO BACK