Gecənin qorxulu simaları qadınlardı.
Üzü-gözü boyalı, amansız həyatının abırsız gülüşlərini dodaqlarında gəzdirən ucuz qadın. Həyatın girdabında çirklərlə əlləşən, caynaqları boyalı, yanaqları kirşan qadın. Sən boyadanmı yarandın?
Rənglə saçlarını, dəyiş üz-gözünü. Bir günlük dünyada ucuz tut özünü. Qoy həsəd aparmasınlar, həsrətində olmasınlar. Hər gün oyat özünü yad kişinin çiynindən. Nə gəlinlik gey, nə sev, nə sevil. Məhəllənin tinindəki köşkdəki dayıdan siqaret almaq kimi asan olsun hər kişiyə səni almaq. Ucuz ol, ucuz.
Arzun da ucuzlaşsın, özün kimi. Oyuncaq ol insanlara. Bir müddət işlədilən, sonra atılan gəlincik kimi. Gözlə səni atmalarını.
Ol həyatın qadını. Qoy dar küçələr qucaqlasın belini. Soyuq divarlar oxşasın saçını. Şeh də yağdırsın üzünə hər səhər dan yeri.
Oyan, ya da oyanma. Gülərək sus həyatın abırsız simalarına. Sən də abırsızlaş, lap yeri gəlsə alçal da. Yarasa ol. Ax gecənin qaranlıqlarında sərxoş olmuş küçələrə. Süzülüb badələrə dünyanı məst edən şampan kimi.
Unut adını, özünü. Sən bir dilənçisən, sevgi dilənçisi, namus dilənçisi, pul dilənçisi...