Ölüm cismani cahandan və maddi aləmdən Bərzəx aləminə keçməkdir. (“Məad” Ustad Mütəhhəri)
Qəbzi-ruh etmək üçün ölüm anında Əzrailin iştirak etməsi qəti məsələ deyil. Əksinə, Quranın zahiri ilə ziddiyyət təşkil edir. Çünki Quranda dörd dəstə ayə vardır ki, ölümə işarə etmişdir.
Birinci dəstə ayələr ölümü birbaşa olaraq Allaha nisbət verir: “Allah ölənlərin canını ölüm anında ikən alır”. (“Zumər”, 42)
İkinci dəstə ayələr ölümü Əzrailə – Mələkülmövtə (yəni Ölüm Mələyinə) nisbət verir: “De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq”. (“Səcdə”, 11)
Üçüncü dəstə ayələr ölümü ilahi elçilərə nisbət verir: “Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını alırlar və heç bir səhvə yol vermirlər”. (“Ənam”, 61)
Dördüncü dəstə ayələr isə ölümü ilahi mələklərə nisbət verir. “Nəhl” surəsi, 28 və 32-ci, “Nisa” surəsi 97-ci ayələrə müraciət edə bilərsiniz.
Nisbət verilməyin fərqli olmasının dəlili budur ki, ölümün vəziyyəti və səbəbləri müxtəlifdir. Mələklər (yaxud ilahi elçilər) ölümün daha yaxın illət və səbəbidir. Belə ki, onlar Mələkülmövt tərəfindən məmurdurlar. Əzrail isə onların fövqündədir və onlara tapşırıqlar verir. O da birbaşa olaraq Allahdan tapşırıq alır və özü mələklərə tapşırıq verir. Xülasə odur ki, əsl tapşırıq verən Allahdır, Əzrail tapşrığı yerinə yetirən, mələkləri isə işin icraçısıdırlar.
Hazırladı: Fərid Abdullah