Makedoniyalı İsgəndər Hindistan yürüşü zamanı Hind racı Sabbanı ona qarşı qiyama təhrik edən 10 nəfər ən fəal himnosofisti əsir alır. Bu adamların öz qısa və dürüst cavabları ilə məşhur olduqlarını eşidib deyir: Hərənizə bir sual verəcəyəm, kimin cavabı düz olmazsa, hamınızı edam etdirəcəyəm. Sonra onlardan birini hakim seçərək suallara keçir:
1. Kimlər çoxdur-dirilər ya ölülər?
-Dirilər, çünki ölülər artıq yoxdur.
2. Ən iri heyvanlar torpaqdadır ya dənizdə?
-Dənizdədir, çünki torpaq dənizin bir hissəsidir.
3. Ən hiyləgər heyvan hansıdır?
-O heyvan ki, hələ indiyə qədər insan onu tanımır.
4. Nəyə görə Sabbanı xəyanətə təhrik edirdin?
-İstəyirdim ki, ya gözəl yaşasın, ya da gözəl ölsün.
5. Gündüz əvvəl olub, ya gecə?
-Gündüz bir gün əvvəl olub. -sonra da əlavə edir: Müəmmalı sualın müəmmalı da cavabı olur.
6. İnsan özünü necə aparmalıdır ki, hamı onu sevsin?
-Ən böyük məhəbbətə o kəs layiqdir ki, hamıdan qüdrətli olsa da heç kimə qorxulu deyil.
7. İnsan necə Allaha çevrilə bilər?
-İnsan o vaxt Allaha çevrilə bilər ki, insan üçün qeyri-mümkün olan bir şey etsin.
8. Nə güclüdür-həyat yoxsa ölüm?
-Həyat! Çünki o bu qədər məşəqqətlərə dözür.
9. İnsan nə vaxtadək yaşamalıdır?
-O vaxtacan ki, hələ ölməyin yaşamaqdan daha yaxşı olduğu qənaətinə gəlməyib.
Beləliklə, Makedoniyalı İsgəndər bütün cavabları dinləyib axırıncı müdrikə hökm çıxarmağı əmr edir. Müdrik deyir:- Biri o birisindən pis cavab verirdi. İsgəndər daha deməyə söz tapmayıb müdrikləri azad edib zəngin hədiyyələrlə yola salır.
Rəvayətə görə Makedoniyalı İsgəndər gəncliyinin ilkin çağlarında gözəl bir geteranın güclü təsiri altına düşür. İsgəndərin müəllimi Aristotel bunun dövlət üçün nə qədər böyük ziyan vuracağını görüb, Fellidadan İsgəndəri rahat buraxmasını xahiş edir. Fellida razı olur, lakin şərt qoyur ki, Aristotel onu dalına alıb otağı gəzdirməlidir. Aristotel problemin başqa həllini görmədiyindən "at" olmağa razılaşır....Atçapmanın şirin yerində otağa İsgəndər daxil olur və sevgilisinin məşhur filosofu mindiyini görüb təəccüblənir. Aristotel pərt olsa da fürsətdən məharətlə istifadə edir: Bax görürsən, əgər o, mənim kimi qoca kişini minib at kimi çapırsa, gör sənin başına nə oyun açacaq. Bununla da İsgəndərlə Fellidanın əlaqəsinə son qoyulur.
Makedoniyalı İsgəndər öz qoşunu ilə Daranın üzərinə yürüyəndə Dara İsgəndəri qorxutmaq üçün ona yazır: Bil ki, Dara tək deyil, biz-yetmiş min nəfərik. Makedoniyalı İsgəndər ona cavab göndərir: Sən də bil ki, qoyunların çoxluğu qəssabı qorxutmur.