Nyukasl Universitetinin keçirdiyi sorğunun nəticələrinə görə, Britaniyalı kişilərin əksəriyyətinin fikrincə, qadın bütöv iş gününü çalışsa belə, onun yeri mətbəxdir. Sosioloji tədqiqatda 30-40 yaşlarında təxminən 200 kişi və qadın iştirak edib.
Onların 75 faizi təsdiq edib ki, ailədə xörək bişirmək və bazarlıq qadınların boynundadır. Qeyd edilir ki, son illər Britaniyada kulinariyaya aid verilişlərə maraq artıb. Bu verilişlərin əksəriyyətinin aparıcısı kişilərdir. Ancaq ailə üçün xörək hazırlamağa gələndə, bu vəzifə, yenə də qadınların öhdəsinə düşür.
Kişilər isə bu işlə yalnız aşpazlıq qabiliyyətlərini nümayiş etdirmək və ya yaradıcılıq həvəsini söndürmək üçün məşğul olurlar. “Nə üçün ailənin bütün yükünü qadınlar öz zərif çiyinlərində daşıyırlar?” - sualına kişilər müxtəlif cür cavab veriblər. Bəziləri qadınların boş vaxtının çox olmasını, digərləri onların, kişilərdən fərqli olaraq, daha faydalı məhsullardan istifadə etdiklərini bəhanə gətiriblər. Qadınlar isə kişilərdən tez bazarlıq etdiklərini söyləyiblər. Demə, bazar-dükanda kişilərin diqqətini daha çox lazımsız, ancaq parlaq əşyalar cəlb edir. Tədqiqatın rəhbəri doktor Ameliya Leyk deyib: “Son onilliklərdə qadınlar əsil bərabərliyə doğru uğurla addımlayırlar. Ona görə də cavan yaş qrupundan olan qadınların ailədəki mövqeləri ilə bağlı ənənəvi baxışlara sadiq qalması bizi təəccübləndirdi”.