Qədim Yunanıstan və Roma
Fales (e. ə. 625 - 547 )
Qədim Yunanıstnın 7 müdrikindən sonuncusu Falesdir. Fales e.ə. 625- ci ildə Milet şəhərində əsil- nəcabətli ailədə doğulub. Uzaqgörənliyi nəticəsində çoxlu sərvət qazanmış və azad , sərbəst ömür sürmüşdür. 78 yaşında idman yarışlarına tamaşa edərkən ölmüşdür. Rəvayətə görə vətənində günəş tutulmasını qabaqcadan ilk dəfə o xəbər vermiş, Misir piramidalarının hündürlüyünü ilk dəfə o ölçmüşdür.
Aforizmləri:
Fales deyəndə ki, həyatla ölümün heç bir fərqi yoxdur, eşidənlərdən biri soruşur:
- Bəs onda niyə ölmürsən?
- Çünki fərqi yoxdur.
- Ən güclü şey nədir?
- Zərurət.
- Hamı üçün ümumi olan nədir?
- Ümid.
- Ən çətin şey nədir?
- Öz-özünü dərk etmək.
- Ən asan şey nədir?
- Başqasına məsləhət vermək.
- Bədbəxtliyi nə vaxt yüngül keçirmək olar?
- Düşmənini daha pis vəziyyətdə görəndə.
Pifaqor (e. ə. 580 – 500)
Pifaqor Samos adasında anadan olmuşdur. Onun atası Mnesarx daşyonan olub. Rəvayətə görə gəncliyində Pifaqor da bu sənətin mahir ustası imiş. Bilik öyrənmək üçün o, 22 yaşında vətənini tərk edib Misirə yola düşür. Uzun illərdən sonar İtaliyaya köçür. Qalan ömrünü burada keçirir .“Pifaqor Ittifaqı “ yaradır. Buranın 300 nəfər üzvü olub. İlk dəfə o pul kəsdirmişdir, ölçü və tərəzini o tətbiq etmişdir.
Pifaqorun məsləhətləri:
Alovu bıçaqla kəsmə, tərəzi üstən atılma, kimə gəldi əl vermə, çörəyi sındırma və s.
Aforizmləri:
Yoxsulun həyatı sahilə yaxın üzən gəmidir, varlınınkı isə dənizin ortasında. Birinci sahilə asan yan ala bilər, ikinci isə çətin.
Həyat meydandır, kimi yarışmağa gəlir, kimi al-verə. Amma ən xoşbəxti tamaşaya gələnlərdir.
Pifaqordan soruşurlar:
- Oğlum olsa necə tərbiyə edim?
- Ədalət olan ölkədə doğulsa, bəsdir.
Pifaqorun iki məhşur fikri fəlsəfə tarixində dərin iz buraxıb. Bunlardan biri ruhun bir canlıdan digərinə keçməsi, ikincisi isə hadisələrin və talelərin dönə-dönə təkrarı, dövranı haqqında mülahizələrdir.
Pifaqorun fikrincə ruh ölməzdir, dünyada baş verən bütün hadisələr müəyyən fasilədən sonra yenidən təkrar olunur. Ümumiyyətlə , təzə heç nə baş vermir.
Sokrat (e. ə. 469 – 399)
Qədim Yunan filosofu. Zahiri cəhətcə çox görkəmsiz adam olub. Ömrü boyu ailəsi ilə ən yoxsul həyat sürmüşdür. Spartaya qarşı döyüşlərdə iştirak etmişdir. Qocalıqda dinsizliklə ittiham olunub ölümə məhkum edilmişdir. O, insanda 4 xüsusiyyət tələb edirdi: müdriklik, cəsurluq, xeyirxahlıq, ədalət.
Sokratın dediklərindən:
Birisi Sokrata müraciət edir:
- Evlənmək istəyirəm, nə məsləhət görürüsən?
- Özün bil. Çünki, hər ikisində səni peşmançılıq gözləyir.
Sokratdan soruşurlar:
- Yemək üçün hansı vaxt münasibdir?
- Yeməyin varsa , acanda , yoxsa, tapanda.
Bircə onu bilirəm ki, heç nə bilmirəm.
Sokrata deyirlər:
- Bir nəfər sənin haqqında pis danışırdı.
- Çünki, ona yaxşı danışmağı öyrətməyiblər.
Demokrit (e. ə. 460 – 350)
O, Abder şəhərində doğulub. Gənc yaşlarında səyahətə çıxan Demokrit bir çox ölkələri gəzmiş, bütün dünya elmlərini dərindən öyrənmişdir. O, 90 ildən çox yaşamışdır. Demokritə görə dünya sonsuzdur. Hər şey yaranır və məhv olur. Ən mənalı və gözəl həyat dinclikdədir.
Fikirlərindən:
Xeyir onu axtarana çox həvəssiz yaxın gəlir, şər isə həmişə ondan qaçana rast gəlir.
Xoşbəxt var- dövləti olan deyil, dövlətə ehtiyacı olmayandır.
Qohumların düşmənliyi yadların düşmənliyindən çox-çox dərin olur.
Mərdlik bədbəxtliyi azaldır.
Axmaqları söz yox, bədbəxtlik ağıllandırır.
Platon ( e. ə. 428 – 347)
Antik dünyanın ən böyük filosofu. Əsl adı Aristokldur. Gəncliyində rəssamlıqla məşğul olub. Saysız hesabsız şagirdlərindən ən məhşuru Aristoteldir. Əsərlərinin çoxunu dialoqlar şəklində yazıb.
Aforizmləri:
Dünyada ən dadlı şey – həqiqəti söyləməkdir.
Platondan soruşurlar:
- Bədbəxtlik üz vermiş adam nə ilə təsəlli tapa bilər?
- Ağıllı adam baş vermiş hadisənin labüdlüyünü anlayıb təsəlli tapır, ağılsız isə bədbəxtliyin başqalarının da başına gəlməsini düşünüb təsəlli tapır.
Diogen ( e. ə. 404 – 323)
Qədim Yunan müdriki.Heç bir yurd – yuvası olmuyub. Rəvayətə görə çəlləyin içində yaşayıb. Su içmək üçün bircə qabı varmış. Diogenə görə xoşbəxtliyin açarı az şeyə - nəyin varsa, ona qane olmaqdadır.
Diogenin aforizm və atmacaları:
Bir dəfə çirkli bir hamamın sahibinə Diogen belə deyir:
- Sizdə çiməndən sonra harda yuyunmaq olar?
Diogendən soruşurlar:
- Nə vaxt evlənmək lazımdır?
- Cavan vaxtı hələ tezdir, qocalanda da gecdir.
Döyüş vaxtı zərbə hara dəysə yaxşıdır? – sualına Diogen : - Qalxana, - cavabını vermişdir.
Bir nəfər ox atanın pis nişan aldığını görüb Diogen gedib nişangahda dayanır.
- Niyə belə edirsən? – deyənlərə, - Qorxuram kənarda məni vursun – deyir.