Qadin.NET / "Deyirlər məhəbbət xariqələr yaradır..."

"Deyirlər məhəbbət xariqələr yaradır..."

         "Deyirlər məhəbbət xariqələr yaradır, nə bilim, bəlkə də belədir"

       Məşhur "Görüş" filmindən xalq artisti Münəvvər Kələntərliyə aiddir bu sözlər. Düz bir əsr bundan əvvəl 1912 -ci ildə Azərbaycanın səfalı yeri olan Lənkəranda dunyaya göz açıb Münəvvər xanım. İncəsənətə dərin marağı onu on yeddi yaşından Bakıya gəlməyə vadar edib. 1933 - cü ildən səhnə fəaliyyətinə başlayıb. Onun məlahətli səsi, gözəl boğazlar etməsi ilk iş yerinin Opera Teatrından keçməsinə səbəb olub. O illərdə radio dalğalarından Münəvvər xanımın səsi tez-tez eşidilərdi. Qardaşı ilə birgə oxudugu xalq mahnıları və muğamlar hər bir dinləyicini heyran edirdi. 

    Xüsusi istedadı onu teatr və kino səhnəsinə gətirdi. Musiqili Komediya Teatrında ilk addımlarını atdıqdan sonra, filmlərə dəvət alan Münəvvər Kələntərli dövrünün tanınmış simasına çevrildi. 

 

       Bir çox filimlərdə rol alan Münəvvər xanım yaratdığı obrazlarla yadda qaldı. "Görüş", "Qızmar günəş altında", "Bəxtiyar", "Arşın mal alan" filmləri aktrisanı daha da sevdirdi. 

      Onun yüksək təşkilatçılıq qabiliyyəti "Vətən" kinoteatrının direktor müavini vəzifəsində işləməsinə kömək oldu. 

   Nə yazıq ki, Münəvvər xanımın ailə həyatı uğursuz alındı. Həyat yoldaşı Qusar rayonundan olduğu üçün Münəvvər xanım da rayonda yaşamalı idi. Lakin sənətinə olan sevgi və hörmət Münəvvər xanımın yoldaşından ayrılmasına səbəb oldu. Dostcasına olan bu ayrılıq nə qədər olsa da Münəvvər xanıma böyük yük oldu. Maddi yardımını əsirgəməsə də bir tək övladı olan qızını böyütməyin yükü Münəvvər xanıma düşdü.   

    1946-cı ildə "Dövlət mükafatı" laureatı, 1959-cu ildə isə "Əməkdar artist" adına layiq görülən Münəvvər Kələntərli çox uzun ömür yaşaya bilmədi. Bu cür gözəl aktrisa, gözəl insan, mehriban ana olan Münəvvər Kələntərli çox erkən dünyasını dəyişdi. 1963-cü il 5 fevral Azərbaycan incəsənətində böyük itki ilə yadda qaldı. Ən ürək dağlayanı isə budur ki, yeganə qız övladı Validə xanım da anası kimi 50 yaşında dünyadan köç etdi. Allah hər ikisinə rəhmət eləsin!

     Dövrünün məşhur aktrisası olsa da bu gün gənc nəsil bəlkə də Münəvvər Kələntərli yaradıcılığından xəbərsizdir. Azərbaycan incəsənəti üçün layiqincə xidmət göstərən bu kimi sənətkarları yada salıb, xatırlamaq, övladlarımıza tanıtmaq biz valideynlərin borcudur.

     Hər bir valideyndən xahişim bu yazını övladı üçün də oxumasıdır!

1 avqust 2012
GO BACK