İmam Əli (ə) bir gecədə min rəkət namaz qılıbmı? Məgər bunu etmək mümkündürmü?
Bir neçə rəvayət mövcuddur ki, İmam Əli və sair imamlar bir sutka ərzində min rəkət namaz qılmışlar. (Hürr Amili, “Vəsailüş-Şiə”, c.4, s.97-100, 4612-dən 4620-ci hədislərə qədər).
1. Təqribən bütün bu rəvayətlər gecə-gündüzə, yəni 24 saata işarə edir. Təkcə bir gecəyə yox. Yəni 12 saat və əgər rəvayətlətdə təkcə gecə zikr olunmuş olsa belə, ərəb ədəbiyyatı əsasında onu bir sutka kimi təfsir etmək mümkündür.
2. Heç bir rəvayətdə gəlməmişdir ki, imamlar bütün ömürləri boyu belə bir ibadətlə məşğul olmuşlar. Əksinə, onlardan bəzilərində açıqlanmışdır ki, o cənablar həyatlarının bir qismində sutka ərzində min rəkət namaz qılmışlar. (Həmin, h. 4612. Bu rəvayətdən də nəticə əldə etmək olur ki, gün, yaxud gecəni sutka kimi təfsir etmək səhihdir)
3. Bilirik ki, müstəhəb namazlarda “Fatihə” surəsini oxumaq bəs edir və ondan sonra surə oxumaq lazım deyil. Buna görə də bir iki rəkətli namazı 70 saniyə ərzində qılmaq mümkündür. Nəticədə min rəkət namaz qılmaq üçün on saatdan az vaxt sərf etmək lazım gələcəkdir. Bu dəlilə əsasən, hətta bir gecədə belə, min rəkət namaz qılmaq mümkünsüz deyil. Baxmayaraq ki, işarə olunduğu kimi, əksər rəvayətlər belə bir namazın sutka ərzində qılındığına işarə edir.
Deyilənə görə, Əllamə Əmini bu şübhəni sübut etmək üçün İmam Rzanın hərəmində min rəkət namaz qılmışdır.
Hazırladı: Fərid Abdullah